525.Az

“Hala sıra bəndə...”


 

2010-cu İL 24 DEKABR KOMRAT ŞƏHƏRİ - QAQAUZ YERİNİN PAYTAXTI

“Hala sıra bəndə...”<b style="color:red"></b>

Bu gün Qaqauz Yeri Dövlət Universitetinin düz qarşısında ulu öndərimiz Heydər Əliyevin və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin büstlərinin açılış mərasimidir. Hər iki büst üzbəüz dayanıb. Bunu Qaqauz yerinin keçmiş başqanı mənim yaxın dostum Mixayil Formuzalla qəsdən belə etmişik ki, qoy burdan keçənlər, nəinki qaqauzlar, lap elə başqa millətlərin nümayəndələri də görüb bilsinlər ki, Azərbaycan və Türkiyə həmişə bir yerdə olub və olacaqlar. Biz ayrılmazıq. Bizim dostluğumuz... yox... Dost sözü bir az zəif çıxır. Yəni biz birik, biz qardaşıq. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş qardaşlarıq. Və universitetin qarşısı da təsadüfi seçilməyib. Mən həmin bu universitetdə Moldovada altı il səfir işlədiyim müddət ərzində “Azərbaycan dili və tədris mərkəzi” kafedrası yaradıb, müxtəlif vaxtlarda XX əsr Azərbaycan ədəbiyyatından dərs demişəm.

Bu təntənəli açılış mərasiminə həm Bakıdan, həm də Türkiyədən çox sayda rəsmi qonaqlar da gəlib. Bir gün əvvəl Bakıdan gələn qonaqları Kişinyev Hava Limanında qarşılayıb, elə həmin günün axşamı da Komrata yola düşüb, gecəni orada qalmışam ki, səhər sübh erkən yola çıxmayaq. Nə qədər olmasa, 130-140 km yoldur. Hər yan qar, buz. Şaxtada ki, 20 dərəcədən artıqdır. Hər şey ola bilər. Ulu öndərimizin büstünü isə bir həftə əvvəl Komrata aparıb, yerində hazırlıq işi görmüşdük.

Səhər tezdən Qaqauz Yerinin başqanı Mixayil Formuzalın otağına gəlib, elə burada olmağım barəsində xəbər vermək istəyirdim ki, birdən başqan:

- Sayın böyük elçim, nerdesiniz? Buyurun, sizi bekliyoruz.

Gülə-gülə:

- Aff etməyinizi rica ederim. Bir kadar gec kaldım.

Elə içəri daxil olmaq istəyirdim ki... Otaqda kresloda oturmuş, müasir dövrün Uinston Çerçili adlandırılan, Türkiyənin 9-cu prezidenti, dünya siyasətində öz xüsusi çəkisi olan Süleyman Dəmirəli gördüm. Aman Allah, mən kimi görürəm? Bu, Süleyman Dəmirəlmidir? Özümdən asılı olmayaraq gözlərim Süleyman Dəmirəldə, xəyalən isə ani olaraq dünənə qayıtdım. Mən o vaxta qədər Süleyman Dəmirəli həyatda görməmişdim. Cəmisi bir dəfə telefonla danışmışdım. Cəmisi bircə dəfə. Onda da heç bilməmişdim ki, danışdığım adam Süleyman Dəmirəldir. O da ki, bir neçə an. Vəssalam.  

2003-cü İL DEKABR 

Ulu öndərimizin matəm günləri idi. Süleyman Dəmirəl dəfndə iştirak etmək üçün Ankaradan Bakıya gəlib, dəfndə iştirak edib, öz səfirliklərinə getmiş, elə ordan da evimizə telefon açmışdı.

Atamla mən Ulu öndərimizin dəfn mərasimindən yenicə qayıtmışdıq. Atam yaman fikirli idi. Kədər içində idi. Onu tək qoymamaq üçün atamla birgə evə qalxdım. Atam heç cürə özünə gələ bilmirdi. Mənimlə ötənlərdən danışırdı, amma fikri isə tamam başqa bir yerdə idi. Elə bu vaxt telefon zəng çaldı. Dəstəyi mən qaldırdım. Xəttin o biri başından, çox yatımlı, şirin, eyni zamanda zabitəli, zəhmli bir kişi səsi eşitdim. Bir qədər yorğun, kədərli bir kişi səsi:

- Övladım, Bahtiyar beylə konuşa bilirmiyiz?

- Baş üstünə... Ata, səni bir nəfər türk telefona çağırır.

