525.Az

Bakı Şərq və Qərbdən sərnişinləri qəbul edir


 

Azərbaycan mülki aviasiyası: keçmişi, bugünü və gələcəyi

Bakı Şərq və Qərbdən sərnişinləri qəbul edir<b style="color:red"></b>

Əgər macəranın ətri olsaydı, Bakının yeni aeroportu kimi ətir saçardı...

Aeroportlar ölkənin necə qəbul edilməsi baxımından vacib rol oynayır, axı bura insanların ölkədən ilk və son təəssürat aldığı yerdir. Həyatımızda aeroportların rolu artır. Aeroport bizə dəyərli olan insanları qarşıladığımız və ya köhnə sevgili ilə vidalaşdığımız yerdir.

Aeroport səyahətlərimizin ayrılmaz hissəsidir, bura gediş-gəliş, görüş və ayrılıq yeridir...

Digərləri ilə müqayisədə çox səyahət edənlər aeroportlarda daha çox vaxt keçirirlər. Aeroportun rahat olması həmişə xoş sürprizdir, üstəlik, arxitektura baxımından maraqlı və göz oxşayandırsa, bu, əlavə bonusdur.

Hər bir sərnişin hava limanlarında rahatlıq, təmizlik və yüksək xidmət, gülərüz, mehriban münasibət, üstəlik, diqqətli xidmət göstərən işçilər tapmaq istəyir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının hər il 6 milyondan çox sərnişin qəbul edəcəyi gözlənilir. Sərnişinlər ölkə və bütün Qafqaz regionuna açılan xatirə qapılarının funksionallığından zövq ala biləcəklər. Aeroportun binası 6500 kvadratmetr ərazini əhatə edir. Ötən ilin aprelində açılmış Hava Limanının binasına yuxarıdan baxanda qanadları açılmış böyük quşu xatırladır.

Dizaynerlərin yuxarı mərtəbədəki "barama" adlandırdıqları taxta konteynerlər - kafe, bar, ticarət köşkləri, uşaq oyun zonası və baqajın qorunması üçün ərazi şəhərimizin qonaqlarına xidmətlər təklif etməyə hazırdır.

Ölçü baxımından fərqlənən baramalarda, eləcə də kafe, köşklər və digər obyektlərdə arxitektura ilə incəsənət birləşir və böyük nəqliyyat qovşağında cəlbedici, həyəcanlı interyer  yaradır. İnteryer aeroportun atmosferinin gözləntilərinə meydan oxuyur və Azərbaycanın qonaqpərvərliyindən ilham alır.

Hava qapılarının gözəlliyi onun müasir arxitekturası ilə məhdudlaşmır. Çünki bu, Azərbaycanın sürətlə inkişaf edən paytaxtının yalnız başlanğıcıdır.

Daha yaxından tanışlıq

Ölkə iqlim, mədəniyyət və təbiət gözəlliklərin heyrətamiz çeşidliyini təklif edir. Bir günlük səyahətdə Azərbaycanın palçıq vulkanları və palıd ağaclarını, lalə düzənlikləri və səhralarını, qədim kəndləri və möhtəşəm dağlarını görmək olar. Burada olsanız, əlavə bir və ya iki gün də qalacaqsınız. Reysinizi təxirə salın və əmin olun ki, buna görə peşman olmayacaqsınız.

Daha əvvəl Azərbaycanda olmamısınızsa, məftun olmağa hazır olun. Bakıda XXI əsrin müasir mehmanxana, restoran, muzey və infrastrukturun tam spektrini tapmaqla Azərbaycan landşaftlarının əsrarəngiz müxtəlifliyindən, eləcə də arxitektura, mədəniyyət və tariximizin heyranlığından zövq alacaqsınız...

Tədqiqatçıların tarixdə kökünə gedib çıxa bilmədiyi qədim qala divarlarını təsəvvür edin. İçərişəhərin mərkəzində sirli Qız qalası yenə də tez-tez əsən Bakı küləklərinə qarşı dayanır. İndi isə üfüqdə, belə demək mümkünsə, yağışdan sonra göbələk kimi çıxan XX əsr arxitekturasının gözəl binalarına diqqət yetirin. Əks istiqamətdə gəzərkən Xəzər dənizində üzən yaxtaları görəcəksiniz.

