525.Az

Rustavidə iftar süfrəsi təşkil olunub


 

Rustavidə iftar süfrəsi təşkil olunub<b style="color:red"></b> Dünən Gürcüstanın Rustavi şəhərində Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil olunub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir “Quran” ayələrinin oxunması ilə başlanıb. Tədbirdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstanın qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sozar Subari,  Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri (GMİ), şeyx Ramin İgidov,  GMİ-nin müftiləri Hacı Beglar Kamaşidze və Hacı Yasin Əliyev çıxış edərək ölkə və dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik ediblər. Çıxışlarda müqəddəs Ramazan ayının insanlara sülh və əmin-amanlıq bəxş etdiyi və hər il Gürcüstanda Ramazan ayı münasibətilə tədbirlər təşkil olunduğu bildirilib.
 
Tədbirdə çıxış edən nazir Sozar Subari son vaxtlar Tiflisdə baş verən təbii fəlakət barədə məlumat verərək, fəlakətin fəsadlarının aradan qaldırılmasına ilk kömək təklifini  öncə Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlılardan aldıqlarını bildirib. O, müqəddəs Ramazan bayramı münasibətilə Gürcüstanda yaşayan bütün müsəlmanları təbrik edib, onlara əmin-amanlıq və sülh arzulayıb.
 
İftar süfrəsində Acarıstandan, Tiflisdən, Marneuli, Qardabani, Bolnisi və Dmanisidən gələn 350 nəfərdən çox müsəlman, həmçinin dövlət və diplomatik korpus nümayəndələri, Gürcüstanın  baş nazirin köməkçisi Savalan Mirzəyev, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili və digər rəsmi nümayəndələr iştirak ediblər.
 
Məclisdə dini mahnılar səsləndirilib.
 





24.06.2015    çap et  çap et