525.Az

Söz də silahdır


 

Söz də silahdır<b style="color:red"></b>

Mahiyyəti etibarilə sıfırbəredici qüdrətə malik olan söz də silahdı (milli-mənəvi dəyərlər də sözlə qorunur). Söz həm də etibarlı silahdı. Zaman-zaman belə olub. Bundan sonra da belə olacaq...

"Hər kəsi çağırıram,gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən  o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur".

“Xalq üçün, millət üçün gərəkli olanlar "göstəriləndə görünsün deyə, deyilənlər qanılsın deyə yeganə çarənin qəzet olduğu" qənaətinə gələn milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi doğru sözün qüdrətini vurğu-lamaqla belə yazırdı. 1875-ci ildə deyilən bu kəlam mətbu sözün işığı oldu. Bu işıq "Əkinçi"nin,"Əkinçi" sələflərinin yolunu nurlandırdı (əbədiyyən nurlandıracaq da!). Sonralar Mirzə Cəlilin, Ö.F.Nemanzadənin, Ə. Hüseynzadənin, Ü.Hacıbəylinin, ... yaşarı publisistikası da (yaşarı sözü də) bu işıqdan boy göstərdi. Onlar da Zərdabinin arzuladığı kimi xalqa, millətə xidmət elədilər. O müqtədir tarixi şəxsiyyətlərin dəyərli yaradıcılığı bu gün də söz dünyamızın haləsidi, şübhəsiz. Bu bəşəri işıq 140 ildi mətbu sözümüzün göyqurşağıdı, neçə 140 illər də belə olacaq...

 "Söz bulağının altına qoyulan ideoloji daşların əriyib deşilməsini" arzulayan, bu xəlqi-milli istəyin bəşəriyyətə cığırdaş olmasını istəyən "Əkinçi"nin nəşri dayandırıldı. "Əkinçi"də sonralar Sovet jurnalistikasının mahiyyətini müəyyənləşdirən şərtlər sırasında doğru (dəqiq) amili də vardı və bu amilin qəzetçiliyin (jurnalistikanın) "Nyuton qanunu" qüvvəsində olduğunu Həsən bəy Zərdabi hələ 1875-ci ildə duymuşdu...

Rus imperiyasının süqutundan, Azərbaycan dövlətçiliyi bərpa olunduqdan sonra nəşrə başlayan qəzetlər ("Səhər", "Aydınlıq" və b.) "Əkinçi"nin varisi kimi milli ideologiyamızın, milli mənəvi dəyərlərimizin cəfakeşi oldular. Ənənəvi jurnalistikanın ehkamları darmadağın edildi. Dövlət, Vətən məfhumları öz tarixi anlamına qaytarıldı. İmperiyanın ideoloji təbliğatçısı funksiyasını yerinə yetirməkdən imtina eləyən, yarana-yarana formalaşan çağdaş mətbuatımız yeni düşüncəyə əsaslanmaqla formalaşır, xalqın, millətin, dövlətçiliyin söz yükünü sədaqətlə daşıdı. Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra yaranan ilk hərbi mətbuatımız - "Azərbaycan Ordusu" bu yolun dönməz yolçusu kimi sözə yaxınların, sözün qüdrətinə inananların, bu sıradan əsgərlərimizin könül sirdaşı oldu.

 Yeni jurnalistikanın vəzifələri həm də dövlətçiliyin möhkəmləndirilməsi ilə şərtləndiyindən "Azərbaycan Ordusu" böyük Füzuli demişkən, "sözə ehya verməklə", zabitlərin də, əsgərlərin də söz tribunası kimi Silahlı Qüvvələrimizin formalaşmasının cəfakeşi oldu. Bu gün də bu şərəfli vəzifəni uğurla yerinə yetirməkdədir...

1992-ci ilin fevralında Müdafiə Nazirliyinin orqanı olan "Xalq Ordusu" (indiki "Azərbaycan Ordusu") qəzeti nəşrə başladı. Həmin gün müstəqil Azərbaycanın hərbi mətbuatının yaranması günü kimi tarixləşdi. "Xalq Ordusu" ilk saylarından fəaliyyətini ön cəbhə ilə sıx bağladı. Qürurla xatırlamalıyıq ki, çağdaş jurnalistikamızda ilk səyyar nömrə bu qəzetin adı ilə bağlıdır: fevral ayının sonunda qəzetin əməkdaşları - Samir Musayev (hazırda polkovnikdir), Bədirxan Başkeçidli, Söhbət Səfərli və Rəşid Faxralı Füzulinin müharibəli bir gününü mətbu sözlə tarixləşdirdi. Bunu digər əməkdaşlar da davam etdirdilər...

