525.Az

Könül Xasıyevadan Müəllif Hüquqları Agentliyinə şikayət edildi


 

Könül Xasıyevadan Müəllif Hüquqları Agentliyinə şikayət edildi<b style="color:red"></b>

Əməkdar artist Könül Xasıyevanın ifa etdiyi “Gecələr” mahnısının bəstəkarını Şahid Əbdülkərimov kimi təqdim etməsi narazılığa səbəb olub.

Mərhum bəstəkar Bəhram Nəsibovun qızı Güldəstə Nəsibova atasının müəllifi olduğu mahnının Şahid Əbdülkərimovun adı ilə təqdim olunması ilə bağlı bu gün Müəllif Hüquqları Agentliyinə müraciət edib. G. Nəsibova APA-ya açıqlamasında bildirib ki, Könül Xasıyeva ilə bu problem bir müddət əvvəl də yaşanıb: “Könül Xasıyeva o zaman da Bəhram Nəsibovun müəllifi olduğu “Gecələr” mahnısını Şahid Əbdülkərimovun bəstəsi kimi təqdim etmişdi. O zaman Könül Xasıyeva ilə danışdım və o, musiqinin atama məxsus olmasından xəbərsizliyini bildirdi. Məni dinlədi, bundan sonra müəllifin Bəhram Nəsibov olduğunu qeyd edəcəyini söylədi. Bu gün isə İctimai Televiziyanın qonağı olan Könül Xasıyeva bu mahnıya çəkdirdiyi klipi təqdim etdi. Klipdə mahnının sözlərinin müəllifi Bəxtiyar Vahabzadə, musiqisinin müəllifi isə Şahid Əbdülkərimov göstərilib. Mahnıya təmtəraqlı təqdimat mərasimi keçirilib. Bundan sonra mən bu gün Müəllif Hüquqları Agentliyinə müraciət elədim”. G.Nəsibova bildirib ki, Müəllif Hüquqları Agentliyində bu mahnı Bəhram Nəsibovun adına qeydiyyatdan keçib: “Bunu bir çox bəstəkarlar da təsdiq ediblər”.
 
Bir qədər əvvəl xalq artisti Niyaməddin Musayevin də bu mahnıya iddialı olduğunu deyən G. Nəsibova qeyd edib ki, o vaxt da Müəllif Hüquqları Agentliyi məsələyə müdaxilə edib: “İşin məhkəməyə gedib çıxmasına az qalmışdı. Sonra Niyaməddin Musayev iddiasını geri götürdü. Budəfəki müraciətimdə tələb edirəm ki, mahnı bəstəkarın - Bəhram Nəsibovun adı ilə təqdim edilsin. Bu mahnı 1974-cü ildə yazılıb, o zaman atam yaza bilmirdi, tarda çalıb-oxuyurdu və bir növ imzasını bu cür qoyurdu. Bizdə o kaset də var. İndi bilmirəm nədənsə bu mahnı ətrafında Şahid Əbdülkərimovun adı hallanır. Şahid Əbdülkərimovla atamın lap son günlərə qədər çox yaxşı münasibətləri var idi. Bizə gəlib-gedirdi, onların arasında heç vaxt bu mahnıya görə problem olmayıb, bunu bütün məsuliyyətimlə deyirəm. Bu insanlar həyatda olmayanda bu məsələ aktuallaşdı, iddialı adamlar artmağa başladı, mahnıya dəxli olmayan adamlar müxtəlif iddialara ortaya çıxdılar. Vaxtilə atamın bir neçə mahnısına iddia ediblər, sonradan hər biri iddiasını geri götürüb”.
 
APA-nın əməkdaşı məsələyə münasibət bildirməsi üçün əməkdar artist Könül Xasıyevanın mobil telefonuna zəng etsə də, telefona müğənninin bacısı Kəmalə Həmidova cavab verib. K. Həmidova Könül xanımın hazırda rayonda olduğunu deyib, məsələyə onun adından münasibət bildirə biləcəyini açıqlayıb: “Müəllif Hüquqları Agentliyindən bizə möhürlə təqdim olunan sənəddə mahnının sözlərinin Bəxtiyar Vahabzadəyə, musiqisinin Şahid Əbdülkərimova məxsus olduğu yazılıb. Bəhram müəllimin özünə və ruhuna böyük hörmətimiz var. Əgər Bəhram Nəsibovun qızı narahatdırsa, Müəllif Hüquqları Agentliyinə üz tutsun. Hətta bir çox musiqiçilər bu mahnının Şahid Əbdülkərimovun iştirakı ilə məşq etdiklərini bildiriblər. Bəxtiyar Vahabzadənin şeirlər toplusu var – Bəhram müəllimin qızı o kitaba da baxsın, orada yazılıb “Gecələr” mahnısının sözləri Bəxtiyar Vahabzadə, musiqisi Şahid Əbdülkərimovundur”.

Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya açıqlamasında mərhum Bəxtiyar Vahabzadənin sağlığında çap olunmuş, onun özünün tərtib etdiyi kitabın 311-ci səhifəsində mahnının musiqisinin Şahid Əbdülkərimova aid olduğunun göstərildiyini diqqətə çatdırıb: “Mərhum Bəxtiyar Vahabzadənin sağlığında 2004-cü ildə “Öndər” nəşriyyatı tərəfindən iki cilddən ibarət seçilmiş əsərləri buraxılıb. O əsərlərin I cildində onun nəğmələri ayrıca bölmədə verilib. Burda Könül Xasıyevanın da ifa etdiyi “Gecələr, ay gecələr” mahnısının da mətni verilib və orda göstərilib ki, mahnının musiqisinin bəstəkarı Şahid Əbdülkərimovdur. Könül Xasıyeva bununla bağlı bizə sorğu vermişdi, sorğuya cavab verdik ki, biz də olan məlumata görə, bunun bəstəkarı Şahid Əbdülkərimovdur, biz Könül xanımın sorğusuna belə cavab vermişik.
Güldəstə Nəsibova bu məsələ ilə bağlı bizimlə əlaqə saxlayıb. Biz də sabah bəzi məqamları bir daha araşdırmaq üçün əlaqə saxlayacağımızı bildirmişik, hazırda bu məsələni araşdırırıq. Təbii ki, sübutlarla müəyyən olunsa ki, mahnının musiqinin müəllifi Bəhram Nəsibovdur, deməli müəllif də odur”.

 





18.12.2012    çap et  çap et