525.Az

Daxili İşlər Nazirliyindən "21 dekabr" açıqlaması


 

Daxili İşlər Nazirliyindən "21 dekabr" açıqlaması<b style="color:red"></b>

Dekabrın 21-də dünyanın dağılacağı haqda fikirlər Azərbaycanda da müəyyən həyəcan doğurur. Hərçənd sosioloji sorğunun nəticələri göstərir ki, Bakı sakinlərinin 92,4%-i “dünyanın sonu” deyilən 21 dekabr hadisələrinin baş verəcəyinə inanmır.

Bəs hakimiyyət qurumlarında bu haqda nə fikirlər var? Dekabrın 19-da “Media forum” saytının sualını cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib ki, 21 dekabr söz-söhbətinə inanmır və bununla bağlı təşvişə düşməyi əsassız sayır: “O ki qaldı Daxili İşlər Nazirliyinin münasibətinə, fəaliyyətini gündəlik olaraq cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması üzərində quran hüquq mühafizə orqanı kimi bizim üçün bütün günlər eynidir. Biz hər gün fəaliyyətimizi ölkədə qanunçuluğun, əmin-amanlığın təmin olunmasına yönəldirik. Dekabrın 21-də də belə olacaq. Daxili İşlər Nazirliyi rəhbərliyi həmin gün polis orqanlarının iş rejimində hər hansı bir dəyişikliyə qərar verməyib. Çünki buna hər hansı zərurət yoxdur”.

“Rəy” Monitorinq Mərkəzinin 2012-ci il dekabrın 8-dən 10-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Bakı sakinlərinin 92,4%-i “dünyanın sonu” deyilən 21 dekabr hadisələrinin baş verəcəyinə inanmır. “Dünyanın sonu”na inanırsınızmı” sualına respondentlərin 84,7%-i “xeyr, inanmıram”, 7,7%-i “əsasən inanmıram” cavabını verib. Sakinlərin yalnız 5,3%-i bunun əksini düşünür.

Paytaxt əhalisi, ümumiyyətlə, “dünyanın sonu”nun mümkünlüyü barədə məlumatları ciddi qəbul etmir. Sorğunun nəticələri göstərir ki, respondentlərin yalnız üçdə biri (31,9%) bu xəbərləri diqqətlə izləyir.

 





19.12.2012    çap et  çap et