525.Az

İyun təntənəsi


 

ƏN YENİ TARİXİN 17 GÜNLÜK AZƏRBAYCAN MANİFESTİ

İyun təntənəsi<b style="color:red"></b>

"17 gün ərzində bir komanda şəklində birləşən Azərbaycan xalqının şərəfli kapitanı İlham Əliyev idi.  Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi".

Mehriban Əliyeva, "Bakı-2015" Birinci Avropa Oyunları  Təşkilat Komitəsinin sədri

İllər, onillər, qərinələr ötüb keçir, xələflər keçmişə nəzər salıb tarixin yaddaşına yazılmış şanlı səhifələrlə tanış olanda öz sələflərini böyük iftixar və qürur hissi ilə xatırlayırlar. Bu il - 2015-ci ilin isti yay günlərində Azərbaycan tarixin yaddaşına gələcək nəsillərin böyük qürur hissi ilə, məmnunluqla xatırlayacağı daha bir şanlı səhifə yazdı.

Bütün dünyanın həyəcanla izlədiyi 17 günlük böyük bir marafon başa çatdı. Azərbaycan Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə öz adını dünya tarixinə qızıl hərflərlə yazdırdı. Aradan yüz illər keçsə belə, Avropa Oyunları deyiləndə məhz Azərbaycan yada düşəcək. Tarixdə hər zaman ilklər yadda qalır. Qitə miqyaslı olmasına baxmayaraq, bütün dünyanın böyük maraqla izlədiyi Avropa Oyunlarının açılış mərasimi kimi bağlanış mərasimi də öz möhtəşəmliyi ilə hər kəsi heyran qoydu. Bakının tarixiliyi ilə müasirliyinin harmoniyasını özündə ehtiva edən tədbir proqramı qədim dövlətçiliyə malik, tarixi soykökə, adət-ənənələrə bağlı Azərbaycanın müasir dünyaya sürətli inteqrasiyasını bədii üslubda ifadə etdi. Gənc olmasına baxmayaraq, qısa dövr ərzində yaratdığı müasir infrastruktur, yetişdirdiyi peşəkar və güclü idmançılarla özünü idman ölkəsi kimi bir daha təsdiqləyən Azərbaycan, həm də tərənnüm etdiyi ən ali dəyərlərlə dünyaya sülh, dostluq mesajları ötürməyə nail oldu. Heç şübhəsiz ki, bu uğurun arxasında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev və "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva dayanır. Avropa Oyunlarında qalib gələn Azərbaycan idmançıları ilə görüşdə ölkənin birinci xanımı M.Əliyeva haqlı olaraq qeyd etdi ki, 17 gün ərzində bir komanda şəklində birləşən Azərbaycan xalqının şərəfli kapitanı məhz dövlət başçısı İlham Əliyev idi: "Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq".

"Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın dilə gətirdiyi bu sözləri isə əyani şəkildə üçqat Paralimpiya çempionumuz, ilk Avropa Oyunlarının qızıl mükafatçısı İlham Zəkiyev nümayiş etdirdi. Dövlət başçımızı qalib idmançılar üçün nəzərdə tutulan fəxri kürsüyə dəvət etməklə ölkəmizin liderinin həm də xalqımızın şərəfli kapitanı olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu Vətənin layiqli oğlu İlham Zəkiyevin timsalında Azərbaycan xalqının ölkə rəhbərinə verdiyi böyük qiymət, dərin hörmətin təzahürü idi.