 O vaxtlar evimizə zəng edənlərin əksəriyyəti elə türklər olardılar. Telefon edən Süleyman Dəmirəl idi. Atamla görüşmək istədiyini bildirdi. Atam dərhal geyinib, evdən çıxdı.

Bu görüşdən atam evə çox gec gəldi. Mənə zəng edib, yanına çağırdı. Yenə də oturub söhbət edirdik. Fikri dağınıq idi. Atam dedi ki, Süleyman Dəmirəl çox kədərli şeylər danışırdı və sonda:

-  Haydar Aliyevi kayb etdik. Bahtiyar bey, hala sıra bəndə! Benim sıram çatdı. Beni defn etmeye sen de gelersin, kardeşim. Sözlərini demişdi... Amma... nə isə...

 Süleyman Dəmirəlin bu sözlərindən 6 il sonra atam dünyasını dəyişdi.

lll

Atamla Süleyman Dəmirəli Ulu öndərimiz Heydər Əliyev tanış etmişdi. 1997-ci ildə Ulu öndərimiz atamı cərrahiyyə əməliyyatı olunması üçün Türkiyəyə göndərmişdi. Elə hava limanındaca atamı Süleyman Dəmirəl özü qarşılamış və öz şəxsi klinikaya apartdırmışdı.

- Mən səni başqa birisinə etibar edəməm, - demişdi.

Atam xəstəxanada yatarkən tez- tez yanına baş çəkərdi. Cərrahiyyə əməliyyatı və bütün müalicə qurtarandan sonra atam bir müddət Süleyman Dəmirəlin qonağı oldu. Sonralar hava limanında atamı Bakıya ötürərkən:

- Bahtiyar bey, kardeşim, Haydar Aliyev sizi nə yaman çox sevirmiş. Sizdən xəbərsiz dəfalarca bana telefon açmış, səhhətinizi merak etmişdir.

... İndi isə bu dünyaya da nə ulu öndərimiz var, nədi ki digərləri.

Formuzalın səsi məni dünəndən bu günə qaytardı. Fikirdən ayıldım. Başqan məni Süleyman Dəmirələ təqdim edərək:

- Sayın Süleyman bey, bilirmisiniz mi karşınızdakı kimdir? Bu, Azerbaycanın Moldovadakı büyük elçisi Vahabzade...

Süleyman bəy əlini mənə tərəf uzadıb, üzünü isə Formuzala tutub, sözünü kəsərək:

- Başqan bey, taqdim etməyə heç bir ehtiyac yok. Ben duymuşdum ki, rahmatli Bahtiyar beyin övladı Moldovada büyük elçidir. Şimdi gördüm.

Əyilib Süleyman bəyin əlini öpüb, alnıma qoydum.

- Bana şərəf verdiz, - dedim.

Yanında əyləşdim. Halımı soruşdu. İşlərimlə maraqlandı. Yavaş-yavaş söhbətə başladıq. Ulu öndərdən danışdı. Cənab Prezidentimiz İlham Əliyevdən danışdı. Onun apardığı siyasətin çox gözəl, dəqiq, məqsədyönlü olduğunu qeyd etdi. Daha sonra:

- Mən həmişə deyərdim ki, Azərbaycanda mənim iki kardeşim var. İndi heç biri yoxdur bu dünyada. Haqqa qovuşmuşlar. Hala sıra bəndə!

Atamın sözləri yadıma düşdü.

...Həmin gün təntənəli tədbirdə həm Süleyman Dəmirəl, həm də mən Qaqauz Yerinin fəxri vətəndaşı seçildik. Bizə diplom təqdim etdilər, orden də verdilər. Mən bununla olduqca fəxr edirəm. Fəxr edirəm ki, həmin tədbirdə mənim adım Süleyman Dəmirəlin adıyla bərabər çəkildi. Süleyman Dəmirəllə birgə şəkil də çəkdirdik. O şəkil indi evimizdədir, mənim üçün ən qiymətli, ən əvəzsiz bir şəkildir. Əlbəttə bu bir tarixdir. Süleyman Dəmirəl, mən və bir də Qaqauz Yerinin keçmiş başqanı Mixayıl Formuzal... Sonra Süleyman Dəmirəli hava limanından Ankaraya ötürərkən onun bu kədərli sözlərini yenə də eşitdim. “Övladım, hala sıra bəndə...”

- Sıra sizə də çatdı, Süleyman Dəmirəl. Haqqın dərgahına qovuşdunuz. Allah rəhmət eləsin!

Minsk, 2015-ci il. 

 





29.06.2015    çap et  çap et