525.Az

Zaqatalada “Bilik” və “Multikulturalizm” dəyərləri ilə bağlı tədbirlər keçirildi


 

Zaqatalada “Bilik” və “Multikulturalizm” dəyərləri ilə bağlı tədbirlər keçirildi<b style="color:red"></b>

“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə iyun ayının 19-21-də Zaqatala rayonununda silsilə tədbirlər keçirilib.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bilik Fondunun, Multikulturalizm Mərkəzinin, AMEA və Bakı Slavyan Universitetinin alim-professor heyətinin, KİV təmsilçilərinin iştirakı ilə keçirilən tədbirlərə Zaqatala, Qəbələ, İsmayıllı, Qax, Balakən və Bakı məktəbliləri də qatılıblar.

Tədbirin ayrıntılarına keçməzdən öncə qeyd etməliyəm ki, müasir dünyada ictimai həyatın bütün sahələrində texniki-humanitar və intellektual biliklərin funksional rolu cəmiyyətin inkişafında əsas amillərin birinciləri sırasında yer alır. Ölkəmizdə yüksək səviyyədə bilikli cəmiyyətin formalaşmasına yönəlik keçən il yaradılan Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bölgələrimizdə bilik və multikultural dəyərlərin inteqrativ və differensial əlaqələrini bu qəbildən tədbirlər vasitəsilə  həyata keçirir. Ölkədə “insan kapitalı”nın inkişafı məsələsinə beləcə dəstək verilmiş olur.

İyunun 20-də ilk olaraq Zaqatala rayonunun Əliabad qəsəbə məscidini ziyarət, tarixçi tərəfindən toplananlara məscid haqqında informasiyaların verilməsi və aparılan təmir-bərpa işləri ilə tanışlıq hər kəs tərəfindən rəğbətlə qarşılandı. Daha sonra məscidin həyətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Ceyhun Məmmədovun moderatorluğu ilə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda müzakirələr keçirildi ki, burada səslənən fikirlər rayon və qəsəbə sakinlərində böyük marağa səbəb oldu.

Məscidin həyətində məktəblilərin yeni ağaclar əkməsi, təzə şitillər və gül kollarını  salması müzakirə mövzusu olan dövlət-din münasibətləri baxımından da əhəmiyyət kəsb edir. Şagirdlərin, alim-professor heyətinin və yerli icra hakimiyyəti qurumları işçilərinin məscid həyətində bu tədbirlərin həyata keçirilməsində dünyəvi dövlət təmsilçiləri və vətəndaşları qismində birgə iştirak etmələri Azərbaycanda dövlət-din münasibətlərinin rasional və tarixi ənənəyə istinadla inkişafından da xəbər verir. Bu kontekstdə başqa bir əlamətdar məqamı da qeyd etməliyəm: Əliabad məscidinin təmir-bərpa işlərinə Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Mövsüm Ağa ziyarətgahının 30 min  manat məbləğində yardım göstərməsi ölkəmizdə yaradılan sağlam dini mühitin nəticəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və xeyriyyəçi insanlar da  bu işə öz töhfələrini verirlər.

Günün ikinci yarısında tədbir iştirakçıları Azərbaycanda bilikli cəmiyyətin qurulmasında və multikultural atmosferin yaradılmasında əvəzsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Əliabad qəsəbəsinin mərkəzində, mədəniyyət evinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra Əliabad qəsəbəsi Mədəniyyət Evində qonaqların və qəsəbə sakinlərinin iştirakı ilə “Qafqaz Albaniyası və onun hazırkı varisləri” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə Zaqatala rayonu icra hakimiyyətinin başçısı  Mübariz Əhmədzadə açaraq rayonda inkişaf etməkdə olan bilikli cəmiyyətin səviyyəsindən və bölgədə çoxmillətli multikultural mühitdən bəhs etdi. Yeri gəlmişkən, icra başçısı Mübariz müəllimin dediklərinə səfər iştirakçılarının özləri də şahid oldu. Əlbəttə, sözügedən nailiyyətlər rayonda dövlət qurumları ilə ictimaiyyət arasında yaradılan yüksək səviyyədəki münasibətlərin təzahürüdür.

Konfransda alimlərdən Mübariz Xəlilov, Şirinbəy Əliyev və Rəşad İlyasov məruzələrlə çıxış etdilər. Məruzələrdə Qafqaz Albaniyasının tarixi və müasir etnik varisləri haqqında səslənən zəngin məlumatlar yerli ictimaiyyət və şagird-müəllim kollektivləri tərəfindən maraqla qarşılandı. Aydındır ki, tarixi bir fenomen olan Qafqaz Albaniyasının keçmişi və bugünü qlobal dünya üçün multikultural dəyərlər baxımından zəngin məzmun daşıyır. 2500 ildən çoxdur ki, müxtəlif etnik qruplar Qafqaz Albaniyası tərkibində tarixin mərhələlərindən keçərək hazırda Azərbaycan ərazisində tolerant, Vil Kimlikanın təbirincə “multikultural vətəndaşlıq”, Yurgen Habelmasın təbirincə isə “konstitusional vətandaşlıq” şəraitində yaşayırlar. Tədbir sonunda multi-etnik folklor nümunələrinin səsləndirilməsi rayondakı multikultural estetizmin də yüksək səviyyədə olduğunu təsdiq etdi.