Bakıda qəflətən dünyanın ən qəribə tikinti bumlarından biri başlayıb. Bakıda şübhəsiz ki, heyranlıq səslərini yüksəldəcək arxitektura binaları var. Məsələn, Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi, "Alov qüllələri"nin gümüş üçlüyü və gimnastlarımızın yeni qələbələrə yolunu işıqlandıran yeni Gimnastika Arenası kimi.

Azərbaycanın digər guşələri kimi, Bakı da bir neçə mədəniyyətin - Avropa, türk, rus və fars - qarışdığı və hamının bir harmonik millət şəklində birləşdiyi yerdir.

Azərbaycan ciddi şəkildə köklənib

Qərbi Asiya və Şərqi Avropanın kəsişməsində yerləşən, 9 milyondan çox əhalisi, zəngin enerji resursları olan Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir.

Bakı Avrasiyanın ən iri hava qovşaqlarından biridir. O, Mərkəzi Avropaya düşündüyünüzdən də yaxında yerləşir. Son illər regional konfranslar, idman yarışları və ticarət sərgilərinin keçirildiyi ölkə bu il Birinci Avropa Oyunlarına ev sahibliyi edir. Paytaxt Bakı həmçinin 2016-cı ildə "Formula-1" yarışlarını və futbol üzrə 2020-ci il Avropa çempionatının bir neçə oyununu keçirmək hüququna layiq görülüb.

Azərbaycanın iri tədbirlərin keçirilməsi üçün qəbul edilmiş məkan olmaq üçün cəhdi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hissəsidir. Konsepsiya onilliyin sonuna ÜDM-in və səfər edənlərin sayının artırılmasına yönəldilib.

Azərbaycan iqtisadiyyatı 10 ildən çox müddət ərzində dünyada ən səmərəlilərdən biri olub. Hətta qısa müddətə gələn istənilən insan infrastrukturun xeyli yaxşılaşdığını, hər gün baş verən şəhər peyzajlarının mütəmadi abadlığını və kommersiya imkanlarının daimi genişləndirilməsini görə bilər.

Azərbaycan 4 səbəbə görə - coğrafi mövqe, hava şəraiti, mədəniyyət və hökumət tərəfindən daimi investisiyalar - Avropa və Asiya arasında iri hava qovşağına çevrilir.

Ölkənin əsas qapısı olan Bakı ideal coğrafi mövqeyə malikdir ki, bu da etibarlı daşıma üçün daha bir üstünlük verir. Burada Moskva və İstanbuldan fərqli olaraq, demək olar, ekstremal hava şəraiti olmur. Hər iki şəhərdə isə sərnişinlər təyinat yerinə çatmaq üçün bir neçə saat və hətta gün gözləmək məcburiyyətində qalırlar.

Hindistan, Pakistan, Nepal və ya Çinə (və əks istiqamətdə) səfər etmək istəyən bir çox avropalı üçün marşrut Yaxın Şərqin üç böyük daşıyıcısının (MEB3) - Dubaydakı "Emirates", Abu-Dabidəki "Etihad" və Dohadakı "Qatar Airways" - qovşaqlarının birindən keçəcək. Lakin reallıqda Bakı vasitəsilə marşrut daha yaxındır.

Bakı üzərindən Hitroudan Pekinə və ya Şanxaya reyslərin həyata keçirilməsi zamanı məsafə Böyük Britaniyadan bu şəhərlərədək birbaşa uçuşlarla müqayisədə, müvafiq olaraq, 16 və 12 faiz artır. Bunu Dubay üzərindən uçuş zamanı, müvafiq olaraq, məsafənin 39 və 29 faiz artması ilə müqayisə edin və başa düşəcəksiniz ki, Bakı həqiqətən də qlobal qovşaq üçün əhəmiyyətli coğrafi mövqeyə malikdir.

