525.Az

"Hazırda Azərbaycan bir uğur simvolu kimi çıxış etməkdədir"


 

"Hazırda Azərbaycan bir uğur simvolu kimi çıxış etməkdədir"<b style="color:red"></b>

"Artıq neçə gündür bütün ictimaiyyət ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin möhtəşəmliyindən danışır.Yerli media ilə yanaşı, xarici medialarda da oyunlara geniş yer verilməsi bir daha onu göstərdi ki, Azərbaycan bu kimi beynəlxalq layihələrin təşkilatçısı, təşəbbüskarı rolunda çıxış edərkən bu layihələrin uğuruna öncədən rəvac verir".

Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova dilə gətirib.Onun dediyinə görə, dövlətimiz başlatdığı bütün layihələri uğurla həyata keçirdiyi, qarşısına qoyduğu hədəflərə məqsədyönlü şəkildə yetişdiyi kimi, bu məqsədinə də yetişdi və əsl idman bayramını ölkəsinə yaşatdı.
 
O, mətbuata açıqlamasında bildirib ki, bununla da hər bir vətəndaşımız idman sevincini duydu, idman həyəcanını yaşadı. "Bütünlükdə Azərbaycan xalqı oyunların keçirilməsində, təşkilində bir komanda şəklində çıxış etdi ki, onun da nəticəsi göz önündədir. Biz öz qalibiyyətimizi İlk Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyinə dair qərar verildiyi andan qazanmışdıq. Amma buna baxmayaraq, idmançılarımız öz yüksək nailiyyətləri ilə seçildilər və medal sıralamasında ikinci yeri tutdular. Bununla da Azərbaycan idmanının nə qədər yüksək pillədə dayandığını sübut etmiş olduq.
 
Ölkə Prezidenti cənab İlham Əliyevin həm Prezident, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkənin ən prioritet istiqamətlərindən biri seçməsinin, idmançılara göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan dünyada ən yüksək standartlara və idman infrastrukturuna malik ölkə kimi tanınır. Xalqımıza bir inam daha aşılandı. Belə ki, məqsədyönlü bir işin arxasınca getdikdə bu işin sonu mütləq uğurla nəticələnir. Hazırda Azərbaycan bir uğur simvolu kimi çıxış etməkdədir. Bu, həm dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, həm də dünya ölkələri sırasında yerimizin, mövqeyimizin, nüfuzumuzun güclənməsində, əhalinin sosial imkanlarının genişlənməsində, hərbi gücümüzün və iqtisadi imkanlarımızın artmasında özünü göstərir".

K.HƏMİDOV

 





02.07.2015    çap et  çap et