Tarixi-dini və multikulturalizm məsələləri ətrafında çıxışlardan sonra Əliabad qəsəbə 1 saylı tam orta məktəbində Bilik Fondunun “Qardaşlaşmış məktəblər”  layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərdən birində də iştirak etdik. Bir ildən artıqdır ki, həyata keçirilən bu layihə işlərindən biri kimi tədbirə qatılan məktəblilər arasında Qardaşlaşma Sazişi imzalandı. Bilik Fondunun icraçı direktor Oqtay Səmədovun da haqlı olaraq qeyd etdiyi kimi, “məktəblilərin  imzaladıqları bu sazişlər onların şagird həyatlarında həm də məsuliyyətin, qardaşlaşmanın və Zaqatala rayonunda şahidi olduqları multikultural dəyərlərin böyük rol oynayacağını gələcəkdə göstərəcək”.

Layihə çərçivəsində müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılması, bunun da xüsusilə müxtəlif etnik qrupların daxil olduqları bu layihədə məktəblilər arasında həyata keçirilməsi şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olur. Və məşhur multikulturalizm nəzəriyyəçisi Çarlz Teylorun ifadəsi ilə desək, beləcə qarşılıqlı “tanışma” hadisəsi baş verir.  Tədbirin konsertlə yekunlaşan hissəsində qardaşlaşmış məktəblərin şagirdləri folklor nümunələrindən ibarət parçalar səsləndirdilər ki, bunu da  bilik və multikulturalizm dəyərlərinin inteqrativ təcəssümü kimi dəyərləndirməmək mümkün deyil.

Məlum olduğu kimi, hazırda Ramazan ayındayıq. Əliabad qəsəbəsində tədbirlər bitdikdən sonra axşam iftarının vaxtı yaxınlaşırdı. Ardıcıl tədbirlərin çoxluğuna və iştirakçıların fiziki yorğunluqlarına baxmayaraq iştirakçıların üz-gözündə təbəssüm parlayırdı. Oruclular iftarlarını Zaqatala rayonu Əliabad qəsəbəsində  açdılar. “Qardaşlaşmış məktəblər”  layihəsinə müvafiq olaraq müxtəlif region məktəblərindən gəlmiş şagirdlər Əliabad qəsəbəsindəki şagirdlərin evlərində gecələdilər. Tədbirlərin bu qaydada multikultural həyatı təcrübədə yaşayan şagirdlərin dünyagörüşünə necə hansı müsbət təsiri göstərəcəyi də bəllidir.

Proqramın ikinci günü Heydər Əliyev Mərkəzində “Kitabi-Dədə Qorqud”un Zaqataladakı izləri” adlı konfrans keçirildi. İcra başçısının,  rayon ictimaiyyətinin və Bakıdan gəlmiş alimlərin iştirakı ilə keçirilən konfransdakı çıxışlar da çox maraqla qarşılandı. İştirakçıların diqqətini çəkən əsas məqamlardan biri bu oldu ki, Zaqatala rayonu ərazisində hazırda Dədə Qorqud dastanında yer alan yer adları qalmaqdadır. Bu toponimlər bölgənin multikultural mühitinə də müsbət təsir göstərir, Dədə Qorqud dastanlarının ruhundan gələn yaşantılı tarixi multikultural dəyərlər sakinlərin qan yaddaşında keçmişlə gələcəyin bütünləşməsinə səbəb olur.

Konfransın moderatoru Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov bu silsilə tədbirlərin böyük nəticələr verəcəyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bilikli cəmiyyətin və multikultural mühitin yaradılmasına xüsusilə Zaqatala rayonu yeni töhfələr  verəcək. O, çıxışını  Dədə Qorqudun bu deyimi ilə tamamladı: “Haqq yandıran çırağımız sönməz olsun”.

Bakıya qayıdarkən tədbir iştirakçıları yolustü Qax rayonu ərazisində yerləşən qədim Alban abidəsi - Kürmük məbədini ziyarət etdilər. Burada Şüvəlan və İvanovkadan gəlmiş məktəblilərə tarixi abidə haqqında məlumat verildi.

Beləliklə, Zaqatala səfərində şagird, tələbə, dövlət məmurları və alim-professor heyətinin iştirakı ilə keçirilən tədbirlər silsiləsi bir daha onu göstərdi ki, Azərbaycanda mövcud multikultural mühit, dövlətin multikulturalizm siyasəti cəmiyyətdə möhkəm, perspektivli dayaqlara malikdir və bu sahədə inkişaf dinamikası günü-gündən artmaqdadır.

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru

 





27.06.2015    çap et  çap et