525.Az

Bakıda "Formula-1" hazırlıqları davam edir


 

Bakıda "Formula-1" hazırlıqları davam edir<b style="color:red"></b>

2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı"  (Formula 1, Grand Prix of Europe) adı altında keçiriləcək “Formula-1” yarışlarına hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir.

Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.

Yarışları keçirəcək “Baku Grand Prix” şirkətinin mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər.

Əlavə edək ki, “Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.
Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

 





02.07.2015    çap et  çap et