Digər vacib məqam biznesin istənilən sahəsinin inkişafı üçün həlledici əhəmiyyətə malik investisiyalardır. Yeni təyyarələr ölkəmizə tədarük edilir. Azərbaycan iki "Boeing-787 Dreamliner" almış ilk MDB ölkəsidir.

Ölkənin digər şəhərlərində də yeni hava limanları tikilib. Son 10 ildə 6 aeroport tikilib. Onlardan beşi beynəlxalq səviyyəlidir. Son onillikdə Bakı və Naxçıvan aeroportları tam modernləşdirilib. Bundan başqa, Gəncə, Zaqatala, Lənkəran, Yevlax və Qəbələdə yeni hava limanları açılıb ki, bu da təqribən 87 kvadratkilometr sahəsi olan Azərbaycan üzrə hava əlaqəsini təmin edir.

15 il əvvəl tikilmiş və bu yaxınlarda əsaslı təmir edilən Bakı aeroportunun əvvəlki terminalı əlavə 3 milyon sərnişin qəbul edə bilər. Bununla da 9 milyon sərnişin hər il Bakı aeroportundan istifadə edə bilər. Müqayisə üçün, regional aeroportlardan biri olan Tbilisi Beynəlxalq Hava Limanının sərnişin axınının gücü ildə cəmi 2,8 milyon sərnişin təşkil edir.

Sərnişinlərin qazancı

Əlbəttə, hər bir sahənin ən vacib amili ÜDM-ə töhfəsi, iş yerlərinin yaradılması, bu sektorun və onun xidmət sahələrinin vergi gəlirləri ilə ölçülən "iqtisadi izi"dir. Lakin bu sahənin iqtisadi dəyəri daha genişdir. Əsas mənfəət hava nəqliyyatı xidmətindən istifadə edən müştəri, sərnişin və ya yükgöndərən üçün yaradılır.

Təyyarədə sərnişinlər ekonom siniflərdə əlavə və biznes siniflərdə eksklüziv komfortla gücləndirilən uzaq məsafəli uçuşlar zamanı hava nəqliyyatı sənayesində tətbiq edilən yüksək səviyyəli xidmət və AZAL-ın təcrübəli pilotlarının mükəmməl pilotajı ilə təmin olunurlar.

Bundan başqa, şəhərlər və bazarlar arasında yaradılan əlaqələr birbaşa xarici investisiyalar həyata keçirməyə imkan verən mühüm infrastruktur aktivləri, biznes-klasterlər və iqtisadiyyatın istehsal gücünə təsir göstərən digər əlavə amillər yaradır.

Azərbaycanın hava nəqliyyat şəbəkəsi kifayət qədər genişdir - Azərbaycanın böyük aeroportlarını və dünyanın şəhər aqlomerasiyalarını birləşdirən 35 marşrutu var.

Bütün bunlar Azərbaycan şəhərləri ilə dünyanın böyük şəhərləri və bazarlarının "əlaqə"sini göstərir. Əlaqə məsafənin uzaqlığı, həyata keçirilən reyslərin tezliyi, xidmətlər, istiqamətlərin iqtisadi əhəmiyyəti və hər ölkənin aviasiya şəbəkəsi vasitəsilə mümkün olan sonrakı birləşdirici reyslərinin sayı deməkdir.

AZAL: təhlükəsizlik və keyfiyyət

1910-cu il oktyabrın 20-də Bakı üzərindən ilk təyyarə uçub. Bu təntənəli gündən 100 il sonra milli daşıyıcı AZAL müasir və dinamik şəkildə inkişaf edən şirkətə çevrilib.

Sahənin prioritet məsələsi təhlükəsizlikdir və bu məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) və Azərbaycanla Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasındakı əməkdaşlıqda əsas məsələdir.

IATA-ya üzvlük şərtləri aviaşirkətin istismar təhlükəsizliyi üzrə audit proqramının (IOSA) 900-dən çox tələbə cavab verməsini nəzərdə tutur. AZAL 1997-ci ildən IATA-nın üzvü kimi auditdən uğurla keçir və 2008-ci ildən IOSA-nın operatorlar reyestrində özünün fəxri yerini tutub.

