525.Az

Azərbaycan nümayəndə heyəti UNESCO-nun ali toplantısında


 

Azərbaycan nümayəndə heyəti UNESCO-nun ali toplantısında <b style="color:red"></b>

İyunun 28-dən iyulun 8-dək Almaniyanın Bonn şəhərində "İrs naminə birləşək!" şüarı altında UNESCO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası keçirilir. Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, UNESCO üzrə Milli Komissiyanın nümayəndəsi iştirak edir.

Nazirlikdən "Azərtac"a bildirilib ki, sessiyanın açılış mərasimində UNESCO-nun Baş direktoru İrina Bokova, Almaniyanın xarici işlər üzrə dövlət naziri M.Böhmer, UNESCO baş konfransının sədri Hao Ping, qurumun İcraiyyə Şurasının sədri Muhammad Amr çıxış edərək dünya mədəni irsinin qorunmasının vacibliyi, bu istiqamətdə ölkələrarası əməkdaşlığın təşviqi, münaqişə zonalarında abidələrin və tarixi məkanların mühafizəsinin olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırdılar.

Komitənin gündəliyində duran əsas məsələlər üzv dövlətlər tərəfindən Ümumdünya İrs siyahısına daxil olunması məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq sözügedən siyahıya daxil olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımların və digər məsələlərin müzakirəsidir.

Qeyd edək ki, komitənin hazırkı sessiyası dünyada mədəni abidələrin məqsədyönlü şəkildə dağıdılması fonunda keçirilir və məhz bu səbəbdən UNESCO-nun diqqəti xüsusi olaraq bu məsələyə yönəlib. Təsadüfi deyil ki, bu sessiya çərçivəsində UNESCO-nun Baş direktoru xanım İ.Bokovanın iştirakı ilə "İrsin qorunması naminə qlobal koalisiya" adlı təşəbbüsün təqdimat mərasimi keçiriləcək.

Məlum olduğu kimi, Azərbaycanın İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrsi siyahısındadır. Hazırda ölkəmizin digər tarixi-mədəni abidələrinin bu siyahıya daxil edilməsi üçün iş aparılır.

 

 





30.06.2015    çap et  çap et