525.Az

"Avropa Məhkəməsinin qərarı Ermənistanın işğalçı mahiyyətini sübut edən ilk rəsmi sənəddir"


 

"Avropa Məhkəməsinin qərarı Ermənistanın işğalçı mahiyyətini sübut edən ilk rəsmi sənəddir"<b style="color:red"></b>

 "Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar Ermənistana qarşı" işi üzrə qəbul etdiyi qərar obyektiv hüquqi qiymətdir və Ermənistanın ziyanındadır".

Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloqun sözlərinə görə, bunu Ermənistanın davranışı deyir: "İlk növbədə Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar Ermənistana qarşı" işində qərar qəbul edildikdən az sonra Ermənistanda NATO-nun "Rose-Roth" proqramı çərçivəsində seminarlar keçirildi. Ermənistanın xarici işlər naziri həmin tədbirdə çıxış edərkən Avropa İnsan Hüquqları Məhkəməsinin adı çəkilən qərarı barədə neqativ fikirlər bildirdi. O dedi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə aid deyil və  "Çıraqovlar Ermənistana qarşı" işi ətrafında Azərbaycanın spekulyasiyası tənzimləmə prosesinə maneçilik törədir. Ermənistanın anlamındakı tənzimləmə prosesinə cəmi 2 şey maneçilik törətmir. Birincisi yalnız sülh yolu ilə tənzimləmə anlayışı və ATƏT-in Minsk qrupunun vasitəçiliyi. Bu iki anlayışdan başqa dünyada nə varsa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneçilik törədir. Digər tərəfdən qərar Ermənistanın xeyrinə olsaydı "Rose-Roth" proqramı çərçivəsində keçirilən tədbirlərdə bunun təbliğatı aparılardı".

M.Əhmədoğlu əlavə edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dərhal Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqovlar Ermənistana qarşı" qərarını neytrallaşdırmağa başladı: "Avropa Məhkəməsinin çıxardığı bu qərarın Dağlıq Qarabağ tənzimlənməsi formatına təsir etməyəcəyini bildirdi. Çaşdırıcı, qeyri-müəyyən bu diplomatik fikirdən bəlli olan odur ki, Dağlıq Qarabağ tənzimlənməsinin vasitəçiləri Avropa İnsan Hüquqlarının Məhkəməsinin qərarınadək necə fəaliyyət göstəribsə, qərardan sonra da eynilə həmin qaydada işlərini davam etdirəcəklər. Uorlik "erməni soyqırımı"nın 100 illiyi tədbirində iştirakını Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olması ilə əlaqələndirdi. Uorlikə görə, "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir edir, amma Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Dağlıq Qarabağdakı işğalçılıq fəaliyyətinə və onnun nəticəsinə rəsmi hüquqi qiymət verməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir etmir. O da nəzərə alınmalıdır ki, məhkəmənin qərarı hərbi xarakterli deyil, dinc xarakterlidir. Amma Ermənistanın marağına zidd olduğu üçün C.Uorlik qərarı E.Nalbandyandan da qabaq təkzib etdi".

M.Əhmədoğlu sonra vurğulayıb ki, Avropa Məhkəməsinin qərarı Ermənistanın işğalçı mahiyyətini hüquqi dəllirlərlə sübut edən ilk rəsmi qərardır və presedentdir: "Azərbaycan Respublikasının böyük hüquqi və siyasi qələbəsidir. Amma bundan əlavə həmin məhkəmə prosesinin qərarı Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində vasitəçilərin bu vaxtadək istifadə etmədiyi böyük resursu işə salması deməkdir. Böyük resurs dedikdə Azərbaycandan köçüb getmiş erməniləri eləcə də Ermənistanın həm öz ərazisindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən deportasiya etdiyi qaçqın və məcburi köçkünlərin məsələsinin aktivləşməsini nəzərdə tuturuq. Avropa İnsan Hüquqlarının Məhkəməsinin "Sarkisyan Azərbaycana qarşı" işi ilə bağlı hüquqi qərarı da məhz bu resursu işə salmağa xidmət edir. Ermənistan hüquqi baxımdan ilk ciddi zərbəsini aldı. Aİ-nin Riqa və G-7-nin Almaniya samitlərinin o cümlədən, Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi kimi siyasi yayılım atəşindən sonra Avropa tərəfdən belə hüququ qərarın meydana çıxması gözlənilən idi".

Politoloq əlavə edib ki, hazırda Ermənistan üçün ən böyük təhlükə Azərbaycan və Türkiyə deyil, Ermənistanın daxili sosial-iqtisadi vəziyyətidir: "Qarabağ klanının daxilində isə yeni aktivləşmə baş verir. Həm Robert Koçaryan, həm də Arkadi Qukasyan siyasi aktivliklərini xeyli artırıblar. Parlament seçkiləri"ndə Qukasyan Xankəndində səs verdi, az keçmiş Dağlıq Qarabağda "Respublikaçılar" partiyasını təsis etdirdi. Koçaryanın Dağlıq Qarabağa söykənərək aktivləşməsi daha diqqəti çəkir. "Erməni soyqırımı"nın 100 illiyi tədbirlərində Koçaryan iştirak etmədi; ağır cərrahi əməliyyat keçirdiyi üçün xaricdə olduğunu bildirdilər. Üstündən iki həftə keçmiş "ağır cərrahiyyə əməliyyatından reabilitasiya olunmuş" Koçaryan Dağlıq Qarabağda Şuşanın "azad edilməsi" tədbirlərində iştirak etdi. Koçaryanın Rusiya prezidentinin Ermənistana səfər etdiyi vaxtda İrəvanda olmaması da diqqəti çəkir. Onun Qarabağda yenidən siyasi fəaliyyətə başlaması hər halda Ermənistan cəmiyyətində, o cümlədən, Rusiyada birmənalı qarşılanmayacaq".

M.Əhmədoğlu qeyd edib ki, indi Rusiyada belə düşünürlər ki, Ermənistanın Rusiyadan uzaqlaşmasının bünövrəsini məhz Koçaryan qoyub: "Ona görə Koçaryan Moskvaya səfər edə, Rusiyanın ərazisindən tranzit kimi istifadə edə bilmir. Mətbuatın yazdığına görə, Koçaryan Dağlıq Qarabağda olarkən Ermənistandan gedən nümayəndə heyəti onunla görüşmək üçün növbəyə durublarmış. Baş nazir Ovik Abramyan bir neçə dəfə Koçaryanla görüşüb. Dağlıq Qarabağdakı may tədbirlərində bu il rəsmi İrəvanı baş nazir Abramyan təmsil edirdi. Ermənistan məmurlarının Koçaryanla görüşmək üçün növbəyə dayanması mümkündür. Bu, həmin məmurların Koçaryana rəğbətindən deyil, indiki idarəçiliyə etirazından irəli gələ bilər".

Politoloqun qənaətincə, narazılıqlar və ya daxili siyasi çəkişmə hərbi sahəyə də keçib: "Ermənistanın müdafiə naziri Seyran Ohanyan Hərbi Sənaye Kompleksinin müəssisələri ilə tanışlığını davam etdirib. Ohanyan baş nazir Abramyanın hərbi sənaye kompleksini maliyyələşdirməsindən narazıdır: "Biz uşaq oyunu oynayırıq". Ohanyanın ən çox təmasda olduğu müəssisələr kompüter texnologiyaları ilə əlaqəli müəssisələrdir".

PƏRVANƏ

 





24.06.2015    çap et  çap et