525.Az

Yaşam fəlsəfəsi


 

İSLAM DÜNYASINDA ELM VƏ TƏHSİL

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

VI YAZI

(Əvvəli ötən şənbə sayımızda)

Yusif Məmmədəliyev və Nazim Hacıyev

AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri professor Rəhim Hüseynov söhbət edir ki, BDU-nun rektoru Yusif  Məmmədəliyev məni yanına çağırmışdı. Şamaxı rəsədxanası ilə bağlı sualları var idi. Bu zaman dövlət telefonu zəng çaldı. Zəng edən Azərbaycan KP MK elm və təhsil şöbəsinin müdri Nazim Hacıyev idi. Rektorun yanına gəlmək istədiyini bildirdi. Rektor dedi, siz niyə gəlirsiniz, mən özüm gələrəm. Razı olmadı, dedi ki, siz yox, mən gəlməliyəm. Bu söhbət 1957-ci ilin söhbətidir.

Bu yaxınlarda bir ictimai tədbirdə idim. Zala bir akademik daxil oldu. Birinci, ikinci, üçüncü sıradan heç kəs durub akademikə yer vermədi. Nə baş verir? Burada iki güman ola bilər: ya ön sırada oturanlar akademiki tanımadılar, ya da tanıyıb hörmət etmədilər. Hər iki hal utandırıcıdır. 1955-ci ildə akademik, şair Səməd Vurğun Kəlbəcərə gedəndə bütün rayon əhalisi onun pişvazına durmuşdu. Niyə akademiklər hörmətdən düşüb?

Səbəblər çoxdur. Bir səbəbi də güman edirəm ki, akademiklərin sayı ilə bağlıdır. 1945-ci il akademiklərini hamı tanıyırdı və hörmət edirdi. Səbəb sayda və toplumun yaddaşındadır. Toplum məhdud sayda elm adamlarının, şairlərin, incəsənət xadimlərinin və b.k adlarını yadda saxlaya bilər. Bizim akademiklərin sayı 1945-ci ildə 15, indi isə 200-dür. Ola bilsin ki, Akademiyanın rəhbərləri bu adamları adı və familiyası ilə tanıyır. Ancaq bunu xalqdan ummaq olmaz. Xalqın tanımadığı akademiklər çoxdur. Bu səbəbdən də akademiklər məclisə daxil olanda, sıradan adam kimi qəbul olunurlar. Məqbul sayı tapmaq da elm olmalıdır.

Akademiyada bu gün həm formaca, həm də məzmunca islahata getməyə ehtiyac var. MDB məkanının bir çox dövlətlərində Təhsil Nazirliyi, ELM və Təhsil Nazirliyinə çevrilib. Bu səbəbdən də elmi mərkəzlər yavaş-yavaş ali məktəblərə tərəf səmtləşirlər.

R.Taqor deyir: “Qurumuş çay öz keçmişinə məftun olmamalıdır”. Amma biz bugünkü durumu yaddan çıxarıb, elmimizin keçmişi ilə qürurlanırıq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir”- kəlamı Akademiya üçün böyük dəstəkdir, ümid işığıdır. İnanıram ki, EA-ın prezidenti akad. Akif Əlizadə bu dəstəkdən istifadə edərək bu elm qurumunda ciddi islahat apara bilər. Elə etmək olar ki, elm adamları Azərbaycanı dünyada şöhrətləndirə bilsin.

Tərəqqi. Texnologiya, elm və alim

“Alimləri eşidin, onlar bu dünyanın işığı, axirətin nurudur”.

Hz. Məhəmməd

İslam peyğəmbərinin bu kəlamı 15 əsrdi ki, yol gəlir və bu gün üçün də doğrudur. Bizdən fərqli olaraq Qərb cəmiyyəti bu kəlamın nurundan hər zaman faydalanır və bu səbəbdən də həyatını bütövlükdə elmi müstəvi üzərində oturubdu.

Mənim qənaətimə görə tərəqqi iqtisadiyyatın zamana görə birinci tərtib törəməsidir. Yəni zaman artdıqca iqtisadiyyat artırsa, deməli, tərəqqi var. Sabit tərəqqi də qəbuledilməzdir. Zaman keçdikcə tərəqqinin özü də tərəqqi etməlidir, yəni onun sürəti olmalıdır. Tərəqqini sürətləndirən faktor texnologiyadır. Texnologiya iqtisadiyyatın zamana görə ikinci tərtib törəməsidir. Texnologiya termini geniş istifadə edilsə də, müşahidələr göstərir ki, bu termin düzgün başa düşülmür. Bu anlayışa qısa belə tərif vermək olar: texnologiya - təbiət qanunlarının (fizika, kimya, biologiya və dig.) süni obyektlərin hazırlanmasına yönəldilməsinin təşkilidir. Tərəqqinin təcili və ya texnologiyanın inkişaf sürəti elmin nəticəsidir. Elm tərəqqinin təcilidir. Elm iqtisadiyyatın zamana görə üçüncü tərtib törəməsindən asılıdır. Elmi fərdlər inkişaf etdirirlər. Demək, inkişafın mərkəzində alim durur. Deməli, elmin inkişaf etməsi üçün əsas şərt iqtisadiyyatın xətti yox, qeyri-xətti inkişafıdır. Bunu isə ancaq alimlər edə bilər.

