525.Az

İrəvanda Azərbaycan mətbuatının təməl daşı: “Lək-lək” satirik jurnalı


 

İrəvanda Azərbaycan mətbuatının təməl daşı: “Lək-lək” satirik jurnalı

Şəfəq NASİR

Jurnal bütövlükdə ədəbiyyat sahəsinə bütün saylarında geniş yer vermişdir. “Lək-lək”, “Hərdəmxəyal”, “Yetim cücə”, “Keyfli”, “Cinni”, “Şeytan” imzalı şeirlərin mövzusu soydaşlarının mənəvi həyatında mədəni geriliyin tənqidi və ifşasına  həsr edilmişdir.  Əksər saylarda “Taqqıltı” başlığı ilə verilmiş dördlüklər özlüyündə geniş bir mövzunu əks etdirməsə də, xalqın diqqətini cəmiyyətdə mövcud olan ictimai qüsurlara yönəldir. Bunlardan bir nümunə:

Qərq olmalı olsan da

dənizlərdə boğulsan,

Heç olmasa da mümkün

əgər sahilə çıxmaq.

Namərd əlinə vermə əlin,

tərki-həyat et,

Namərd əlini tutmaqdan

əfzəldi boğulmaq.

Burada ifadə olunan dəniz, insanın sahilə çıxmaq cəhdi həyatda düzgün yol seçməsi mənasında ifadə olunmuşdur. Bununla da müəllif insana mərdlik, mübarizlik ruhunu aşılamağa çalışır, ictimai şüura təsir edir, namərdin bədxah obrazını çəkir. Belə yığcam, sadə fikirlərdə müəllif ictimai şüura təsir etməyə çalışır. Oyadıcı təsirə malik olan bu fikirlər təbii ki,  insanların həyatında müəyyən mənada əhəmiyyət kəsb edirdi. Bu “taqqıltılar” qəflətdə olan millətin oyanıb öz halını doğru-düzgün dərk etməsi, onlarda yeniliyə həvəs oyatması baxımından uğurlu tapıntılar olaraq yadda qalır.

Jurnalın saylarında verilmiş “Siyasi lüğətlər”də İranın siyasi həyatında baş verən hadisələr diqqətə çatdırılır. Ümumiyyətlə, İran həyatını, cənublu soydaşlarının ictimai hallarını “Lək-lək” də öz növbəsində reallıq prizmasından işıqlandırır. Məktub formasında verilən felyeton, satirik məqalə və xəbərlər - “Tiflisdən məktub”, “Makudan”, “Ordubad”, “Gəncə”, “Mərənddən məktub” yazıları “Lək-lək”in yayılma arealının, nüfuzunun geniş olmasına, həm də zamanında aktual olan məsələlərə yeni forma və məzmunda münasibət bildirməsinə görə böyük marağa qadirdir.

Jurnalın onuncu sayına “Lək-lək” can verir” adlı uşaqlar üçün nəzmlə yazılmış bir kitabça da əlavə olunmuşdur. Bu alleqorik hekayətdə gözübağlı xalqın bütün ictimai problemlərinə münasibət bildirilir. Jurnal elmdən, təhsildən məhrum olan balaların acı aqibətini söyləyir. Qumarbazı, şərabxoru tənbeh edir. Cəmiyyətin eyiblərini açmaqla uşaqları gözüaçıq, elmli, təhsilli olmağa səsləyir.

Özünün fəaliyyəti dövründə hər cürə çətinliklərlə üzləşən C.Əsgərzadə jurnalın nəşrini davam etdirə bilməyəcəklərini başa düşürdü. Cəmi bir nömrədən sonra, 12-ci sayında jurnal “İxtar” başlığı ilə oxucularına müraciətlə yazırdı:

“Bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha “Lək-lək” məcmuəsi çıxmayıb, onun əvəzində “Lək-lək”müştərilərinə yenidən nəşr ediləcək “Çınqı” namında məcmuə göndəriləcəkdir. Möhtərəm mühərrirlərimiz və qarelərimiz həmin “Lək-lək” məcmuəsinin qapanılmasını nəşrimizin tənəzzülünə həml etməyib, bəlkə “Lək-lək” əvəzinə daha da mükəmməl bir surətdə  çıxaraq “Çınqı” məcmuəsini nəfis kağız üzərində dərc edilib, daha parlaq və möhkəm olmasını nəzərə almalıdırlar.