İşğalda və idmanda yeni rekordlar

Ölkəmizin ən yüksək səviyyədə təşkil etdiyi beynəlxalq idman tədbiri çoxlarında xoş təəssüratlar yaratsa da, bəzilərinin qəzəbinə, qısqanclığına da səbəb oldu. Müstəqil siyasət xəttinə malik Azərbaycanın inkişafını, qazandığı nailiyyətləri həzm edə bilməyən qüvvələr bu ərəfədə öz çirkin fəaliyyətlərini davam etdirərək dövlətimizi ən geridə qalmış, sivil hüquqların tapdalandığı ölkə kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışdılar. Azərbaycanda Avropa Oyunları getdiyi bir vaxtda Avropada anti-Azərbaycan oyunu oynanılırdı. Anti-Azərbaycan şəbəkəsi avropalıları yarışları "boykot" etməyə çağırsa da, onların məkrli niyyətləri baş tutmadı. Xarici dairələr nə qədər canfəşanlıq göstərsələr də, təkcə Avropadan deyil, dünyanın digər qitələrindən də idman yarışlarını arenalardan canlı izləmək üçün ölkəmizə təşrif buyuran turistlərin, televiziya vasitəsilə oyunları seyr edən milyonlarla tamaşaçının yaddaşında Azərbaycan sivil, demokratik, sülhsevər, tolerant və multikultural ölkə kimi qaldı. Xalqı dövlətlə qarşı-qarşıya qoymaq, ölkəni qarşıdurma məkanına çevirmək istəyən Qərb dairələri isə bir daha şahidi oldu ki, Azərbaycan xalqı öz lideri ilə fəxr edir, qürur duyur, ona güvənir və sonsuz inam bəsləyir.

Cəmi 30 ay ərzində Azərbaycan bütün hazırlıq mərhələlərini arxada qoyaraq dünya idman tarixində yeni rekorda imza atdı. Çünki buna qədər heç bir ölkə bu qədər qısa vaxt ərzində Avropa Oyunları kimi böyük bir tədbirinin keçirilməsinə nail ola bilməyib. Bu böyük məsuliyyətin öhdəsindən yalnız Azərbaycan kimi hərtərəfli inkişafa, sabitliyə və sosial tərəqqiyə malik olan dövlət gələ bilərdi. Azərbaycan bu oyunlara ev sahibliyi etməklə həm də Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Ona görə də bu mötəbər tədbiri dövlətimizin idmana, gəncliyə verdiyi böyük töhfə, qayğı və dəyər kimi qiymətləndirmək lazımdır. Lakin ölkəmizə qarşı silah kimi çevrilən qüvvələr dəfələrlə sübut etdilər ki, hədəf seçdikləri dövlətlərdə qısa müddət ərzində xaos, qarışıqlıq yaratmaq mümkündür. Çünki onlar bunu yaxşı bacarırlar. Tarixən də bu belə olub. Yaxın tarixdə isə Qərbin və ABŞ-ın İraq, Misir, Liviya kimi dövlətlərə ildırım sürətli hücumları hələ heç kəsin yaddaşından çıxmayıb. Üzərindən onillər keçsə də belə bir təəssürat var ki, sanki həmin hadisələr dünən baş verib. Bəlkə də, bizim bu cür düşünməyimizə səbəb olan tənəzzülə uğradılan ölkələrin vətəndaşlarının bu gün də başına gətirilən oyunlar və müsibətlərdir. Diqqət yetirsək, terrora məruz qalanlar da, adı terrorla ləkələnənlər də məhz müsəlmanlardır. Bu acı gerçəkliyi onlara yaşadan məkrli qüvvələr hazırda Azərbaycan xalqının da işıqlı sabahını əlindən almağa çalışırlar: çıxartdıqları qərarlarla 1 milyondan artıq azərbaycanlının hüquqlarını əllərindən aldıqları azmış kimi, barələrində konkret ittihamlarla cinayət işi qaldırılmış 4-5 nəfəri bəhanə gətirərək dövlətimizi fundamental haqları pozmaqda, demokratiyanı boğmaqda günahlandırırdılar. Lakin hadisələr onlar istədiyi kimi cərəyan etmədi. Azərbaycan bütün xarici təzyiqlərə rəğmən Birinci Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edə bildi. Yarışların keçirildiyi 17 gün ərzində ağlı-qaralı bütün dünyanın gözü bizdə idi. Kimi bu möhtəşəm tədbirdən zövq almağa, özü üçün müsbət nəticələr çıxartmağa çalışırdı, kimisə mikroskopla nöqsanlar axtarmaqda idi. Hərçənd, qlobal problemə çevirmək üçün axtarışları heç bir nəticə verməyən bədxah qüvvələr Azərbaycan qarşısında aldıqları gözlənilməz məğlubiyyətdən daha da qıcıqlanaraq çirkin fəaliyyətlərini müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə davam etdirməyə başladılar. Təsadüfi deyil ki, sonuncu dəfə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə keçirilən dinləmələrdə qurum beynəlxalq hüququn ziddinə gedərək Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktını inkar edən qərar çıxardı. Siyasətdə iyrənc fikirlərin əksəriyyətinin müəllifləri olan ingilislərin belə bir sözü var: "Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə, siyasət meydanı sizin üçün bağlıdır". Məhz bu gün Qərbin Azərbaycana qarşı keçirdiyi müzakirələrin qayəsində bu ideya dayanır. Onlar demək olar ki, hər həftə işğalçı Ermənistanın nümayəndələri ilə birləşib ərazilərinin 20 faizini itirən Azərbaycana "əxlaq" dərsi keçməyə çalışırlar. Bu Qərbin əsl iç üzü və ali dəyərlərə verdiyi qiymətdir. Qarayaxma kampaniyası aparan qüvvələr Azərbaycanda sivil həyata mane olmaq, mütləq sabitliyi pozmaq, ölkəni xaos və uçuruma sürükləmək istəyir. Lakin bu onların fikirləşdiyi kimi asan məsələ deyil, hətta mümkünsüzdür. Anti-Azərbaycan şəbəkəsi formalaşdıran qüvvələr ölkəmizi heç vaxt İraqa, Əfqanıstana, Suriyaya çevirə bilməyəcəklər. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın təhlükəsizliyinin təminatı onun qüdrətli rəhbəri İlham Əliyev və peşəkar hazırlıqlı ordusudur. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti apardığı ardıcıl və məqsədyönlü siyasət xətti ilə həm daxili sabitliyi, həm də dünya birliyinə sürətli inteqrasiyanı təmin edir. Bu o deməkdir ki, heç bir halda xarici dairələr Azərbaycanda gedən hərtərəfli inkişafa, demokratiyanın dərinləşməsinə, insan hüquqlarının aliliyinin təmin olunmasına mane ola bilməyəcəklər.

