525.Az

“Azərbaycanın təhsil tarixi”: təhsil haqqında dəyərli salnamə


 

“Azərbaycanın təhsil tarixi”:  təhsil haqqında dəyərli salnamə

VIII YAZI

 Bu günlərdə Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” kitabının IV cildi çapdan çıxıb. Kitabın IV cildində müstəqillik illərində ali təhsilin inkişaf meyilləri, mövcud problemlər və onların həlli istiqamətində həyata keçirilən işlər, yüksəkixtisaslı kadrların hazırlanması sahəsində əldə olunan nailiyyətlər və ali təhsil müəssisələrinin təşəkkülündən bəhs edilir. Sürətli dəyişikliklərin baş verdiyi hazırki dövrdə, cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu kitabda xüsusi vurğulanıb.

Müstəqillik illərində ali təhsil müəssisələrinin şəbəkəsinin inkişafı, özəl təhsil müəssisələrinin yaranması, Azərbaycan ali təhsil sisteminin dünya və Avropa ali təhsil məkanına inteqrasiyası, Boloniya prosesinə qoşulmaqla əlaqədar aparılan məzmun islahatları və yeni standartların tətbiqi, keyfiyyətə nəzarətin müasir mexanizmləri olan akkreditasiya, lisenziyalaşdırma təcrübəsindən istifadə məsələləri bu cilddə öz əksini tapıb. Ali təhsil sahəsində yeni normativ hüquqi bazanın yaradılması, çoxpilləli sistemə keçidlə əlaqədar həyata keçirilən tədbirlər də kitabda yer alıb. Ali təhsildə keyfiyyəti təmin etmək, mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisəsləri arasında sağlam rəqabət mühitini yaratmaq məqsədilə universitetlərə maliyyə müstəqilliyinin verilməsi və adambaşına maliyyələşmə mexanizminin tətbiqi də burada geniş şərh edilib. Kitabda, həmçinin ali məktəb elmi, ali məktəblərə tələbə qəbulu prosesi və nəticələr, əlavə təhsilin əsas istiqamətləri olan ixtisasartırma, yenidənhazırlanma, stajkeçmə və təkmilləşdirmə, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin artırılması, yaşlıların təhsili, əcnəbilərin Azərbaycanda təhsili, xaricdə təhsil, ali təhsil sahəsində beynəlxalq əlaqələr tədqiqat obyekti olub.

Misir Mərdanov kitabın ön sözündə bildirib ki,  “Azərbaycan təhsil tarixi”çoxcildliyinin IV cildi müstəqillik illərində Azərbaycanda ali təhsilin tarixinə həsr olunub. Kitabda müstəqilliyin ilk illərində 2012-ci ilədək bütövlükdə ölkənin ali təhsil sistemində baş vermiş yeniliklər, ali məktəb elmi və əlavə təhsilin inkişaf meyilləri, eyni zamanda ayrı-ayrı ali təhsil müəssisələri haqqında ətraflı məlumatlar öz əksini tapıb: “Sual edilə bilər ki, niyə ali təhsilin tarixi ayrıca cild kimi nəzərdə tutulmuşdur. Bunun bir sıra səbəbləri var. İlk növbədə Azərbaycan Dövlət Universiteti - Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışam, aspiranturada oxumuşam, dissertasiya müdafiə edib müəllimlik fəaliyyətinə başlamışam.

Uzun müddət Bakı Dövlət Universitetində çalışmışam, 1970-ci ildən 1989-cu ilə qədər burada müəllimlik etmişəm. Sonra Təhsil Nazirliyinə işləməyə dəvət olunmuşam. Müəyyən müddət universitetdə prorektor və rektor vəzifələrində işlədikdən sonra yenidən nazirliyə qayıtmış, nazir vəzifəsinə təyin olunmuşam. Bu baxımdan ölkənin ali təhsilinin inkişafı tələbə olduğum 1964-cü ildən indiyədək gözlərim önündə baş vermişdir. Ali məktəb işçisi olduğumdan, təhsilin bu pilləsi ilə yaxından tanışam, ölkədə ali təhsilin təşəkkülü tarixini bilərək onu ictimaiyyətə çatdırmağı mənəvi borcum hesab etmişəm. Digər tərəfdən hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr arasına daxil olması həmin ölkədə ali təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında duran müstəsna əhəmiyyətə malik vəzifələrdəndir. Daha vacib amil ondan ibarətdir ki, sürətli dəyişikliklərin baş verdiyi hazırki dövrdə, cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var. Ali təhsil sadəcə yüksək səviyyəli mütəxəssis yetişdirmir, o həm də ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş və motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir.

