525.Az

Bakının qətiyyəti İrəvanı bitirir


 

Bakının qətiyyəti İrəvanı bitirir<b style="color:red"></b>

ERMƏNİSTANIN TALEYİ AZƏRBAYCANIN ƏLİNDƏDİR

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ermənistan Dağlıq Qarabağın işğalına son qoymasa iqtisadi böhrandan çıxa bilməyəcək. Ona görə ki, işğalçı dövlətin taleyi regionun aparıcı dövləti - Azərbaycanın əlindədir. Qərb dövlətləri və ABŞ-ın haqsız təzyiqlərinə rəğmən rəsmi Bakı işğal siyasətinə görə, Ermənistanı həyata keçirdiyi bütün transmilli və regional layihələrdən təcrid edib. Biz buna "Bakı-Tbilisi-Ceyhan" neft, "Bakı-Tbilisi-Ərzurum" qaz boru kəməri, "Bakı-Tbilisi-Qars" nəqliyyat dəhlizi işlənən, hazırda Avropanın enerji təhlükəsizliyi baxımından alternativ variant olan "TAP" və "TANAP" layihələri həyata keçirilən zaman da şahid olduq. Halbuki, birinci növbədə beynəlxalq ədalət kodekslərini ortaya atan, özlərini "demokratiya qurucuları" hesab edən Avropa dövlətləri və ABŞ işğalçı ölkəyə qarşı qətiyyətli mövqe ortaya qoymalı idi. Lakin 20 ildən artıqdır biz bunun əksini müşahidə edirik. Xarici dairələr ermənipərəst mövqe nümayiş etdirərək, regionda haqq-ədalətin bərqərar olmasını istəmədiklərini nümayiş etdirirlər. Onlar nəinki Ermənistana, hətta separatçı Dağlıq Qarabağ rejiminə də maddi və humanitar yardımlar göstərərək işğal siyasətinin davam etməsinə şərait yaradırlar. Əslində burada təəccüblü heç nə yoxdur. Çünki Avropanın tarixinə nəzər salsaq, yenə həmin siyasət, dəsti-xətt və mövqenin şahidi olarıq. Tarixində qara ləkələr kifayət qədər olan avropalılar hər zaman dünyanı qarşıdurma, toqquşma məkanına çevirməkdə maraqlı olublar. Yəqin ki, elə buna görə də 15-16-cı əsrlərdə yaşamış italyan filosofu, yazıçı və siyasi xadim Nikkolo Makiavelli deyib ki, öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyir. O hesab edirdi ki, cəhənnəmdə papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilər. Siyasətin əsasında ədalət və əxlaq dayanır" fikrini təkzib edən Makiavelli bununla Qərbin dini və siyasi qüvvələrinin gizlətməyə çalışdığı iç üzünü açıb. Məhz bu gün də Qərb və ABŞ-ın siyasi dairələri sələflərinin onlara miras qoyduğu "ənənələrə" sadiqlik nümayiş etdirirlər. Hələ də avropalılar düşünürlər ki, müharibələr, iğtişaşlar yaradaraq zor gücünə dünyanı idarə edə bilərlər. Bu məqsədlə müsəlman dövlətlərində insan hüquqlarının pozulması kimi məsələləri süni şəkildə ortaya ataraq inqilablar yaradan xarici qüvvələr hadisələrin üzərindən 10 illər keçsə belə bölgədə nə sabitlik yarada biliblər, nə də aid olmadıqları torpaqları tərk etmək fikrinə düşüblər. Onların hədəf kimi seçdiyi növbəti ölkə Azərbaycandır. İnsan hüquqları, söz azadlığı məsələlərini qabardaraq nəyəsə nail olacaqlarını düşünən Qərb və Amerika dairələri deyəsən Azərbaycan xalqının ölkə daxilində heç bir məhdudiyyətlə üzləşmədiyini, azad internet şəbəkəsi vasitəsilə dünyada baş verən hadisələrdən ətraflı şəkildə məlumatlandığını və ona görə də bu cür yalanlara qarşı gözü tox olduğunu tam dərk edə bilməyiblər.

Milliyyətinə görə separatçılara fərq qoyanlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən Fransa və ABŞ separatçı rejimlə əlaqələrini daha da möhkəmləndirir. Mayın 3-də "Fransa-Dağlıq Qarabağ parlamentlərarası qrup"un üzvləri, senatorlar - Sofi Juassen, Mişel Amyel, Marlen Murye işğal olunan ərazilərə qanunsuz səfər edərək separatçı rejimin saxta "parlament seçkiləri"ndə müşahidəçi kimi iştirak ediblər. Mayın 17-də isə qondarma respublikanın rəhbəri Bako Saakyan Fransaya gedərək "rəsmi" görüşlər keçirib. Səfərlərini Ermənistan pasportu ilə həyata keçirsə də Saakyan xarici ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə rahatlıqla özünü "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" kimi təqdim edə bilir.

