525.Az

Lüksemburqda keçirilən layihəyə yekun vurulub


 

Lüksemburqda keçirilən layihəyə yekun vurulub<b style="color:red"></b>

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi “Odlar yurdunun min bir rəngi...”  adı altında reallaşdırdığı layihənin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, təqdimat mərasimi Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində baş tutub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırılıb. Layihə çərçivəsində iyunun 15-dən 20-dək Lüksemburqda Azərbaycanın gənc qadın rəssamlarından Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın əsərlərindən ibarət sərgi keçirilib.

Təqdimat mərasimində qeyd edilib ki, sərginin təşkilində Lüksemburqdakı “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının, eləcə də Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfirliyinin xüsusi əməyi olub. Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası özünün sərgi zalının qapılarını Azərbaycanın gənc qadın rəssamlarına böyük sevgi ilə açıb, sərgiyə daha çox qonağın tamaşa etməsi üçün əlindən gələni əsirgəməyib.

Təqdimat mərasimində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva layihənin məqsədləri barədə ətraflı məlumat verib, layihənin reallaşmasına dəstək verdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirib.

Xatırladaq ki, “Odlar yurdunun min bir rəngi...” layihəsinin həyata keçirilməsində əsas məqsəd Avropalıları Azərbaycanda gedən sürətli iqtisadi inkişafla bir daha tanış etmək, ölkəmizin gözəllikləri, tarixi abidələri, mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaq olub. Ona görə də sərgidə nümayiş olunan əsərlər içərisində Qarabağ mövzusu xüsusi yer tutub, Avropa oyunlarına dair əsərlər  təqdim edilib.

Şəhla Nağıyeva bildirib ki, biz hər ölkəyə bu cür səfərə gedərkən Azərbaycanın tanıdılması və təbliği məqsədilə çoxsaylı kitab və broşuralar aparırıq. Bu dəfə də istisna deyildi. Lakin biz görəndə ki, artıq Lüksemburqda, ötən ilin noyabrından fəaliyyətə başlayan “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası Heydər Əliyev Fondunun böyük məhəbbətlə müxtəlif Avropa dillərində hazırladığı kitab, albom və broşuralara təmin edilib və assosiasiya bu materiallardan kifayət qədər səriştəli şəkildə istifadə edir, təəccübümüzü gizlədə bilmədik. Çünki sərgiyə gələn qonaqlar rəsmlərlə yanaşı bu kitablarla da yaxından tanış olur, çoxlu suallar verirdilər. Həmin materiallar arasında Azərbaycanın və Qarabağın tarixi və mədəniyyəti haqqında, Xocalı faciəsi barədə və s. mövzularda xeyli kitab var idi.

Bütün bunlara əlavə olaraq gənc rəssamlar sərgiyə gələn qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalını göstərən rəngli xəritələr paylayıblar.

Təqdimat mərasimində gənc rəssam Şəhla Qəhrəmanlı da çıxış edərək sərgi barədə təəssüratlarını bölüşüb, təşkilatçılara təşəkkürünü bildirib, bu cür mədəniyyət tədbirlərinə yaxından dəstək verən dövlətmizə minnətdarlığını ifadə edib.

Sonda “Odlar yurdunun rəngləri Lüksemburqda” adlı sənədli film nümayiş olunub. Film Lüksemburqda keçirilən sərgiyə həsr edilib.

 





29.06.2015    çap et  çap et