Sübut olunmuşdur ki, müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən səmərəli üsulla və qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğurlar qazanmışlar. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər ölkələr məhz insan kapitalından böyük gəlirlər əldə etməklə bugünkü inkişaf səviyyəsinə çatıblar.

Yüksək təhsilli insanlar cəmiyyətdə nüfuzlu şəxslər kimi qəbul olunduğundan onların digərlərinə təsir imkanları daha çox olur. Belə insanlar ətrafdakılar üçün təhsillənməyə, sağlam həyat tərzi keçirməyə, milli-mənəvi dəyərlərə yiyələnməyə, bir sözlə, inkişafa yönəlmək baxımından nümunə rolunu oynayır. Obrazlı desək, yüksək təhsilli insanlar tərbiyə məktəbidir, onlar öz biliyi və davranışı ilə daha nümunəvi həmkar, ailə üzvü, valideyn və sivil vətəndaşdırlar. Təcrübə göstərir ki, təhsilin inkişafı cəmiyyətdə siyası, sosial sabitliyin təmin edilməsində mühüm rol oynayır. Yüksək təhsilli insanlar siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur, asanlıqla consensus əldə etməklə münaqişələri daha asan həll edirlər. Təhsilsiz və ya aşağı təhsilli insanlar isə vətəndaş mövqeyini dərindən dərk etmədiklərindən asanlıqla ayrı-ayrı qrup maraqlarının alətinə çevrilirlər”.

Təhsil naziri qeyd edib ki, “Azərbaycan təhsil tarixi” kitabı iki fəsildən ibarətdir. Birinci fəsildə ali təhsildə idarəetmənin təşkili, ali təhsil şəbəkəsinin genişləndirilməsi, məzmun islahatları, normativ-hüquqi bazanın yaradılması, Boloniya prosesi, yeni maliyyələşmə mexanizminin tətbiqi, ilkin müəllim hazırlığı, özəl ali təhsil müəssisələrinin yaranması, ali məktəb elmi, ali məktəblərə tələbə qəbulu, dərslik siyasəti məsələləri geniş şərh edilib.