XXI əsrin səciyyəsi bundan ibarətdir ki, bu dövrün ən varlı adamı alimlərdi. Bill Qeyts də buna misaldır.

Qurani-Kərimdə bildirilir ki, axırıncı peyğəmbərdən sonra insanlığın qarşısında çıxan sualların cavablarını alimlər verəcək və zəmanənin alimləri öz dövrlərinin peyğəmbərləri kimi dəyərləndiriləcək.

Alimin cəmiyyətdə yeri

Gənclərin elmə gəlməsi naminə alimin cəmiyyətdə yeri aydın müəyyən edilməlidir və Akademiyanın bu məsələ ilə bağlı aydın konsepsiyası olmalıdır. Bir çox ölkələrdə mənəvi dəyərlərin daşıyıcısı kimi alimin yeri çox yüksək tutulur. Misal uçün Danimarkada, Kopenhagen şəhərinin mərkəzində yerləşən və “Namus evi” adlanan evdə zaman- zaman Danimarkanı dünyada tanıdan alim ailəsi yaşayır. Qardaş Türkiyədə də son zamanlar bu işə diqqətlə yanaşırlar. Belə ki, Türkiyənin 10 lirəlik banknotunda riyaziyyatçı alim, TÜBİTAK-ın ilk başqanı Cahit Arfin (1910- 1997) şəkli yer alır. Digər türk alimi və elm tarixçisi Aydın Sayılının şəkli (1913- 1993) 5 lirəlik türk banknotunun arxa üzünə vurulub. Hesab edirəm ki, elmi diriltmək və gəncləri elmə gətirməyin ən məqbul yolu elm adamına hörmətini qaldırmaqdır. Bu səbəbdən də elmi rütbələr, vəzifələr dəqiq verilməlidir.

Əgər biz də belə bir təşəbbüsdə bulunsaq, onda sual olunar, elm adamlarından kimlərin şəklini banknota vurmaq mümkündür? Çoxlu ləyaqətli Azərbaycan aliminin adı yada düşür. Məsələnin düzgün həllini tapmaq çətin deyil... Dəyərli alimlərin əməyini qiymətləndirməklə, əbədiləşdirməklə biz milli tariximizi zənginləşdiririk.

Alim əməyinin qiymətləndirilməsi                

Əvvəlcə bir haşiyə çıxmaq istəyirəm. Rəhmətlik H. Z. Tağıyev Molla Abuturabla son söhbətində onun var - dövlətlə bağlı sualına belə cavab verir: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə əbədi olan haqda çox düşün”. H. Z. Tağıyev 1924-cü ildə vəfat edəndə onun “məni Molla Abuturabın ayağının altında dəfn edərsiniz” vəsiyyətinə əməl edilmişdir. Bu vəsiyyət Molla Abuturabın ruhuna böyük hörmət idi.

Tarixən həmişə alimə diqqət və qaygı böyük olmuşdur. Makedoniyalı İsgəndərin atası Çar Flipp Aristotelə yazdığı məktubda etiraf edir: “Mən allahlarıma ona görə minnətdar deyiləm ki, mənə Aleksandr kimi oğul verib, ona görə minnətdaram ki, məni sənin kimi böyük bir filosofun müasiri edib”. Flippindən 1500 il sonra Nizami Gəncəvinin alim haqqında yüksək fikirləri məlumdur:

Alimdir gözümdə ən əziz insan,
Qüvvət elimdədir - başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır əlbət.

Çünki elm gücdür, iqtisadiyyatdır. Elmi faydalı hala gətirmək üçün alim əməyi layiqincə qiymətləndirilməlidir. Belə olanda gənclər elmin ardınca gedər. Onlar elmin dalınca ona görə getmirlər ki, alimin əməyi layiqincə dəyərləndirilmir. Alimin qədrini bilmək üçün elmin cəmiyyətdə yeri düzgün dəyərləndirilməlidir.                                               

Elmin tarixi göstərir ki, dəyərli kəşflər və ixtiraların çoxunun müəlliflərinin yaşı 30 ətrafındadır. Belə yaşda gənclər öz enerjilərini tam elmə həsr edə bilirlər. Bu yaşdan sonra həyat öz şərtini diktə edir. Ailə, uşaq qayğısı əlavə vaxt tələb edir. Bu faktın özü gənclər siyasətində nəzərə alınmalıdır. Misal üçün, bizim gənclərin magistraturadan və ya doktoranturadan əsgərliyə aparılmasını çox da məqsədəuyğun addım hesab etmək olmaz. Bəzi ölkələrdə (misal üçün İsraildə) gəncləri əsgərliyə orta məktəbdən sonra, unversitetdən qabaq aparırlar. Ona görə ki, sonrakı təhsil trayektoriyası sınmasın. Qeyd etmək lazımdır ki, inkişaf etmiş dövlətlərdə gəncliyin 85 faizdən çoxu universitetlərdə oxuyurlar. Ancaq bu göstərici bizdə 20 faizdən azdır. Alim olmaq vətənə daha yüksək səviyyədə qulluq etmək deməkdir.

