525.Az

Nəcməddin Mürvətovun şeirləri


 

Nəcməddin Mürvətovun <b style="color:red">şeirləri</b>

Müəlliməm

O illərdən keçib gəlib elə bil,
Həmin sima, həmin baxış, həmin dil,
Tək yaşımız o zamankı yaş deyil.       
Uşaqlaşdım lap qəfildən həmin an,
Müəlliməm önündəyəm, ay aman.

İtirmişəm o vaxtkıtək özümü,
Susub durub hey döyürəm gözümü,
Bax, qarışıb söz-kəlməmin düzümü.
Varlığımı fəth eyləyib həyəcan,
Müəlliməm önündəyəm, ay aman.

Salamına cavab verdim tez “salam”,
Hazıram ki, o danışa, dərs alam,
Səssiz ona “anam” dedim, o “balam”.
Necə doğmam, əzizimdir, mehriban,
Müəlliməm önündəyəm, ay aman.

İstəyirəm buraxmaya əlimi,
Sora nəsə açmaq üçün dilimi,
Tərifləyə, sığallaya telimi.
Duraq belə, illər ötə, vaxt, zaman,
Müəlliməm önündəyəm, ay aman.
Seyr edirəm,şəvə saçlar qara zil,
Nurlu çöhrə, xoş səliqə, bir şəkil,
Ayıldım ki,odur,mənəm, əlli il.
Dayanmışıq bir az bikef, pərişan,
Müəlliməm önündəyəm, ay aman.

Ağsaqqalım

Kəlməsinə sözüm “Bəli”, “Baş üstə”,
Gəlsə səsi, düz, farağat dururam.
Qarşısında heç çəkmirəm  nəfəs də,
Baxıb ona qəlbdə heykəl qururam.
Çöhrəsinin qırışında nur seli,
Doğmalıqdan  xəbər verir baxışı.
Xeyirxahlıq məram, məqsəd, həm feli, 
Dilindədir xeyir-dua, alqışı.
Nəsihətlə yol göstərir sabaha,
Deyir: “Bunu elə etmə, belə et.
Nəfsi  tox tut, uymamaqla tamaha,
Uğurlara saf qalmaqla, bacar, yet”. 
Hikmətindən bəhrələnib çoxu çox,
Öyüdüylə yetib ağıl- kamala. 
Nə  veribsə, gözləməyib əvəz, yox,
Qane olub qazandığı halala.
Ağsaqqalım müdrik, igid, ər kişi,
Tədbiriylə hər iş düşür səhmana.
Yanındasa, heç keçirmə təşvişi,
Çəkməz səni kimsə bərkə, divana.

Doğmamızı atmayaq

Gözəlliklər məskənidir bu diyar,
 Zövq almalı göz önündə nə ki var,
Yeniləri, tarixlərdən yadigar,
  Laqeyd baxıb gəl günaha batmayaq,
Uyub yada, doğmamızı atmayaq.
İnsanları müdrik, aqil, cəsur ər,
Hikmət deyir, göstərirlər hey hünər.
Ölçülməzdir zər-yaqutla bu dəyər,
Möhkəm duraq keşiyində, yatmayaq,
Uyub yada, doğmamızı atmayaq.
Adətimiz, ənənəmiz var ax
ı,
Çatıb uzaq mənzillərə sorağı.
Götürürük  nə var vulqar, bayağı,
Yalvarıram ki, ifrata çatmayaq,
Uyub yada, doğmamızı atmayaq.
Sən mənimsən, mənsə sənin, hamımız
Bütövük tək, soy-kökümüz, qanımız.
Azərbaycan- vətənimiz,canımız,  
Bax, bu varı heçcə nəyə qatmayaq,
Uyub yada, doğmamızı atmayaq.

Ana, bir söz de mənə...

Üz söykəyib məzarının daşına,
Dəm vermişəm gözlərimin yaşına.
Od qoymusan ürəyimin başına, 
Təsir etmir “səbr et,səbr et, döz” mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.

Bax, pozulub hər səliqəm, səhmanım,
Üzülmüşəm, itib tabım, amanım.
Səndən sonra bircə kəsə gümanım
Gəlməyir ki, deyəm çarə çöz mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.

Övladların gəlib sənlə görüşə,
Sənsizliyin dərd-qəmini bölüşə.
Məəttələm indi təkcə bir işə, 
Dönüb baxır neçə yaşlı göz mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.

Sızlayıram, ağzım yanır, bax, dilim,
Çaş-baş düşüb çox-çox işim,əməlim.
Yalvarıram, nə vaxtacan, de, bilim,
Qoyacaqsan canda yanğı, köz mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.

Üz söykəyib məzarının daşına,
Dəm vermişəm gözlərimin yaşına.
Od qoymusan ürəyimin başına,
Təsir etmir “səbr et,səbr et, döz” mənə,
Ana, nolar, de bir kəlmə söz mənə.

Ələzim

Darıxmışam, xəyalda vədələşək, görüşək,
Surətinə, doyunca  uyum, dalım, Ələzim.
Söhbətləşək,  lap xeyli dərdi-səri bölüşək,
Yüngülləşsin azacıq  hal-əhvalım, Ələzim.
Xatırlayım ağrıyla olan, ötən-keçəni,
Yaxınlardan, dostlardan, doğmalardan neçəni.
Son mənziltək israrla qucağını seçəni,
Göz yaşımla hey anım, yada salım, Ələzim.

Baxmayaraq ömrümün belə ahıl yaşına,
Qalxım dağın zillətlə dolayına, qaşına.
Kürəyimi “oxxay”la qayasının daşına 
Söykəməklə ovunum, heysiz qalım, Ələzim.

Qurtulmağa qəlbimin yanğısından, közündən,
Turşəng,şoryemlik yığım, duzu ola özündən.
Bircə ovuc su içəm, bulağının  gözündən,
Dəyişə ağız dadım, ləzzət alım, Ələzim.

Qucum,basım bağrıma tuş gəldiyim hər kəsi,
Nəfəsimə qarışa ilıq, isti nəfəsi.
Ürəyimi ovuda “can, can, qardaş”deməsi,
Ona, həm də özümə layla çalım, Ələzim.

Nəzərimi çəkmir ki, neçə-neçə kol, ağac,
Kasıblaşıb elə bil ətrafımda yol-yamac.
Sanki xəstəsən indi, diləyirsən bir əlac,
Nələr edib gör sənə, illər zalım, Ələzim.
İndi himə bəndəm ki, hönkür-hönkür ağlayam,
Ya da ilham tərpədə, coş
am-daşam, çağlayam.
Həsrətimi göstərəm, ürəkləri dağlayam,
Nəcməddinəm, səbəbkar
bu  xəyalım,Ələzim.

 

 





13.07.2015    çap et  çap et