525.Az

Elçin Xəlilovun məhkəməsi başa çatıb


 

PROFESSORUN ÜZƏRİNDƏN ƏSAS İTTİHAMLAR GÖTÜRÜLÜB

Elçin Xəlilovun məhkəməsi başa çatıb<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış alim-seysmoloq, Müdafiə Nazirliyinin elmi tədqiqat mərkəzinə rəhbərlik etmiş professor Elçin Xəlilovun məhkəmə prosesi başa çatıb.

Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, bütün əsas ittihamlar hüquqlarını qoruduğu şəxsin üzərindən götürülüb.

Qeyd edək ki, Elçin Xəlilov 1993-cü ilin noyabrından 2013-cü ilin noyabrınadək Müdafiə Nazirliyinin elmi tədqiqat mərkəzinə rəhbərlik edib və birbaşa müdafiə nazirinə tabe olub. 1997-ci ildə ona nazirliyin mərkəzi aparatının idarə rəisi statusu verilib. Elçin Xəlilov Müdafiə Nazirliyində 20 il işlədikdən sonra, sözügedən dövlət orqanında aparılan struktur dəyişikliyi və Elmi Tədqiqat Mərkəzinin ləğvi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Hüquq müdafiəçisi qeyd edib ki, Elçin Xəlilov Müdafiə Nazirliyində işlədiyi 20 il ərzində bir dəfə də olsun xidməti töhmət almayıb, əksinə, dəfələrlə mükafatlandırılıb və təltif olunub.

Məhkəmənin yekun qərarı barədə danışarkən F.Mehdiyev bildirib ki, məhkəmə araşdırması zamanı çoxlu sayda şahidlər və o cümlədən, Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri dindirilib: "Bundan başqa, məhkəməyə əlavə sənədlər, materiallar və faktlar təqdim olunub və onlar hakim tərəfindən nəzərə alınıb. Bu sənədlər və faktlar ittihamçının təqsirsiz olduğunu sübut etməyə kifayət edib. Araşdırmalardan sonra, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçən iclasda qərara alınıb ki, Xəlilov Elçin Nüsrət oğlunun Azərbaycan Ruspublikası Cinayət Məcəlləsinin 179.3.2. - "Dövlət əmlakının küllü miqdarda mənimsənilməsi, talan edilməsi" və 313 - "Vəzifə saxtakarlığı" maddələrində nəzərdə tutulan əməlləri törətməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilsin. Məhkəmə qərarı ilə Elçin Xəlilova əsas cəzaya şərti olaraq bir il sınaq müddəti müəyyən edilib. Qərar 2015-ci ilin iyunun 2-dən qüvvəyə minib".

F.Mehdiyev hesab edir ki, Elçin Xəlilova  "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddəsi ilə verilən ittiham, onun bir təmiz insan, ziyalı, qoçaq, tanınmış alim, öz şəxsi məqsədləri üçün dövlətə heç bir ziyan vurmayan insan kimi, adına kölgə salmayacaq: "Elçin Xəlilovun adı elm dünyasında yaxşı tanınır. Nəzərinizə çatdırım ki, o 90-a yaxın ixtira patentinin müəllifidır, hansıların ki 30 faizi beynəlxalq və başqa ölkələrin milli patentləridır. Hüquqlarını qoruduğum şəxs rəsmi təsdiqlənmiş bir elmi kəşfin və 300-dən artıq çap olunmuş elmi məqalənin müəllifidir. Hazırda Elçin Xəlilov qeyri-dövlət və qeyri- kommersiya təşkilatı olan Zəlzələlərin Proqnozlaşdırılması və Öyrənilməsi üzrə Elmi Tədqiqat İnstitutun müdiridir. O, eyni zamanda, Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkəyə, Dünya Elmi Əməkdaşlıq Təşkilatına, Ətraf Mühitin Geoloji və Qlobal Dəyişikliklərin Öyrənilməsi üzrə Beynəlxalq Komitəyə rəhbərlik edir. Hazırda qravitasiya problemlərinə həsr etdiyi monoqrafiyanı başa çatdırmaq üzrədir".

F.Mehdiyev əlavə edib ki, məhkəmə prosesinin obyektiv aparılması, obyektiv araşdırılması, dövlətimizin dayanmadan vətəndaş cəmiyyətinin təkmilləşdirilməsi, demokratikləşdirilməsi yolunda irəliləməsinə görə, professor Elçin Xəlilov və onun ailə üzvləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Ceyhun ABASOV

 





14.07.2015    çap et  çap et