525.Az

Jurnalist Ekspert Mərkəzi dağıdılmış saytların müdafiəsinə qalxdı


 

Ceyhun Musaoğlu: “Başqasına süni maneələr yaratmaqla qələbə əldə etmək mümkün deyil”

Jurnalist Ekspert Mərkəzi dağıdılmış saytların müdafiəsinə qalxdı<b style="color:red"></b>

“Azərbaycanda informasiya portallarının hücumlara məruz qalması kimi hallarla artıq hər gün üzləşirik. Son günlər Musavat.com, Qafqazinfo.az, Aznews.az, Publika.az portallarına  edilən hücumlar heç də haker “ərköyünlüyü”nün nəticəsi deyil. Bu saytların eyni vaxtda hücuma məruz qalmasını təsadüf hesab etmək sadəlövlük olardı”.

525.az-ın məlumatına görə, bunu Jurnalist Ekspert Mərkəszinin rəhbəri Ceyhun Musaoğlu saytların dağıdılması hadisəsinə münasibət bildirərkən deyib. C.Musaoğıu hesab edir ki, xoşagəlməz vəziyyətin hansı səbəbdən yaranmasından asılı olmayaraq, ictimaiyətin informasiya  almaq imkanlarının məhdudlaşdırılması demokratik prinsiplərin pozulmasıdır.

Prezidentin fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradıldığına diqqət çəkən JEM sədri  indiki vəziyyətdə bu mötəbər qurumun birbaşa cavabdehlik daşıdığını vurğulayıb: “Baş verənlər ölkəmizin informasiya təhlükəsizliyinin vəziyyətini göstərmiş olur. Biz düşməni olan ölkəyik. Niyə təcavüzkar Ermənistanda  Azərbaycanın informasiya təhlükəsizliyinin aşağı səviyyədə olması təsəvvürü yaranmalıdır?  Hətta rəsmi dövlət orqanlarının saytları belə, dağıdılıb və nəticədə həmin internet resursları fəaliyyətsiz hala düşüb. Əgər bizdə informasiya təhlükəsizliyinə xüsusi nəzarət edən müvafiq qurumlar varsa, niyə hər gün hansısa sayt dağıdılmalıdır?! Yaxud dağıdılırsa, niyə tez bir zamanda bərpa olunmamalıdır?!”

Qeyd edək ki, haker hücumlarına məruz qalmış Musavat.com və Qafqazinfo.az saytlarının rəhəbərləri bunun arxasında hökumətdən maliyyələşən saytların dayandığını iddia edirlər. Onlar belə düşünür ki, məqsəd reytinqli saytlara  girişi aşağı salmaqdır. C.Musaoğlu bu iddialar barədə konkret fikir soyləyə bilməyəcəyini deyib: “ Hər halda bunu demək üçün əlimdə əsas yoxdur. Əgər deyilənlər doğrudursa,  JEM bütün həmkarlarını sağlam rəqabətə dəvət edir. Başqasına süni maneələr yaratmaqla qələbə əldə etmək mümkün deyil. Ölkəmizin informasiya məkanı biz jurnalistlərə aiddir. Onu yaratmaq, qorumaq, inkişaf etdirmək dövlətin olduğu kimi, həm də biz jurnalistlərin vəzifəsidir”.

 





18.12.2012    çap et  çap et