525.Az

Bako Saakyanla görüşə azərbaycanlılar buraxılmayıb


 

"ERMƏNİSTAN MÜSTƏQİL DÖVLƏT DEYİL, QƏRAR QƏBUL EDƏ BİLMİR, QALSIN Kİ, "DAĞLIQ QARABAĞ"

Bako Saakyanla görüşə azərbaycanlılar buraxılmayıb<b style="color:red"></b>

Dünən Böyük Britaniyanın paytaxtı Londonda yerləşən "Chatham House" - Kral Beynəlxalq Münasibətlər İnstitutunda Dağlıq Qarabağ separataçı rejiminin rəhbəri Bako Saakyanın iştirakı ilə "Dağlıq Qarabağ: Regional çağırışlar" adlı  tədbir baş tutub. Separatçı qurumun rəhbəri müzakirələrdə məruzə ilə çıxış edib. "Chatham House" onu siyahıda "de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti" kimi təqdim edib.

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) isə Bako Saakyanla "Chatham House" da keçirilən görüşə buraxılmayıb. TEAS-dan  verilən məlumatda bildirilir ki, təşkilat B. Saakyanın qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair əsl həqiqətləri çatdırmaq üçün icazə istəyib. Lakin qurumun istəyi baş tutmayıb.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki,  hazırda iri dövlətlərin, o cümlədən, Böyük Britaniyanın geosiyasi maraqları daha qabarıq şəkildə özünü göstərir: "İndiki halda ABŞ və Britaniya üçün Rusiya əleyhinə addımlar atmaq daha vacibdir. Bako Saakyanın Londanda Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxış etməsi məsələsiylə bağlı Xarici İşlər Nazirliyi, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi, eləcə də hakimiyyətin mövqeyində dayanan digər təşkilatlar dərhal öz analitik mövqelərini ortaya qoydu. Biz sübut etdik ki, dünən Böyük Britaniyadan baş verən hadisələr heç bir məntiqə uyğun gəlmir. Ermənistan müstəqil dövlət deyil, qərar qəbul edə bilmir, qalsın ki, "Dağlıq Qarabağ" (red: separatçı rejim). Qarabağda vur-tut əlli-altmış min erməni yaşayır. Yəni, onların tarixi tamamilə yalan üzərində qurulub. Belə bir etnonim yoxdur".

Politoloq deyib ki, ermənilərin müstəqilliklə bağlı dedikləri hamısı saxtalaşdırmış məlumatlar üzərində qurulan yalanlardır: "Bu yalnız Azərbaycanı parçalamağa xidmət edir. Bu məsələ həm Azərbaycan, həm də Böyük Britaniya tərəfindən diqqətlə izlənilirdi. Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq də çalışıb ki, proses obyektiv şəkildə öz həllini tapsın".

M.Əhmədoğlu hesab edir ki, Böyük Britaniya Ermənistanda üsyan qaldıran xalq kütləsini qızışdıraraq Rusiya əleyhinə yönəltməyə çalışır: "Bako Saakyan "Chatham House"a dəvət olunmamışdan bir həftə qabaq Böyük Britaniyanın Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin direktoru Nik Qrin İrəvanda Ermənistanın müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Eduard Nalbandyanla görüşlər keçirib. Ehtimal etmək olar ki, prezident Serj Sarkisyanla da bir araya gəlib. Yəni, görünən odur ki, Böyük Britaniya Ermənistana təhlükəsizlik məsələlərində vəd vermək istəyib. Özünün səmimi olduğunu göstərməkdən ötrü Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanı Londona Kral Beynəlxalq Münasibətlər İnstitutuna dəvət edib. Bu o deməkdir ki, Britaniya Ermənistanın təhlükəsizlik məsələlərini öz üzərinə götürməyin qarşılığında işğalçı ölkəni Rusiyaya qarşı sərt mövqe ortaya qoymağa məcbur etmək istəyir. Hər halda elə başa düşürəm ki, Ermənistan bu oyunlara getməli deyil. Ya Böyük Britaniya Ermənistanın yalanlarına aldanıb regionu çətin vəziyyətə salacaq, ya da Ermənistan Britaniyaya inanıb Rusiyanın üzərinə gedəcək. Bunun nəticəsində isə yenə də pis vəziyyətdə qalan rəsmi İrəvan olacaq. Çünki  Moskva bir göz qırpımında işğalçı dövləti məhv etmək gücündədir".

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı bildirib ki, Qərb qüvvələri yeri düşəndə beynəlxalq hüquqdan, insan haqlarının qorunmasından leksikalar danışır, məruzələr edir, özlərinə sərf etməyəndə isə susmağa üstünlük verirlər: "Separatçı rejimin rəhbərini öz ölkələrinə dəvət etmək və orada hər hansı bir dinləmələrdə onun iştirakını təmin etmək o deməkdir ki, Qərb dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllinə isti yanaşmır, Azərbaycana qarşı riyakarlıq edirlər. Yəni, bir tərəfdən Azərbaycanın ərazi bötüvlüyünü tanısalar da, digər tərəfdən separatçılarla danışıqlara gedirlər. Bu bir daha onların iç üzünü açır. Ona görə də biz  həm diplomatiya sahəsində, həm də digər sahələrdə diqqətli olmalıyıq ki, gələcəkdə onların riyakar əməllərini qabaqlamağı, mənfur məqsədlərinin qarşısını almağı bacara bilək".

Ceyhun ABASOV

 

 





09.07.2015    çap et  çap et