525.Az

“AKP ilə MHP-nin koalisiya hökuməti qurmaq ehtimalı daha böyükdür”


 

“AKP ilə MHP-nin koalisiya hökuməti qurmaq ehtimalı daha böyükdür”<b style="color:red"></b>

Türkiyədə iyunun 7-də keçirilən parlament seçkilərində qazanılan deputat mandatı  hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yenidən təkbaşına hökumət formalaşdırmaq şansından məhrum etdi.  Bu səbəbdən 10 faizlik həddi keçən Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyası da, belə demək mümkünsə, yeni hökumət formalaşdırılmasına ortaq olublar. Seçki başa çatandan sonra qurulacaq koalisiya hökumətində təmsil olunacaq partiyalarla bağlı müxtəlif iddialar, mümkün ehtimallar, hətta koalisiya hökuməti qurulması mümkün olmayacağı təqdirdə təkrar seçkilərin keçirilməsinin gündəmə gələcəyi də söylənilir.

Politoloq Qabil Hüseynli Türkiyədə bundan sonra cərəyan edə biləcək proseslərlə bağlı proqnozlarını Modern.az saytı ilə bölüşüb.

Onun sözlərinə görə, hazırda Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında ciddi danışıqlar gedir:
 
“Bu iki partiya arasında koalisiya hökuməti qurulması ehtimalı daha böyükdür. Çünki Cümhuriyyət Xalq Partiyası (CHP) MHP başqanı Dövlət Baxçəliyə baş nazir olmaq şərti ilə AKP-nı kənarda qoymaqla hökumət qurmağı təklif etdi. Ancaq Dövlət Baxçəli buna razı olmadı. Üstəlik, MHP başqanı Xalqların Demokratik Partiyasını hakimiyyətə buraxmamaq fikrində idi.

Bütün bunları nəzərə alaraq demək olar ki, MHP ilə AKP arasında sazişin alına bilmə ehtimalı daha böyükdür. Hətta mətbuatda AKP-nin MHP-yə 8 nazir postu verə biləcəyi haqda fikirlər də yayılıb.

Ümumiyyətlə, ictimai rəy sorğuları da onu göstərir ki, əhali AKP ilə MHP birliyini Türkiyənin hazırkı durumundan çıxmaq üçün ən yaxşı yol hesab edirlər. Hesab edirəm ki, AKP ilə MHP arasında saziş alınacaq. Yəni hökumət bu iki partiya arasında formalaşacaq”.

Siyasi ekspert  hesab edir ki, CHP də AKP ilə birgə hökumət qurmağa çalışacaq:

“Ancaq artıq iş işdən keçib, çünki CHP hökumət qurmaq üçün 14 prinsip irəli sürmüşdü. Görünür, bu, AKP-yə çox ağır gəlib. Həm də AKP ilə CHP arasında münasibətlərdə əvvəldən gərginlik var idi. Digər tərəfdən, AKP ilə MHP-nin ideoloji dəyərləri daha çox bir-birinə yaxındır”.

 





23.06.2015    çap et  çap et