525.Az

Ermənistanda ümumi böhran daha da dərinləşəcək


 

Ermənistanda ümumi böhran daha da dərinləşəcək<b style="color:red"></b>

"Ümumiyyətlə Ermənistanda hakimiyyət dəyişikliyi gündəlikdə deyil. Amma mahiyyətcə Serj Sarkisyan bu ölkəni saxlamaq iqtidarında deyil".

Bu barədə millət vəkili, politoloq Rasim Musabəyov Ermənistanda cərəyan edən hadisələrə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Rusiya dövləti Ermənistanın bütün eyiblərini ört-basdır edir: "Hətta rəsmi Moskva işğalçı ölkənin ordusuna maliyyə yardımı etdi. Ancaq hər şeyin bir sonu var. Vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan demişdi ki, "Azərbaycanla münaqişəni kompromis yolu ilə həll etmədən Ermənistanın gələcəyi yoxdur". Ona görə də hesab edirəm ki, bunlar ya ağıla gəlməlidirlər, ya da ki, yaxın zamanda böhran yenidən təkrarlanacaq. Ermənistan Rusiyanın "tula"sı olduğu üçün ona maliyyə yardımı göstərir. Ümumiyyətlə rəsmi Moskva çox əliaçıqlıq etmək iqtidarında da deyil".

 Millət vəkili Musa Qasımlı isə hesab edir ki, Ermənistandakı ümumi böhran daha da dərinləşəcək. Onun sözlərinə görə, Ermənistanda elektrik enerjisi qiymətlərinin artırılmasına etiraz olaraq keçirilən aksiyaların səbəb, bəhanə, gedişi, nəticələri və perspektivlərinin təhlili bir sıra ilkin nəticələrə gəlməyə imkan verir: "Hər şeydən əvvəl, elektrik enerjisi qiymətlərinin artırılmasına etiraz yalnız bəhanə və ya görünən tərəfdir. Əslində, etiraz aksiyaları Ermənistanda ümumi böhranın - sosial, siyasi, iqtisadi və mənəvi-psixoloji böhranın tərkib hissəsidir. Bu hadisələr göstərir ki, Ermənistan enerji təhlükəsizliyini təmin edə bilməyən, xaricdən asılı olan, müstəmləkə sisteminin çoxdan dağılmasına baxmayaraq, yeni müstəmləkəçilik siyasətinin altında olan bir ərazidir, deməli, 1991-ci ildə müstəqilliyini elan etsə də, Ermənistan dövlətçiliyi baş tutmayıb". Millət vəkili deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər ərazilərini işğal etməsinə, zəngin təbii sərvətləri ələ keçirməsinə baxmayaraq, Ermənistan hakimiyyəti ermənilərə normal yaşayış həyat üçün imkan yarada bilmir: "Bu isə bilavasitə Ermənistanda hökmranlıq edən idarəçilərin səriştəsizliyi ilə bağlıdır, yəni ermənilər həmişə olduğu kimi, müasir dövrdə də yaxşı idarəçilər yetişdirə bilməyiblər, onlarda bu potensial yoxdur. Ermənistanda hökmranlıq edənlər terrorçular, adam başı kəsənlərdir. Onsuz da tarix də göstərir ki, erməni cəmiyyəti terrorçudan başqa bir tip yarada bilmir. Ermənistanda bütün səviyyəli məmurların rüşvət alması, korrupsiyanın erməni həyatının ayrılmaz bir hissəsi olması əgər belə demək mümkündürsə, idarəetmə sisteminin iflas içində olduğunu göstərir".