M.Mərdanov yazıb ki, müstəqilliyin ilk illəri Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələri kimi, ali təhsil sistemi üçün də çox ağır bir dövr idi. Ermənistanın Azərbaycana heç bir əsası olmayan torpaq iddeyalarına görə başlanan münaqişə ölkədə ali təhsil sahəsinə də çox ağır ziyan vurub. Bu münaqişə nəticəsində bir ali məktəb, üç ali məktəb filialı dağıdılıb və “məcburi köçkün”ə çevrilmişdi. Ölkədə ictimai-siyasi durumun qeyri-sabitliyi, dağıdıcı meyillərin baş alıb getməsi bütün sahələrdə olduğu kimi, ali təhsil müəssisələrinin binalarının, ərazilərinin və avadanlığının mənimsənilməsi və başqa məqsədlər üçün istifadəsinə, maddi-texniki bazanın dağıdılmasına, bu kimi digər neqativ halların baş verməsinə səbəb oldu. Ölkədə hökm sürən xaos təhsil, elm, savad kimi ümumbəşəri dəyərlərə zərbə vurdu, nəticədə vaxtilə cəmiyyətdə böyük hörmət və nüfuza malik olan ali məktəbə, müəllimə, ziyalıya hörmət, təhsilə maraq azaldı. Həmin dövrdə ali məktəb müəllimlərinin sosial ehtiyaclarını ödəmək məqsədilə kütləvi şəkildə İrana, Türkiyəyə, Rusiyaya getməsi ali təhsilin inkişafına öz mənfi təsirini göstərdi”.
Təhsil naziri vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvvələrindən başlayaraq Azərbaycanın təhsil sistemində islahatlar haqqında müzakirələr getsə də, islahatın konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığından bu istiqamətdə işlər sistematik, planlı şəkildə aparılmayıb. Ölkədə ictimai-siyası və iqtisadi vəziyyətin sabit olmaması, islahatın aydın proqramlı konsepsiyası, həyata keçirilmə mexanizmi olmadığından bu istiqamətdə işlər sistematik, planlı şəkildə aparılmamış, epizodik xarakter daşımışdır. Ona görə də təhsilin məzmunu və strukturu ilə bağlı tətbiq olunan yeniliklər gözlənilən səmərəni verməmişdi. Yalnız 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlayıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Göstərilən tələblərə cavab verən təhsil sisteminin strukturunun, məzmununun, kadr hazırlığı və təminatının, tədris, elmi-metodiki və informasiya təminatının idarə olunmasının, maddi-texniki bazasının və iqtisadiyyatının islahatı müstəqil Azərbaycanın gələcəyi üçün təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılmasını təmin edir. Ölkədə elmin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi artıma nail olunsun. Aşağıdakı prinsipləri əhatə etməlidir, demokratikləşdirilmə, humanistləşdirilmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə, humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılmasıdır. İslahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyətli fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi, islahatın praktiki yönümlülüyü - dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi, təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi, mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycanın strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması əsas məqsədlrədəndir: “Ali məktəblərdə tələbələrin biliyinin qiymətləndirilməsində mövcud nəzarət mexanizmi və əksər xarici ölkələrin artıq imtina etdiyi 5 ballı sistem özünü doğrultmurdu. Bu sistem tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə imkan vermirdi. Bütün bunları nəzərə alaraq, 1999-cu ildə Təhsil Nazirliyi tələbələrin biliyinin qiymətləndirilməsinin yeni mexanizminin yaradılmasını bir məqsəd kimi qarşıya qoydu, bununla bağlı bir sıra qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirildi. Belə qənaətə gəlindi ki, tələbələrin biliyinin qiymətləndirilməsində ən obyektiv və səmərəli üsullardan biri çoxballı sistemdir. Bu sistemin üstünlükləri nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti əsasnamə” təsdiq olundu.  Çoxballı sistem tələbələrin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin movcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini artırmaq məqsədi daşıyır və hər bir tələbəyə fərdi yanaşmanı təmin etməklə tədris prosesinin əsas sahələrini əhatə edir. Bu sahələr mühazirə, seminar (məşğələ), laboratoriya dərslərində və sair iştirakı, laboratoriya və seminarların (məşğələlərin) nəticələrinə görə bilik səviyyəsinin qiymətləndirilməsi, əsas və əlavə ədəbiyyatlarla müstəqil işi, tədris üçün zəruri olan mətnlərin tərtibi, yoxlama işlərinin və sərbəst tapşırıqların icrası, kurs layihələrinin (işlərinin) və referatların yazılması və onların müdafiəsi. Tələbənin bir semestr (tədris ili) ərzində hər hansı fənn üzrə toplaya biləcəyi maksimum balın miqdarı 100-ə bərabərdir. Bunun yarısı semestr (tədris ili) ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır. İmtahan sessiyası tələbələrin biliyinin qiymətləndirilməsi və nəzarəti forması olub, tədris ili ərzində iki dəfə keçirilir. İmtahanların cədvəli dekanlıq tərəfindən tərtib olunur və rektor (tədris işləri üzrə prorektor) tərəfindən təsdiq edilir. Sessiyanın başlanğıcına qədər hər bir fənn və ya fənlər qrupu üzrə imtahan və münaqişə komissiyalarının tərkibi də təsdiq edilir. İmtahanlar yazılı formada aparılır. İmtahanların aparılmasında nizam-intizama və eləcə də imtahanların gedişinə nəzarət etmək məqsədilə müvafiq dekanlıqla birlikdə həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər müəllim koordinator təyin edilir. 1999-cu ildə eksperimental tədris planları və çoxballı sistem haqqında əsasnamə müvafiq ali məktəblərin 41qrupunda tətbiq olunmağa başlandı”.
M.Mərdanov qeyd edib ki, 1991-ci ildən başlayaraq ölkənin ayı-ayrı bölgələrində kadrlara olan tələbatı nəzərə alaraq, nüfuzlu ali məktəblərin filiallarının yaradılmasına diqqət artırıldı. Bakı Dövlət Universitetinin Lənkəranda, Şəkidə, Gəncə Dövlət Pedaqoji İnstitutunun Laçında filialları yaradıldı. Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Azərbaycan Polis Akademiyası, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin tədris-təlim mərkəzinin əsasında Milli Aviasiya Mərkəzi, Azərbaycan Dövlət Neft Akademiyasının Mingəçevir filialının bazasında Mingəçevir Energetika İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir: “Müasir tələblərə cavab verən, dərin təfəkkürə, pedoqoji və metodik ustalığa malik olan müəllim kadrların hazırlığı daim diqqət mərkəzində olub. Bu işin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Belə ki, müəllim kompetensiyasını müəyyənləşdirən professioqram hazırlanıb, ucqar rayonların məktəblərini müəllim kadrları ilə təmin etmək məqsədilə mövcud ixtisas siyahısına (klassifikatora) qoşa ixtisaslar daxil edilib, pedaqoji təcrübə haqqında qaydalar hazırlanıb.
Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində “Müəlllim hazırlığı” alt komponenti üzrə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası”nı, ibtidai sinif müəllimi hazırlığını təmin edən məzmunca tamamilə yeni kurikulum hazırlayıb və həmin sənədlər təsdiq olunub. Eyni zamanda, “Təhsilin əsasları” fənninin dərsliyi tərtib edilib. İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulumun 3 pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) tətbiqinə başlanılıb. Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Boloniya prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulub və bununla da faktiki olaraq ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planına uyğun olaraq, “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu” təsdiq edilib və müvafiq istiqamətlər üzrə yeni nəsil dövlət təhsil standartları hazırlanıb. Azərbaycanın Boloniya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, “Ali təhsil müəsissələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” təsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin bütün ixtisaslarını əhatə edir. Bundan əlavə, xarici ölkələrdə təhsil alanların diplomlarının Azərbaycanda tanınması üzrə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”na uyğun olaraq Təhsil Nazirliyində Daimi Komissiya və sektor yaradılıb.