Bu yeni nəşr olunan “Çınqı” məcmuəsi  Əli Məhzun Hacı Zeynalabdinzadə və “Lək-lək” müdirlərindən Cabbar Əsgərzadənin təhti-müdiriyyətlərində olub, İrəvanın bir neçə maarifpərvər cavanlarının madii və mənəvi köməklikləri ilə nəşr olunacaq.

Ümum qarelərdən təvəqqe olunur ki, əgər “Çınqı” məcmuəsi nəşri bizdən asılmayan səbəblərə görə bir neçə həftə təxir olunarsa, səbirsizlik etməyib, bizləri məzur tutsunlar. “Lək-lək” elanını dərc edən qəzetələrdən təvəqqe olunur yenidən yazdığımız qərar ilə “Çınqı” məcmuəsinin elanını versinlər”.

Bu, əslində bir istefa xəbərdarlığıydı. Onun bağlanılması səbəbləri öz şərhini tamam açmasa da, məsələnin başqa bir tərəfi, jurnalın yeni adla, həm də daha mükəmməl, parlaq bir şəkildə oxucularına təqdim edilməsi vədi, istəyi maraqla qarşılanır. Bu barədə bir qədər sonra.

Burada bir haşiyə: Bu gün Azərbaycan dövri mətbuatına dair biblioqrafiq göstəriciləri  tədqiq edərək üzə çıxaran bir sıra tədqiqatçı alimlərimizin, o cümlədən N.Axundov, Z.Mustafayeva, S.Rüstəmovanın müxtəlif illərdə nəşr etdirdikləri biblioqrafiya kitablarında bəzi mətbuat göstəricilərinin adlarına rast gəlməsək də, inqilaba qədərki və inqilabdan sonrakı dövri mətbuatda onlardan bir çoxu haqda məlumatlarla qarşılaşırıq. Bu, hər şeydən əvvəl müəlliflərin özlərinin də qeyd etdiyi kimi, axtarış məkanlarında, arxivlərdə, kitabxanalarda nüsxələri əldə olan dövri mətbuat nümunələri əsasında toplanılaraq tərtib olunub. Onlar nüsxələri əldə olmayan mətbuatın sadəcə adlarını qeyd ediblər. Görkəmli tədqiqatçı Q.Məmmədli İrəvanda nəşr olunan “Cavanlar şurası”, “Rəncbər”, “Zəngi” kimi qəzetlərin müxtəlif saylarında gedən yazılardan nümunələr göstərmişdir. Deməli, İrəvanda nəşr olunmuş bu qəzetlərin bəzi nüsxələri (bəlkə də hamısı) bir zaman maddi dəlil kimi mühafizə olunub ki, Q.Məmmədli onlara müraciət edib. Tədqiqatçı bu cür qiymətli, səhih məlumatları özünün də yazdığı kimi əsasən Moskva, Leninqrad, Kazan və başqa şəhərlərin arxiv və kitabxanalarında apardığı axtarışlarda əldə etmişdir.

Qayıdaq “Lək-lək”in aqibətinə. Jurnalın bağlanmasına səbəb nə idi? Təkcə maddi-texniki çətinliklərmi? Jurnalın ilk saylarından da görünür ki,  onun sahibləri  öz qüvvələrini xalqın maariflənməsi, mədəni geriliyinin aradan qaldırılması yolunda mübarizəyə sərf etmişdilər. Bu maarifpərvər ziyalılar nəyin bahasına olursa-olsun, hansı çətinliklərlə üzləşsələr də İrəvanda bir kiçicik məcmuə ilə xalqın gözünün açılmasına, milli şüurunun formalaşmasına xidmət etməyə çalışırdılar. “Lək-lək”in bağlanmasının obyektiv səbəbləri yəqin ki, gələcək tədqiqatlarda araşdırılacaqdır.