Fransa ilə separatçı rejimin əlaqələrini təsdiqləyən digər məqam Drom departamentinin Villörbann və Sarsel şəhərləri ilə hazırda işğal altında olan Azərbaycanın Şuşa və Ağdərə şəhərləri arasında "dostluq və qardaşlıq xartiyası"nın imzalanmasıdır. Bundan daha əvvəl isə B.Saakyan ABŞ-a səfər edərək Vaşinqton və Los-Ancelesdə dəvət olunduğu mərasimlərdə çıxış etmək imkanı əldə edib. Bütün bunlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun iki həmsədr dövlətinin neytrallığı tamamilə pozduğunu, ermənipərəst mövqe nümayiş etdirdiyini, separatçılara dəstək verdiyini, Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini sübut edir. Bu yaxınlarda isə keçmiş fransalı həmsədr Jak For Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkünsüz olduğunu söyləməklə özlərini bir daha ifşa edib. Bu o deməkdir ki, ATƏT vasitəçilik missiyasını öz üzərinə götürdüyü 23 il ərzində münaqişənin ədalətli həllinə bir dəfə də olsun çalışmayıb.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki,  Avropa İttifaqı və ABŞ Donbas separatçılarına haqlı olaraq sanksiyalar tətbiq edir, onların iddialarını ləğv edir, hesablarını dondururlar: "Dağlıq Qarabağ separatçılarına gəldikdə isə onlar asanlıqla Los-Ancelesdə telemarafonda, Vaşinqtonda hansısa dinləmələrdə iştirak edir, daha sonra Fransaya gedir, eyni zamanda da fransalı deputatlar Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edirlər. Təsəvvür etmək olarmı ki, Donbas separatçılarının liderləri Vaşinqtona, Parisə səfər etsinlər? Bu mümkün olan hadisə deyil. Demək ki, ikili siyasət var. ABŞ və Fransa kimi dövlətlər Donbas separatçılarını "pis", Dağlıq Qarabağ separatçılarını "yaxşı" hesab edir. Halbuki Dağlıq Qarabağ separatçıları donbasdakılardan daha dəhşətli hadisələr, soyqırım aktları törədiblər. Yəni, bununla belə separatçılara qarşı münasibət eyni olmalıdır. Milliyyətinə görə onlara qiymət verilməməlidir. Separatçının yaxşısı, pisi olmur. Bu məsələlərdə Azərbaycan tərəfinin sərt mövqeyi yerindədir. Əgər biz qurumun fəaliyyətindən imtina etsək, bu müharibənin anonsu olacaq. Ermənistan parlamentində bəzi deputatların dəfələrlə separatçı Dağlıq Qarabağ rejiminin "müstəqilliyinin" qəbul edilməsi haqqında məsələ qaldırılsa da, İrəvan bu addımı atmayıb. Çünki onlar da yaxşı bilirlər ki, Ermənistan rəsmən "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyini" tanısa, bu onların danışıqlardan çıxdığını özündə ehtiva edir. Bu da öz növbəsində müharibə anonsu sayılır".

İflasa uğrayan Riqa sammiti

Avropa İttifaqı nümayəndələrinin mayın 21-də "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində təşkil olunan Riqa sammitində Azərbaycana qarşı ayrı-seçkilik etmələri, ölkəmizin problemlərini kənara qoyaraq gündəliyə dəxli olmayan məsələləri müzakirə etmələri ikili standartlardan qaynaqlanır. Sammitin yekunlarına dair qəbul olunan 30 bəndlik yekun bəyannamədə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Avropa İttifaqının hansı işlər görə biləcəyi öz əksini tapmayıb. Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü pozmasıyla bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnamənin mövcudluğu haqda bir kəlmə də qeyd olunmayıb. Görünən odur ki, ATƏT-in 1996-cı il Lissabon, Avropa İttifaqının 2013-cü il Vilnüs sammitlərində olduğu kimi bu zirvə görüşündə də Qərb konflikt yaşayan dövlətlərə bərabərhüquqlu yanaşma sərgiləmək niyyətindən uzaq olub. Nəticədə, Avropa İttifaqı Ukrayna və Gürcüstan böhranlarından fərqli olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyəli mövqe ortaya qoymayıb. Azərbaycan rəsmiləri Lissabonda olduğu kimi Riqada da yekun bəyannaməyə qol çəkmək istəməyiblər. Lakin hər iki sammitdə müəyyən şərtlər daxilində onlara güzəştə gedilib. Avropa İttifaqının bəyannaməsinə imza atan Azərbaycan rəsmiləri sənədə ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin toxunulmazlığı prinspinin də əlavə olunmasına nail olublar. Bununla Ermənistan prezidenti növbəti dəfə beynəlxalq tədbirdə Dağlıq Qarabağı ölkəmizin tərkib hissəsi kimi qəbul etməyə məcbur olub. Ancaq bütün bunlar o demək deyil ki, Qərb Azərbaycana qarşı qərəzli mövqeyini dəyişərək işğalçı ölkənin rəhbəri Serj Sarkisyanın şəxsən imzaladığı sənədin qüvvəyə minməsi - Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması üçün zəruri təxirəsalınmaz tədbirlər görəcək. Hər halda münaqişələrə bu cür qətiyyətsiz yanaşma ilə Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının iflasa uğradığını dərk etməli olacaq.

