525.Az

Yaşam fəlsəfəsi


 

İSLAM DÜNYASINDA ELM VƏ TƏHSİL

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

V YAZI

(Əvvəli ötən cümə sayımızda)

Alimlərin həyat tərzi 

Riçard Feymana görə, elm- sağlam düşüncədir. Aspirantura vaxtı elmi rəhbərim professor L. Senadan eşitdiyim söhbət düşündürücüdür: Stalin dövründə - 1937-ci ildə çoxlu alim günahsız tutulmuş və həbs düşərgələrinə göndərilmişdi (Sena qışda Qafqaz dağlarında xizək sürərkən danışdığı bir lətifəyə görə tutulmuşdu). Bu düşərgələrin birində təqribən 50 nəfər elm adamı “yatırmış”. Bu alimlər türmə rəhbərlərinin tapşırıqlarını səliqə ilə yerinə yetirirdilər. Çay üzərindən körpu salanda da, meşələri qırıb taxta-şalbana çevirəndə də onlar oxuya-oxuya, şənlənə-şənlənə, tapşırılan işləri görərdilər. Nəzarətçilər yuxarılara məlumat ötürürdülər ki, alimlər tapşırıqları çox şən yerinə yetirirlər. Yuxarıdan tapşırıq gəlir ki, onlara uzunluğu 1 km, dərinliyi bir metr olan xəndək qazdırın. Alimlər xəndəyi də şən və oxuya -oxuya qazırlar. Sonra əmr gəlirki, xəndəkləri təzədən torpaqla doldurun. Bu son tapşırıqı onlar deyinə-deyinə görürlər. Ta mahnı oxumurlar, lətifə danışmırlar, işi zülümlə görürlər. Tez-tez xəstələnirlər, arıqlayırlar. Alimlərin bu əzablı həyatının səbəbi əhəmiyyəti olmayan mənasız və məntiqsiz işlə məşğul olmaları idi. Deməli, alimlər sağlam düşüncəli insanlardır və sağlam, ciddi həyat tərzini sevirlər. Alimlər adətən ümumi mənafeni şəxsi mənafedən üstün tuturlar. Həyatın mənasını yeyib yaşamaqda yox, yaşayıb yaratmaqda görürlər. Bəşəriyyət ağıllı insanların çiynində inkişaf edir. Bu inkişafda alimlərin payı çoxdur.

Heydər Əliyev və Fərəməz Maqsudov

Bu yaxınlarda (26.05.15) rəhmətlik professor Zahid Qaralovun “Heydər Əliyev- milli ləyaqət ölçüsü” adlı kitabının  təqdimatı oldu. Kitabın 219 -cu səhifəsində elmi elitaya dərs ola biləcək bir əhvalat var:

“Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən Fərəməz Maqsudovu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təsdiqlədi. Fərəməz müəllim də “hörmətə-hörmət” nümunəsi nümayiş etdirmək qərarına gəldi, Heydər Əliyevi AMEA həqiqi üzvü seçdi...

Bir gün sonra Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən YAP İdarə Heyətinin iclasında F. Maqsudov bu “sürprizi” məruzə etdi.

Heydər Əliyev ona diqqətlə qulaq asandan sonra soruşdu: Sən bu işi hansı əsasla görmüsən və məqsədin nədir?

Fərəməz müəllimin cavabı belə oldu ki, Siz buna layiqsiniz, akademiklərdən çox iş görmüsünüz. Siz elmə bizim hər birimizdən qat-qat çox xeyir vermisiniz. Heydər Əliyev hadisəyə çox sərt reaksiya verdi: Mən Akademiyaya üzv seçilmək barədə sizə ərizə verməmişəm, heç vaxt da bu barədə istəyim, niyyətim olmayıb... Sən istəyirsən ki, sənin tabeliyində olum, vaxtımı akademik işlərə sərf edim? Get qərarını da, diplomunu da ləğv elə”.

Bu adi həyat hekayəsində də Heydər Əliyevin necə böyük dövlət adamı olması özünü göstərir.

Yalançı elm... 