İxtarın elə ilk cümləsindən də  məlum olduğu kimi “Lək-lək”in yerinə “Çınqı” adında məcmuə nəşr olunacağı nəzərdə tutulurdu. Deməli, “Lək-lək”in qapanmasına səbəb təkcə maddi çətinlik deyil, xəbərdarlıqda bildirildiyi kimi, onun əvəzində daha mükəmməl və parlaq  olacaq “Çınqı” məcmuəsinin nəşr olunacağı fikri idi. M.Mirfətullayevin könüllü surətdə jurnaldan istefa verməsi, son nömrənin  ilk səhifəsində bu barədə məcmuənin oxucularına açıqlaması ilk növbədə C.Əcgərzadə ilə yollarının ayrılmasına bir işarədir. Çünki onlar həyata yeni qədəm qoyacaq “Çınqı”nı əvvəlki birlik, güc ilə araya-ərsəyə gətirməyi düşünmədən, nəzərə almadan ayrılmışlar. Bu da “Lək-lək”in bağlanması ilə əlaqədar verilmiş xəbərin C.Əsgərzadəyə məxsus olmasını sübut edir. O, “Çınqı”nı M.Mirfətullayevlə deyil, Əli Məhzun Zeynalabdinzadə ilə birgə və İrəvanın bir neçə maarifpərvər cavanlarının madii və mənəvi köməklikləri ilə nəşr olunacağını nəzərdə tuturdu. Başqa bir tərəfdən jurnalın 11 sayının hər birində ünvan M.Mirfətullayevin dükanı qeyd edildiyi halda, “Lək-lək”in sonuncu - 12-ci sayının ünvanı İrəvanın “Luis” mətbəəsi göstərilirdi. Sözün bu məqamında belə bir sualla qarşılaşırıq: “Çınqı” adında jurnal nəşr olunubmu? Bəzi araşdırmalarda onun nəşri ilə bağlı hələlik bir xəbərə, fakta rast gəlməsək də bununla bağlı qəti fikir söyləmək də mümkün deyil. Burada illər öncə dövlət arxivində araşdırmalar apardığım zamanlarda vaxtilə orada çalışan erməni əsilli işçilərin xəyanəti nəticəsində İrəvan quberniyası ilə bağlı xeyli sənədlərin, türk dilində olan əlyazmaların, şəcərə tarixini yaşadan sənədlərin, çap məhsullarının məhv edildiyi haqqında söhbətlərin şahidi olduğumu xatırladım. İndi düşünürəm ki, bəlkə sorağında oldum “Çınqı”nın, bu gün təkcə adları bəlli olan başqa nəşrlərin də varlığı mövcud olub. Güman ki, onlar da erməni qısqanclığının, xəyanətinin qurbanı olub. Üzdəniraq qonşularımız Qərbi Azərbaycandakı həyatımızı, yaşam tariximizi uzun illər mərhələ-mərhələ məhv ediblər. Amma bu bir həqiqətdir ki, tarixin çox-çox dərinə işləmiş kökünü məhv etmək mümkünsüzdür. Dünyanın bir çox ölkələrində, elə keçmiş SSRİ ərazisində arxivlərdə, kitabxanalarda qədim torpağımız olan Qərbi Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni tarixi ilə bağlı sənədlər mühafizə olunur. Maddi, fiziki məhv olmadan savayı, insana mədəni-mənəvi itirmələr bəlkə daha çox əzab verir. Çünki onlar tariximizin ədəbi-mədəni abidələridir. Onları arayıb-axtarmaq, dilləndirmək vətənpərvər övladlarını, tədqiqatçılarını gözləyir. Bu istiqamətdə çalışmaq, axtarışlar aparmaq ən başlıcası o torpaqda uyuyan babalarımızın ruhu qarşısında mənəvi borcumuzdur.

 





25.08.2012    çap et  çap et