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək"

Ümumilikdə, Rusiyaya qarşı tənqidi əhval-ruhiyyədə keçən Riqa sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin qatılmamasının səbəbi məhz Qərb dairələrinin tətbiq etdiyi ikili standartlara etiraz xarakteri daşıyıb. Bu addım sırf dövlət maraqlarından irəli gələrək atılsa da, şübhəsiz ki, rəsmi Moskvanı da sevindirib. Təsadüfi deyil ki, bundan sonra Minsk qrupunun həmsədrlik edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə töhfə vermək istədiyini bildirib. Əslində bu o deməkdir ki, bir sıra regional və geopolitik məsələlərdə rəsmi Bakının əhəmiyyəti Rusiyanı Azərbaycanla hesablaşmağa, onun maraqlarını nəzərə almağa vadar edir. Bu baxımdan, mayın 25-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Dağlıq Qarabağ münaqişəsi ətrafında nikbin danışıqlar aparması, rusiyalı həmkarının münaqişənin nizamlanmasına yardım etməyə davam edəcəklərini bildirməsi yalnız tərəflər arasında müəyyən dövrü əhatə edən ardıcıl və sistemli fəaliyyətin nəticəsi ola bilər. Təsadüfi deyil ki, S.Lavrov Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb.

Elmar Məmmədyarov isə qətiyyətlə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək: "Əminliklə deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi yaxın gələcəkdə həll olunacaq".

Bu çox cəsarətli çıxışdır. Bu fikirlərin arxasında ciddi mətləblərin dayandığını xüsusi vurğulamaq lazımdır. Ona görə də, Rusiyada xarici işlər nazirləri səviyyəsində baş tutan danışıqların Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük təsiri ola bilər. Rəsmi Bakının istər Qərb dövlətləri, istər ABŞ, istərsə də Rusiya ilə tarazlaşdırılmış siyasət yürütməsində əsas məqsəd də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından ibarətdir. Rəsmi Bakıya yaxşı məlumdur ki, bu bölgədə prosesləri nizama salmağın yeganə yolu Rusiyadan keçir. Belə nəticəyə gəlmək olar ki, uzun müddət Moskva ilə Bakı arasında danışıqlar gedib və müəyyən razılıq əldə olunub. Hətta mediada yayılan xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Sarkisyana işğal olunan torpaqları boşaltmaq haqqında əmr də verib.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Birinci Avropa Oyunlarından sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi dəyişiklik olacaq: "Elə Qərb dairələrinin Avropa Oyunlarının Bakıda keçirilməsinə ciddi müqavimət göstərməsinin səbəbi də bununla bağlıdır. Avropada elə düşünülür ki, bu oyunlardan sonra Dağlıq Qarabağ məsələsində ciddi dəyişiklik ola bilər. Bu da ermənilərin ziyanına olacaq. Ona görə də, qərbdəkilər əvvəlcədən əl-ayağa düşərək mötəbər tədbirinin Azərbaycanda keçirilməsinə əngəl törətməyə çalışıblar".

Rusiya ilə son dövrlər aparılan danışıqların konkret irəliləyişlərə səbəb olacağına ümidlər böyükdür. Çünki münaqişənin həlli hər iki dövlətin mövcud əlaqələrinin daha da inkişafına müsbət təsir edəcək. Azərbaycan Moskvaya qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara qoşulmamaqla nümayiş etdirdiyi siyasi iradə və daha sonrakı proseslərdə ortaya qoyduğu qətiyyətli mövqe ilə bütün maneələrə, təzyiqlərə rəğmən dövlətimizin etibarlı tərəfdaş imicini birmənalı olaraq qoruduğunu, balanslı siyasət xəttinə sadiq qaldığını sübut edib. Ona görə də, əgər Kreml vədd etdiyi kimi ədalətli mövqe ortaya qoyaraq, Ermənistana təsir göstərərsə, Dağlıq Qarabağ problemi yaxın müddətdə həll oluna bilər. Lakin burada sülhlə yanaşı, hərb variantı da istisna edilməməlidir. Çünki peşəkarlığını, maddi-texniki bazasını gündən-günə təkmilləşdirən Silahlı Qüvvələrimiz dəfələrlə sübut edib ki, qısa müddət ərzində torpaqlarımızı işğaldan azad etməyə hazırdır.

Ceyhun ABASOV
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





24.06.2015    çap et  çap et