Biliyin vahidinin hamı tərəfindən qəbul olunmuş tərifi olmadığından elm sahəsində doğru elmlə bərabər yalançı elm də mövcuddur. “Yalançı elm” həqiqi elmi hörmətdən, gücdən salan faktordur və onun inkişafına ciddi maneçilik törədir. Elmin, alimin hörməti həmişə olduğu kimi bu gün də yüksək oldugundan, kvazialim və saxta elm də cəmiyyətdə inkişaf edir. Bu neqativ hadisənin qarşısını almaqdan ötəri bəzi ölkələrdə avtoritetli alimlərdən təşkil edilmiş “Yalançı elm ilə mübarizə” komissiyaları mövcuddur.

Son dövrlərdən bir misal. 1991-ci ildə Rusiya prezidenti Boris Yeltsin Novosibirskə gedir. Rusiya Elmlər Akademiyasının “Yalançı elm” ilə mübarizə komissiyasının sədri akademik Eduard Pavloviç Kruqlyakovdan soruşur: “Daşdan enerji almaq olarmı?” Akademik deyir ki, bu mümkün olan şey deyil. “Siz belə düşünürsünüz, mənə məruzə ediblər ki, olar”. Akademik öz biliyinə şübhə etmədiyindən “Bu halda sizə fırıldaqçılar məruzə ediblər” - deyir. Bundan Yeltsin hiss edilən dərəcədə inciyir. Vəziyyət gərginləşir. Bu anda kimsə “axı daş da atom kimi tükənməzdir” söyləyir və gərginliyi bir qədər yumşaldır. Sonralar REA Sibir bölməsinin sədri akademik Koptyuq Eduard Kruqlyakova söyləyir ki, daşdan enerji almaq probleminə B. Yeltsin 120 milyon rubl pul ayırıbmış.

Kim bilər ki, bu pullar hara getdi və B. Yeltsinə “daş enerjisi” ilə bağlı kim məruzə edib? Akademik deyir: “Məni problemin özü daha çox narahat edir, nəinki kriminal təzahürü. 120 milyon rubl pul elm adamları ilə məsləhətləşməyə arzusu olmadığı səbəbindən dövlətin itirdiyi pulun çox az hissəsidir.

Azərbaycanda da bəzən elmi sahədə elə mövzulara rast gəlirsən ki, onun ölkə üçün heç əhəmiyyəti yoxdur. Aldığım məktubların birinin müəllifi yazır: “Azərbaycanda mənim şəxsən tanıdığım (Universitetdə çalışır) Zürafəşünaslıq (?) üzrə elmlər doktoru və bir Kərgədanşünaslıq üzrə elmlər namizədi var (bəlkə də daha çoxdur). Ədəbiyyatşünaslıqda: “15-ci əsr İtalyan renessansının 20-ci əsr Yaponiya mədəniyyətində izləri”; “Əbülqasım Firdovsinin Ərəb renessansında rolu” və sair dissertasiyalar müdafiə olunub Azərbaycanda”.

Özünüz deyin, Azərbaycana xalqına xeyri olmayan elmi araşdırma kimə və nəyə lazımdır? Abşeranda bitən “xar tutun faydasını” öyrənmişik ki, indi də Zürafəni və ya Kərgədanı öyrənirik?! Və ya “Əbülqasım Firdovsinin Ərəb renessansında rolu” əsərini ərəblər öyrənsə, daha düzgün olmazmı?!

Elmdə geriliyin iqtisadi səbəbi

Müsəlman xalqlarının torpaqları o qədər zəngindir ki, onların yeni fikrə, ideyaya ehtiyacı yoxdur. Bu baxımdan da ciddi konservatizm hökm sürür. Ona görə də yeni fikir söylənilə bilən klub, mərkəz, seminar, elmi tədqiqat mərkəzi, institutlar, akademiyalar yaratmağa ehtiyac olmayıb. Əksinə, yeni fikir söyləyənin dərisini diri-diri soyublar. Bu isə hər sahədə, o cümlədən də elmdə geri qalmaya səbəb olub.