Yadımdadır, hərbi hissənin zabiti Yusif Mirzəyev bizə "Hər birinizin timsalında gücümüz birə beş artdı..." dedi. Bu ifadəni hərbi jurnalistikamıza verilən dəyər bildik. İlk sayından üzü bu yana belə sə-mimi sözlər "Azərbaycan Ordusu"nun əməkdaşlarının ünvanına çox deyilib; qəzetin əməkdaşları müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Ən etibarlı silah yaxşı öyrədilmiş əsgərdir" fikrinin işığında əsgər amilinə həmişə həssas münasibət göstərib, əsgərlərin mənəvi hazırlığında yaxından iştirak edib; hərbi jurnalistika mahiyyət etibarilə inkişaf etdirilib və qürurla etiraf olunmalıdır ki, hərbi jurnalistikamız dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın qorunmasında, düşmənin həmlə və hücumlarının qarşısının alınmasında fədakarlıq göstərən hərbçilərimizin cəbhədaşıdı.

"Hərbi Bilik" jurnalının, Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-tele Studiyasının əməkdaşları da hərbi jurnalistikanın formalaşmasında nəzərəçarpacaq uğurlara nail olub.

Xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Silahlı Qüvvələrimizin formalaşmasında mühüm mərhələ oldu. Bu proses mətbu orqan olmaq etibarilə "Azərbaycan Ordusu" qəzetinin fəaliyyətində də ciddi dönüş yaratdı. Qəzet fəaliyyətini ordu quruculuğunun  təbliğatçısı olmaqla məhdudlaşdırmadı, elmi əsaslarla yenidən qurulan, formalaşan Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi hazırlığı istiqamətində Müdafiə Nazirliyinin müvafiq göztərişlərinə istinadən ciddi jurnalist təhlilləri əsasında analitik məqalələr də dərc etdi...

"Ordu və cəmiyyət", "Əsgərin tribunası", "Ön xətdən reportaj" və bu kimi rubrikalarla dərc edilən məqalələr hərbi jurnalistikanın fəaliyyətinin mahiyyətinin nədən ibarət olduğunu göstərir; dərc edilən məqalələr informasiya yükünə görə dəyərlidir. Bu da ordu quruculuğunda mətbu söz funksiyasının uğurla yerinə yetirildiyinin təsdiqidir.

Son vaxtlar Silahlı Qüvvələrimizdə ciddi islahatlar həyata keçirilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Belə bir ordunun mətbu orqanı olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. "Azərbaycan Ordusu" qəzeti mətbu sözə istinadən aparılmış və aparılan islahatların mahiyyətini oxuculara dolğunluğu ilə çatdıra bilir. Ali Baş Komandanın, müdafiə nazirinin tələb və göstərişləri mətbu orqzn olmaq etibarilə "Azərbaycan Ordusu" qəzetinin də fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Son vaxtlar Silahlı Qüvvələrimizdə keçirilən təlimlər təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. "Azərbaycan Ordusu" qəzeti fəaliyyətini bu inamın işığında böyük məsuliyyətlə davam  etdirməkdədir.  

"Azərbaycan Ordusu" qəzetində Silahlı Qüvvələrimizdə təlimlərdən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təmas xəttində əsgərlərlə görüşlərindən və s. geniş informasiyalar, analitik məqalələr dərc edilir ki, bunlar da, əslində, ordu quruculuğunda aparılan islahatların mahiyyətini tarixləşdirmək, oxuculara çatdırmaq missiyasının təzahürüdür...

Qəzet əsgərlərin dünyagörüşünün formalaşması məqsədilə "Hərbi xidmət müddətində test" müsabiqəsi təşkil etdi. Bu, hərbi hissələrdə maraqla qarşılandı, qaliblər mükafatlandırıldı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq qeyd edir ki, "BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr sadəcə kağız üzərində qalır və bunlar sadəcə bəyanatlar, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz başa düşdük ki, dövlətimizin taleyi öz əlindədir". Silahlı Qüvvələrimizin şəxsi heyəti bu fikri döyüş hazırlığının yüksəldilməsi zərurəti bildi. Təbii ki, həm də "Azərbaycan Ordusu"nun söz təqdimatı ilə...

"Azərbaycan Ordusu" Ali Baş Komandanın fikirlərini jurnalistikanın imkanları həddində Silahlı Qüvvələrimizin şəxsi heyətinə böyük məsuliyyətlə çatdırır, mətbu orqan olaraq Ordumuzun döyüş və mənəvi hazırlığının yüksəldilməsi istiqamətində vəzifə borcunu uğurla yerinə yetirir...

22 İyul Milli Mətbuat Günüdür, Milli Mətbuatımızın yaranmasının 140 illiyidir. "Azərbaycan Ordusu" qəzeti ordu quruculuğunun təbliğat tribunası kimi bundan sonra da uğurlu fəaliyyətini davam etdirəcək...

 





15.07.2015    çap et  çap et