Boloniya prosesi çərçivəsində diqqəti cəlb edən məqamlardan biri diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasında mühüm əhəmiyyət kəsb edən diploma əlavənin hazırlanmasıdır. Diploma əlavənin vahid modeli (nümunəsi) Avropa Komissiyası, Avropa Şurası və YUNESKO-nun ekspertlərinin də daxil olduğu birgə işçi qrupu tərəfindən işlənib hazırlanıb. Həmin model üzrə hazırlanan diploma əlavə məzunların akademik mobilliyini və onların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırır. Bütün bunları nəzərə alaraq ölkəmizdə də müvafiq nümunəyə (modelə) uyğun “Diploma əlavə” hazırlanıb və Təhsil Nazirliyinin əmri ilə təsdiq olunaraq bütün ali məktəblərə göndərilib.
Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalanıb. Həmin sərəncamın birinci bəndinə əsasən “2008-2012-ci illərdə Azərbaycanın ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb”.
Nazir vurğulayıb ki, cüçlü maddi-texniki bazaya və yüksək səviyyəli professor-müəllim potensialına malik olan Azərbaycanın ali məktəbləri ötən əsrin 60-cı illərindən başlayaraq xarici ölkələr üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlığı sahəsində ilk addımlar atıb. Həmin dövrdə Azərbaycandakı bir sıra təhsil müəssisələrində xaricilər, daha çox Asiya, Afrika və Latın Amerikası ölkələrindən olan tələbələr müxtəlif ixtisaslara yiyələniblər: “Müstəqilliyin ilk illərində keçmiş Sovet İttifaqı məkanında yalnız Azərbaycan əcnəbi tələbələrə yarımçıq qalan təhsillərini SSRİ-nin üzərinə götürdüyü öhdəlıklər əsasında dövlət hesabına başa çatdırmaq imkanı yaratmışdır. O vaxt bu hadisə beynəlxalq aləmdə ən yüksək səviyyələrdə müsbət hal kimi qiymətləndirildi. Hazırda ölkənin 15 ali məktəbində əcnəbi vətəndaşları ali təhsilə hazırlayan strukturlar mövcuddur. 1999-2000-ci tədris ilində ölkədə dünyanın 18 ölkəsindən 1580 əcnəbi tələbə təhsil aldığı halda, 2010-11-ci tədris ilinə olan məlumata görə, Azərbaycanın ali məktəblərində 50-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Almaniya, İsrail, Misir, Cənubi Koreya, Pakistan, Hindistan və digər ölkələrədən 6254 tələbə təhsil alır”.

M.Mərdanov yazıb ki, müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də qərb və yer kürəsinin digər qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər: “Həmyerlilərimiz pərakəndə şəkildə tarixinin müxtəlif çağlarında xaricdə təhsil almışlar. Planlı və məqsədyönlü şəkildə, dövlət səviyyəsində təhsil isə XX əsrin əvvəllərində, yəni Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə başlanmışdır. Bundan sonrakı illərdə də respublikadan kənarda təhsil almaq təcrübəsi mövcud olmuş, lakin bu, həm məzmun, həm də miqyas baxımından əhəmiyyət kəsb etməmişdir. Yalnız ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə, sözün əsl mənasında, dirçəliş başladı. Təsadüfi deyil ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə öz layiqli töhfələrini verdilər. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələ yenidən diqqət mərkəzində olmuşdur. Elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı məhz, azərbaycanın xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarından əla istifadə bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir. Xaricdə təhsilə olan ümummilli lider qayğısı bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Belə ki, Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı imzalanmışdır. Prezidentin bu sərəncamına beynəlxalq miqyasda da böyük rəğbət var”.

Sevinc QARAYEVA

 





15.09.2012    çap et  çap et