Sənayeləşmə erası başlayandan müsəlman dünyasından fərqli olaraq Qərb dünyası tərəqqidə, inkişafda, elmdə çox irəliləyib. Qərb dövlətləri iqtisadiyyatlarını sənaye istehsalı əsasında, müsəlman dünyası isə ənənəvi ticarət üzərində qurublar. Sənayenin alimə ehtiyacı böyükdür. Tacirlərin elmə ehtiyacı yoxdur. Mətbuatın yazdığına görə, həmyerlimiz - iş adamı Telman İsmayılov Antalyanın Kundu sahilində inşa olunan “Mardan Palace” otelinin açılışına Monika Beluççi, Paris Hilton, Meray Keri, Riçard Gir, Şeron Stoun kimi Hollivud ulduzlarını, həmçinin dünyanın ən məşhur fotomodel, maniken və müğənnilərini dəvət etmişdi. Həmyerlimiz akademik dairədən heç kəsi çağırmamışdı. Çünki onun alimə ehtiyacı yoxdur.

Elm düzlüyu, həqiqəti, qanunçuluğu, bir sözlə, ciddi həyat tərzini sevər. Ticarətdə aldatmaq, kələk, fırıldaq, qanunun böyründən keçmək də məqbuldur. Burada məqsədə çatmaq üçün hər şey etmək olar. Bu fərq insan psixologiyasına güclü təsir edib. Bu isə gündəlik davranışdan tutmuş dövlət işlərinə qədər hər şeyə təsir edir. Üstəlik Sovet sistemi bizim də psixologiyamızı kifayət qədər deformasiya etdirib. Çünki mümkün olmayan problemin (kommunizm qurmaq) altına girdi, sonra yalan danışmağa məcbur oldu. Bir tərəfdə istehsal və düzgünlük, digər tərəfdə ticarət və yalançılıq durur.

Sənaye nəhəngləri və elm

Yuxarıda qeyd edildiyi kimi, müsəlman ölkələri orta hesabla ÜDM-in 0,2 faizini, xristian dünyası isə 5 faizini elmə və inkişafa sərf edir. Dövlət öz büdcəsindən elmə və tərəqqiyə böyük məbləğlər ayırır. Qərbdə sənaye nəhəngləri, firmalar, özəl şirkətlər də elmə daha böyük pulları ayırır. Maşınqayırma, elektrotexnika, aviasiya, elektronika və digər sənaye sahələrinin elmə və təhsilə dəstəyi çox böyükdür.

Misal üçün, Qərbin və Şərqin sənaye nəhəngləri, firmaları, özəl şirkətləri də elmə böyük pulları ayırırlar. Maşınqayırma, elektrotexnika, aviasiya, elektronika  və digər  texnika və texnologiya  sahələrinin elmə və təhsilə dəstəyi çox böyükdür. Misal üçün, ABŞ-ın  “Bell Telefon Lab”,  “İBM”, “General Electric Company”,”Texas İnstruments”,”Intel”,  “Apple”, Cənubi Koreyanın “Samsung”,  Yaponiya “Sharp”, “Sony” və digər şirkətlərinin elmi tədqiqat, təcrübi-konstuktor mərkəzlərində böyük alim ordusu fəaliyyət göstərir. Nobel mükafatı almış alimlərin bəziləri bu qiqant sənaye nəhənglərinin elmi tədqiqat laboratoriyalarında çalışmışlar. ABŞ-da elektronika sahəsində Nobel mükafatı alan alimlərin bir çoxu: L.Esaki (“İBM”, 1973), G.Bednorz (“İBM”, 1987), A.Müller (“İBM”, 1987),V.Brattain (“Bell Telefon Lab”, 1956), İvar Giaever (“General Electric Company”, 1973), Jack S.Kilby (“Texas İnstruments”, 2000) göründüyü kimi özəl şirkətlərin payına düşür.