Alimin təqaüdə çıxma yaşı da müzakirəyə ehtiyacı olan məsələlərdəndir. Fiziki işlə məşğul olub təqaüdə çıxmaqla, əqli işlə məşğul olub təqaüdə çıxmanın fərqinə varmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan yaşa dolduqca onun fiziki gücü tükənir, əqli güc isə tükənmir, əksinə insan kamilləşir. Hesab etmək olar ki, müəllimlərin, alimlərin təqaüdə çıxma yaşına qoyulan tələblər çox yumşaq olmalıdır və çox vaxt alimin öz ixtiyarına verilməlidir. Gənc alim qocaman professorla müqayisədə çox dərs deyə bilər. Ancaq qocaman müəllimin yazdığı monoqrafiyanı, icmal məqaləni, fəlsəfi ümumiləşməni gənc müəllim edə bilməz. Həyatı boyu çoxlu bilik yığmış dəyərli elm adamına bu bilikləri magistrlərə, doktorlara ötürməyə şərait yaradılmalıdır.

AMEA prezidenti akademik A. Əlizadə son illər dövlət büdcəsindən ali məktəblərə elmi tədqiqatlar üçün pul ayrılmamasından narahatlığını belə ifadə etmişdir: “Ali məktəblərdə elm tənəzzülə doğru addımlayır, mən lazımi səviyyədə bu məsələni qaldıracam”.

AMEA-nın Rəyasət Heyətinin 2015-ci ilin mart iclasında Akademiyanın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva çıxışı zamanı gənc elmi işçilərin əmək haqqının azlığının ciddi problemə çevrildiyini bildirib: “Bu gün nəinki bölgələrdə, eləcə də Bakıda eyni problem yaşanır. Gənc elmi işçilər 140 manata işləmək istəmirlər. Hətta bizim institutun elə işçiləri var ki, işə piyada gəlirlər. Ona görə də mövcud problemin həlli istiqamətində AMEA Rəyasət Heyətinin iclasında müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir”.

Elm adamlarının əməyinin qiymətləndirilməsində də reformaya ehtiyac var. Dünya səviyyəli intellektuallar sayıla biləcək alimlərimizə münbit elmi şərait, rəqabət meydanı və ya zəruri hüquqi baza yaradılarsa, onlar öz üstünlüklərini ortaya qoya və Azərbaycan elmini dünyada şöhrətləndirə bilərlər. Reformanı elə aparmaq olar ki, elmə ayrılan pullardan ən çox məhz bu cür gerçək alimlər istifadə etsinlər. Bunun üçün təzədən velosiped icad etməyə ehtiyac yoxdur. Bizim mentalitetimiz (milli psixologiya, düşüncə tərzi və inkişaf səviyyəsi) türk mentaliteti olduğundan, məncə, burda Türkiyə modelindən istifadə etmək olar. 

 Şübhəsiz, elmi tədqiqatlar elmi nəticələrlə yekunlaşır. Nəticələr çap olunandan sonra bu intellektual məhsulun dəyərinə görə alimin əməyi layiqincə qiymətləndirilməlidir. Əgər alimin elmi nəticəsi dünyanın məşhur elmi jurnallarında cap olunubsa, Türkiyə Elm və Texnika Araştırma Kurumunun (TÜBİTAK) bu məqaləni təqribən 2000 dollar səviyyəsində, işlədiyi universitet isə təqribən 1000 dollar səviyyəsində mükafatlandırır. Qeyd edək ki, elmi jurnalların sayı çoxdur. Bu jurnalların impact faktorları (elmi jurnalın əhəmiyyətinin kəmiyyət göstəricisi) da müxtəlifdir. Xarici elmi jurnalların sayı çoxdur. Bəzi məlumatlara görə Skops bazalı jurnalların sayı 29 000, Tomson bazalı jurnallar 21 000-dir. Qeyd edək ki, Web of science (Thomson Reuters) bazalı elmi jurnallar çox keyfiyyətli elmi məqalələri çap edən jurnalları əhatə edir və sayı 7000-dir. Scopus i Thomson Reuters bazalı jurnalların elmi məqalələrə qoyulan tələblər Web of science-dən aşağıdır. Əgər alim ildə belə jurnallarda bir neçə məqalə çap edərsə onda onun maaşdan əlavə elmi fəaliyyətdən qazancı (təqribən 10 000 dollar) olacaq. Təbii ki, kadr baxımından da elm içəridən təmizlənəcək.

(Ardı var)

 





13.07.2015    çap et  çap et