Ancaq bu hadisələrdə Avropa özünü tam ortaya qoydu. Azərbaycan Qərb dairələrinin hökumətlərdə təmsil olunan qüvvələrini üzə çıxartmağa nail oldu. Lakin bununla Qərb itirilmədi. Biz yenə də Avropa ilə münasibətlərimizi qorumağa çalışacağıq. Bizim həmin hökumətlərin iqtidarlarının niyyətlərini təyin etmək imkanlarımız oldu. İstər Almaniyada Angela Merkel, istər Böyük Britaniyada Ceyms Kameron iqtidarı, istərsə də Amerikanın məlum dairələrinin bəlli kampaniyalarda özünə yer alması onu göstərib ki, sabah biz Kəlbəcər, Laçın, Şuşa uğrunda aparacağımız mübarizədə görəcəyimiz reaksiyaları sanki bu oyunlarda müşahidə edə bildik. Yəni, bu idmana münasibət deyildi, Azərbaycana münasibət idi. Lakin Qərb Azərbaycana qarşı hazırladığı "oyunlar"ı istədiyi sonluqla yekunlaşdıra bilmədi. Bu reallıq onlara yeni hədəflər müəyyənləşdirməyə imkan vermədi. Bu o deməkdir ki, Azərbaycan islamafob və ksenefob qüvvələrə qarşı keçilməz sədd rolunu oynadı. Dünya dövlətlərini talan etməyin yeni yolunu bir sıra Ərəb ölkələrində "uğurla" sınaqdan keçirən Qərb dövlətləri növbəti hücumlarını Azərbaycana etməklə səhvə yol verdiklərini anlamalıdırlar. İnsan hüquqları, söz və mətbuat azadlığını bəhanə gətirərək dövlətimizi demokratiyanı sıxmaqda ittiham edən xarici dairələr 20 ildən artıqdır Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşən vətəndaşlarımızın haqlarını qorumaq əvəzinə Dağlıq Qarabağın işğal faktını inkar etməklə beynəlxalq hüququn ziddinə gedərək insan hüquq və azadlıqlarını kobud şəkildə pozdular. Bununla anti-Azərbaycan kampaniyasına dəstək verən beynəlxalq təsisatlar öz nüfuzlarına böyük xələl yetirdilər. Ona görə də əgər Qərb bu cür yanaşma ilə özünü "demokratiya beşiyi" adlandırırsa, mən Azərbaycan kimi hüquqları başqaları tərəfindən pozulan məğrur xalqın nümayəndəsi, "haqsız" dövlətin vətəndaşı olduğum üçün fəxr edirəm!

