525.Az

“Serbiya gənclərin gözü ilə”


 

“Serbiya gənclərin gözü ilə”<b style="color:red"></b>

Cari ilin dekabrın 20-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) “Serbiya gənclərin gözü ilə” adlı geniş təqdimat tədbiri keçiriləcək.

İttifaqdan 525.az-a verilən məlumata görə, Serbiyanın ölkəmizdəki Səfirliyinin dəstəyi ilə keçiriləcək tədbirdə ATGTİ-nin nəzdində fəaliyyət göstərən “Biznes”, “Rəssamlar”, “Jurnalistlər” və digər işçi qruplarının fəalları tərəfindən Serbiyanın iqtisadiyyatı, tarixi, mədəniyyət inciləri və s. tədbir iştirakçılarına təqdim olunacaq. Bundan əlavə ATGTİ-nin beynəlxalq əlaqələr departamenti ölkələrimiz arasındakı diplomatik əlaqələrin inkişafını və  bu əlaqələrin prioritetlərini tələbə-gənclərin diqqətinə çatdıracaq.

Tədbirdə həmçinin Səfirliyin dəstəyi ilə Serbiyanın müxtəlif tanıtım videoçarxları, eyni zamanda Böyük Vətən müharibəsi zamanı paytaxt Belqradın alman faşistlərindən azad olunması döyüşlərində “Belqrad Diviziyası” tərkibində döyüşmüş azərbaycanlı veteranların xatirələrindən bəhs edən qısametrajlı film, Serbiyaya aid müxtəlif kitablar təqdim olunacaq.

Qeyd edirik ki, təqdimat mərasimində Serbiyanın ölkəmizdəki səfiri Zoran Vayoviç də iştirak edəcək.

Bildiririk ki, keçiriləcək tədbir ATGTİ ilə Serbiyanın Bakıdakı səfirliyi arasında əməkdaşlıq çərçivəsində baş tutacaq. Bu əməkdaşlığın əsası bu ilin iyulunda ATGTİ nümayəndələrinin səfir Z.Vayoviçlə görüşü zamanı qoyulmuş və həmin görüşdə İttifaqla səfirlik arasındakı əlaqələrin inkişaf istiqamətləri müzakirə edilmişdi.

 





18.12.2012    çap et  çap et