525.Az

Şəkidə "İpək Yolu" VI Beynəlxalq musiqi festivalı keçirilir


 

Şəkidə "İpək Yolu" VI Beynəlxalq musiqi festivalı keçirilir<b style="color:red"></b>

İyulun 1-də Şəki şəhərindəki Yay teatrında beş gün davam edəcək Şəki "İpək Yolu" VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib.

Mərasimi şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə malik olan Şəkinin yenidən qapılarını möhtəşəm musiqi bayramına - "İpək Yolu" VI Beynəlxalq musiqi festivalına açdığını bildirib.

Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Artıq Şəki festivallar şəhəri kimi də tanınır. Ötən il şəhərdə 4 beynəlxalq festival keçirilib. Bu festivallara 20-ə yaxın xarici ölkədən 200-dən çox iştirakçı qatılıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki "İpək Yolu" Beynəlxalq musiqi festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Festivalın yüksək səviyyədə təşkili xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir. E.Usubov vurğulayıb ki, bu musiqi festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək.

Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib: "Bu günlərdə biz hamımız çox əlamətdar bir hadisəni - "Bakı-2015" Birinci Avropa Oyunlarının parlaq təəssüratlarını yaşayırıq. Sülhün, dostluğun və həmrəyliyin tərənnümü olan idman bayramı indi də musiqi bayramı ilə - Şəki "İpək Yolu" VI Beynəlxalq musiqi festivalı ilə davam edir".

Qeyd olunub ki, artıq altıncı dəfə Vətənimizin qədim və gözəl diyarı olan Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq.

Firəngiz Əlizadə bildirib ki, hər dəfə Şəki "İpək Yolu" Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq.

Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

 





03.07.2015    çap et  çap et