AZAL-ın heç bir dənə də köhnə təyyarəsi yoxdur. Başqa sözlə, şirkətin standartları regionda ən yüksək standartlardır, bununla yanaşı, AZAL-ın flotu "Airbus", Boeing" bu yaxınlarda əldə edilmiş "Dreamliners" və "Embracer" kimi təyyarələrdən ibarətdir.

Yeni təyyarələrin alınması Bakıdan regional bazarların bır sıra ayrı-ayrı şəhərlərinə reyslərin açılması imkanını yaradır.

Avropada Budapeşt və Madrid kimi istiqamətlərə reyslərin açılmasına təşəbbüs göstərilə bilər. Yaxın Şərqdən danışsaq isə, gələcəkdə Abu-Dabi və ya  Qahirə kimi istiqamətlərə reyslər təşkil oluna bilər. Aviasiya şəbəkəsinin inkişafı ilə bağlı gələcək planlarda MDB-nin Bakıya yaxın şəhərləri arasında, məsələn, Düşənbə, Almatı və ya Aşqabad kimi şəhərlər yer ala bilər.

AZAL, həmçinin ABŞ-a reys açıb. Bakıdan Nyu-Yorka həftədə 3 dəfə uçuş həyata keçirilir. Yeni istiqamətlərin açılması Azərbaycan 2014-cü ildə ABŞ Mülki Aviasiya Federal İdarəsi tərəfindən aviasiya təhlükəsizliyi sahəsində I dərəcəli reytinq aldıqdan sonra baş tutub.

Nyu-Yorka birbaşa reyslər müasir Azərbaycan hava yolları tarixində əhəmiyyətli məqam oldu və onun yeni, daha yüksək səviyyəli inkişafını göstərir.

Həmçinin bu il ilk dəfə olaraq Azərbaycan Hava Yolları Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbul elan edib. Bununla da AZAL MDB məkanında daha bir ilkə imza ataraq xanımlarımızın arzularını yerinə yetirməyə və yenilikləri ölkəmizə gətirməyə davam edir.

AZAL: gələcəyə doğru  

Azərbaycan Hava Yolları bu yaxınlarda Britaniyanın aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən nüfuzlu konsaltinq şirkəti olan "Skytrax" tərəfindən "4 ulduz" reytinqinə layiq görüb.

"Skytrax"ın cari reytinqinə görə, ümumilikdə dünyada "4 ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında Emirates, Air France, Lufthansa, Turkish Airlines, KLM, British Airways, Japan Airlines və digər tanınmış qlobal daşıyıcılar var. İndi isə bu layiqli sırada AZAL da öz şərəfli yerini tutacaq.

Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında "4 ulduz" reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.

Eləcə də, Azərbaycan milli daşıyıcısının "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan "World Airline Awards" mükafatına namizədliyi verilib.

Bütün sadalananlar AZAl-ın uğurlu inkşafına təminat verir. AZAL dövlət dəstəyi alır və hazırda nəinki regionda, həmçinin bütün dünyada ən böyük şirkətlərdən biridir. Uçuşların sayı artır. Hər il Azərbaycandan dünyanın 38 şəhərinə 16 mindən çox beynəlxalq reys həyata keçirilir. İl ərzində yerli aeroportlara 1,3 mindən çox sərnişin reysi həyata keçirilir.

Ekspertlərin proqnozlarına əsasən, Azərbaycan ÜDM-i fəal artımını davam etdirəcək. Artım aviasiyanın inkişafı hesabına təmin ediləcək.

AZAL-ın uğurlu inkişafı ölkənin ümumi inkişafına müsbət təsir göstərir, çünki Azərbaycana, o cümlədən, Bakıya və digər şəhərlərə gələn insanlar ilk dəqiqədən ölkə haqqında təəssürat yaradan bu aviaşirkətin xidmətlərindən istifadə edirlər.

Gülqız Dadaşova, Azernews
Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 





03.07.2015    çap et  çap et