Çox təəssüf ki, müsəlman dünyası təhsil və elmin maliyələşməsində belə güclü qaynaqlardan məhrumdur. Çünki sənaye və istehsal sahələrində belə məşhur firmalar naməlum səbəblərdən yoxdur, yaranması da gözlənilmir. Müsəlman dünyasında siyasət və istehsal bir-birinin əlinə oynamır, bir-birinə kömək etmirlər. Bu işdə qloballaşma da öz işini görür. Elmin zəif olmasının əsas səbəblərinin biri məncə budur. Elmə, alimə tələbat yoxdur. Sadə bir misal çəkim. Əgər biz bayramlar və xeyir işlərdə əzizlərimizi təbrik üçün holland qızılgülləri alarıqsa, yerli qızıl gül, onun bioloji əsası (elmi) və ya texnologiyası inkişaf edə bilərmi? Mənim tələbəliyim dövründə Dənizkənarı bulvarda mərdəkanlı bir gülçünün 350 növ qızılgüldən ibarət sərgisinə baxmışdım. Başqa bir misal. Əgər biz başımıza qoymaq üçün xaricdə istehsal olunan papaqları alırıqsa, yerli papaq istehsalı inkişaf edərmi? Necə edək ki, bizdə də papaq istehsal emək mümkün olsun və yüzlərlə papaqçı ailəsini bu sənətlə dolandırsın? Əgər bu sualların cavabını iqtisadçılarımız düz tapsa, onda bizim istehlakçılarımız xarici papaqçıların və gülçülərin əməyini yox, özümüzünkülərin əməyinin dəyərini ödəyərlər. Universitetdə müəllimlərin geyiminə baxıram. Ayaqdan başa kimi hamı xarici əməkçilərin işini maliyyələşdirir!

Həm parlamentdə, həm də mətbuatda Cibran Xəlil Cibranın tez-tez işlətdiyim bir fikrini burda da bir daha təkrar etmək istəyirəm:”Yazıqlar olsun o millətə ki, hazırlamadığını içir, yazıqlar olsun o millətə ki, əkmədiyini yeyir, yazıqlar olsun o millətə ki, tikmədiyini geyir”. İdarəetmənin hikməti böyükdür.

İDARƏETMƏ

“Elm ordu deyil, burda əmrlə az şeyə nail olmaq olar. Elmi yaradıcılığın                                         ən effektli idarəetmə riçaqı problemlərin demokratik müzakirəsidir”.

Akademik Y.D.Xariton

Yeni dövrün tələbinə cavab vermək üçün elm və təhsil yeniləşməlidir. Mənim qənaətimə görə təhsildə reforma aparmaq olmaz. Burda yeni dövrün tələblərinə  uyğun modernləşdirmə aparmaq olar. Çünki təhsilin yaşı Misir pramidalarının yaşından çoxdur. Akademiyada isə modernləşdirmə heç  nə verməz. Burda hökmən reform lazımdır. Çünki bizim Akademiyanın yaşı 1945-ci ildən hesablanır. Ə.Zevayla görə üç sahədə (təhsil, idarəetmə və hüquqi bazada) reformaya ehtiyac var. Təhsil ilə, hüquqi baza ilə bağlı yuxarıda söhbət getdi.

Amerkalı alim Gary Hamel idarəetməni mühərrikin, radionun, tibb dərmanları və kompyüter kimi  son yüz ilin beş ən vacib kəşflərdən (social) biri sayır. Yaxşı idarə edə bilsən, elm xeyir verər,  pis idarə edərsənsə ancaq pul yeyər. O yerdə ki, elmin uğuru yoxdur, demək orda idarəetmə düz qurulmayıb.

Bugünkü elm qurumu olan  Elmlər Akademiyası Sovet dövrü üçün çox optimal özünü idarəedən bir təşkilat idi. Akademiyanın yaşadığı tarixdən bir-iki misal çəkmək istəyirəm.

 Kamran Bağırov və İbrahim İbrahimov

1987-ci ildə  Elmlər Akademiyasının illik yığıncağında Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov da iştirak edir. Yığıncaqda əvvəllər respublikanın rəhbəri olmuş akademik İmam Mustafayevin şəxsi işi qaldırılır. Birinci cərgədə İmam Mustafayev, Mirzə İbrahimov və digər nəhənglər oturublar. K.Bağırov çıxışında İmam Mustafayev haqqında kəskin danışır. Bu məqamda akademik İbrahim İbrahimov çəliyini yerə vura-vura ayağa qalxıb tribunaya tərəf gəlir və üzünü Kamran Bağırova tutaraq deyir:

“Siz özünüzə hesabat verirsinizmi ki, hardasınız? Elmlər Akademiyası özünü idarəedən bir təşkilatdır. İmam Mustafayev kimi şəxsiyyətlər bu millətə lazımdır”, - deyib tribunadan düşür.  

(Ardı var)

 





06.07.2015    çap et  çap et