Ən böyük hədəfimiz - Dağlıq Qarabağ

Azərbaycan Birinci Avropa Oyunlarını başa çatdıraraq yeni hədəflərini müəyyənləşdirdi. 2016-cı ildə ölkəmiz Dünya Şahmat Olimpiyadası və "Formula-1" üzrə Avropa Qran-Pri yarışlarını, 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşmasına ev sahibliyi edəcək. İdman sahəsində növbəti hədəfimiz Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə nail olmaqdırsa, ən böyük məqsədimiz Dağlıq Qarabağ torpaqlarını erməni işğalından azad etməkdir. Ona görə də, işğalçı Ermənistanın Azərbaycanın əldə etdiyi uğurları gözü götürməməsi təbiidir. Aydın məsələdir ki, düşmən ölkə bizim nailiyyətlərimizi obyektiv qiymətləndirmək fikrində deyil. İşğal siyasəti yürüdən dövlətdən normal münasibət gözləmək elə özü sadəlövhlükdür. Lakin bütün çətinliklərə baxmayaraq Azərbaycan qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çataraq bütün dünyaya növbəti dəfə öz gücünü göstərəcək. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi onsuzda heç kəs cəzasız qalmayacaq, ədalət bərpa olunacaq! Biz Dağlıq Qarabağ torpaqlarına mütləq qayıdacaq, şəhidlərimizin qanını yerdə qoymayacaq, pozulan haqları bərpa edəcəyik!

Əlbəttə ki, Azərbaycanın müstəqilliyindən, milli demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılmasından söhbət düşəndə ümummilli lider Heydər Əliyevi xatırlamamaq mümkün deyil. Bu gün müstəqil Azərbaycan dövləti ulu öndərin zəkasının qüdrəti sayəsində gələcəyə doğru inamla addımlamaqdadır. Çünki onun yolunu böyük cəsarətlə irəliyə aparan İlham Əliyev kimi layiqli rəhbərimiz var. Əminəm ki, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti ölkəmizə bundan sonra da yeni uğurlar qazandıracaq və bizi inamla böyük qələbəyə doğru aparacaq!

Bu mənada Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandıran ilk Avropa Oyunları dövlətimizin gələcək uğurlarına, qələbələrinə açılan qapı rolunu oynayır. Azərbaycan xalqı hələ çox zəfər günlərini qeyd edəcək. Aylar keçəcək, illər ötəcək bir-birinin ardınca əldə olunan tarixi uğurları hər bir azərbaycanlı böyük fərəh və qürur hissi ilə xatırlayacaq. Ən böyük zəfərimiz isə Azərbaycan xalqının şərəfli kapitanı İlham Əliyevin rəhbərliyi altında yaxın zamanlarda Dağlıq Qarabağın işğaldan azad edilməsi olacaq.

 





02.07.2015    çap et  çap et