M.Qasımlı hesab edir ki, ermənilərin mənəvi-psixoloji böhranı dərinləşir: "İkincisi, etirazçıların siyasi tələblərinin olmadığını, yalnız qiymətlərin artırılmasının dayandırılmasını söyləmələri yalnız görünən tərəfdir. İnsanlar Sarkisyan rejiminin təzyiqlərindən beziblər. Ermənistandan köçüb gedənlərin sayı ildən-ilə artır". Millət vəkili hesab edir ki, buna görə də  Ermənistanda gedən proseslər işğal altında olan Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşları olan erməniləri də düşündürməlidir: "Onlar özlərinə belə bir sual etməlidirlər: Ermənistandakılar üçün normal yaşayış üçün imkanlar yarada bilməyənlər və süngü üzərində oturub idarə edənlər işğal etdikləri ərazilərə nə verə bilərlər? Ermənilər Azərbaycan hakimiyyəti altında həmişə olduğu kimi, bundan sonra da yaxşı yaşayış imkanı əldə edə bilərlər. Üçüncüsü, Ermənistan bir ərazi kimi elə bir əhəmiyyət kəsb etməsə də, burada Qərb ilə Rusiya arasında mübarizə gedir. Daxili və xarici siyasəti Rusiyadan asılı olan Ermənistan forpost olaraq davam edəcəkdir. Ermənistanın Rusiya təsirindən çıxması imkanları indiki şəraitdə mümkün görünmür. Deməli, Ermənistandakı ümumi böhran daha da dərinləşəcək".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirib ki, Ermənistan işğalçı və parazit dövlətdir. Himayədarlarının köməyi olmadan kiçik problemləri belə həll edə bilmir. O qeyd edib ki, ATƏT-in Minsk qrupunda olmasına baxmayaraq, Rusiyanın Ermənistana həm hərbi, həm də qida yardımı göstərməsi Azərbaycanla münasibətlərə mənfi təsir edir. Rusiyanın bu addımı müsbət qəbul edilmir: "Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan ərazilərinin indiyə qədər işğalda saxlanmasının səbəbləri də məlumdur. Rusiya ATƏT-in Minsk qrupunda olmasına baxmayaraq, bitərəfliyi saxlamır. Bu, Rusiya- Azərbaycan əməkdaşlığına ciddi şəkildə təsir edir. Azərbaycan Rusiya ilə yaxşı qonşuluq siyasəti yürüdür. Biz Rusiyanı qonşu dövlət kimi bütün məsələlərdə dəstəkləməkdə maraqlıyıq. Amma Rusiyanın bu gün bu cür addım atması təbii ki, Azərbaycan üçün normal sayıla bilməz. Azərbaycan ərazisini işğal edən bir dövlət danışıqlarda bitərəf mövqe tutan, vasitəçilik edən Rusiya tərəfindən əgər bu gün dəstəklənirsə, biz təbii ki, buna etiraz edirik".

F.Quliyev onu da qeyd edib ki, Rusiyanın Ermənistana dəstək verməsi heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Onsuz da qonşuları ilə problemli siyasət yürüdən və iqtisadi tənəzzül keçirən Rusiyanın iflasa məhkum Ermənistana dəstək verməsi dünya ölkələri tərəfindən də müsbət qəbul edilmir: "Hesab etmirəm ki, Rusiyanın bu cəhdlərinin bir əhəmiyyəti var. Azərbaycan Ermənistandan qat- qat güclüdür. Bu gün Azərbaycandakı vəziyyət nəinki Ermənistandan, hətta Rusiyadan da yaxşıdır. Rusiya bu gün sanksiyalara məruz qalan, çabalayan ölkə vəziyyətinə düşüb. Onun valyutasının iqtisadiyyatının düşdüyü vəziyyət göz önündədir. Bütün dünya ilə qarşı -qarşıyadır, Ukrayna ilə siyasətində ciddi səhvə yol verib, bütün qonşuları ilə pis münasibətdədir. Gürcüstanın ərazilərini işğal edib və hazırda bərbad vəziyyətdədir. Rusiya bu gün özünə gün ağlaya bilməyən ölkədir. İqtisadiyyatı çökmüş bir ölkənin Ermənistana yardım etməsi də heç bir şeyi dəyişməyəcək. Biz əməl olaraq bu niyyəti pisləyirik. Bu yardımları Ermənistanı düşdüyü vəziyyətdən çıxarda bilməz. Ermənistan iflasa məhkum dövlətdir. Rusiya isə apardığı siyasətə görə, ya islah olunacaq, ya da dünyanın təpkisi qarşısında çox pis vəziyyətə düşəcək. Ermənistan gələcəkdə baş verəcək döyüşdə Azərbaycan qarşısında bir gün belə olsun tab gətirə bilməyəcək. Belə yardımlar da onu vəziyyətdən çıxarda bilməyəcək".

PƏRVANƏ

 





03.07.2015    çap et  çap et