525.Az

İkinci Dünya müharibəsindən bu yana ən çox jurnalist bu il öldürülüb


 

İkinci Dünya müharibəsindən bu yana ən çox jurnalist bu il öldürülüb<b style="color:red"></b>

Bu ilin əvvəlindən dünyada 139 jurnalist öldürülüb ki, bu da statistikanın aparıldığı İkinci Dünya müharibəsindən bu yana ən rekord göstəricidir.

APA-nın xəbərinə görə, bu barədə BMT yanında məşvərətçi statuslu qeyri-hökumət təşkilatı olan «Press Emblem Campaign» məlumat yayıb.
 
Təşkilatın baş katibi Blez Lepman bildirib ki, 2012-ci ildə həlak olan jurnalistlərin sayı ötən ilki göstəricidən 3 dəfə çoxdur: “Bu il mətbuat üçün ən dəhşətli il hesab olunur və bu rəqəmin bu qədər çox olmasına səbəb Suriyadakı hadisələrdir”.
 
İlin əvvəlindən Suriyada 36 jurnalist öldürülüb ki, onlardan da 13-ü xarici KİV üçün çalışıb. Ardınca jurnalistlər üçün ən təhlükəli yerlər olan Somali (19) və Pakistandır (12). Daha sonra bu siyahını Meksika və Braziliya (hər birində 11 nəfər), Honduras və Filippin (hər birində 6 nəfər), Banqladeş (4), İraq, Eritreya, Hindistan, Qəzza sektoru (hər birində 3 nəfər), Əfqanıstan, Boliviya və Kolumbiya ilə (hər birində iki nəfər) davam etdirilib. Bəhreyn, Haiti, Misir, İndoneziya, Kamboca, Nepal, Panama, Rusiya, Tanzaniya, Tailand, Uqanda, Ekvador və Cənubi Sudanda bir jurnalist öldürülüb.
 
Jurnalistlər üçün ən təhlükəli region Yaxın Şərq olub. İlin əvvəlindən burada 44 jurnalist qətlə yetirilib. Digər regionlara gəlincə, Latın Amerikasında 35, Asiyada 31, Afrikada 28, Avropada isə 1 jurnalist öldürülüb.

 





17.12.2012    çap et  çap et