525.Az

“Dərman bazarının tam liberallaşmasına ehtiyac var”


 

PREZİDENTİN TAPŞIRIĞI BÜTÜN AİDİYYƏTİ QURUMLARI HƏRƏKƏTƏ GƏTİRİB

“Dərman bazarının tam liberallaşmasına ehtiyac var”<b style="color:red"></b>

Ölkədə əczaçılıq sahəsində inhisarçılıq mövqeyi dərman preparatlarının süni yolla qiymətinin artırılmasına səbəb olur.
 
Müəyyən xəstəliklərdən əziyyət çəkən vətəndaşlar ya borca-xərcə düşərək həddindən artıq şişirdilmiş qiymətlərə aldıqları dərman vasitələri ilə özlərini müalicə etdirmək istəyir, ya da sosial-iqtisadi durumu imkan vermədiyi üçün acı taleyi ilə barışmalı olurlar. Ən acınacaqlısı isə odur ki, alınan dərman preparatları bəzi hallarda keyfiyyətsiz olur və bununla da insanlar öz sağlamlığını qorumağa müəəssər olmurlar. Bu da cəmiyyətdə haqlı narazılıq yaradır. Dərman satışı sahəsində Azərbaycanla Türkiyəni müqayisə etsək, qiymətdə təxminən 2,5 dəfə, qonşu İranla müqayisədə isə 3 dəfə fərq olduğunu müşahidə edərik. Nəticə etibarıyla əhalinin narahatlığına səbəb olan bu məsələ ölkə rəhbəri İlham Əliyev tərəfindən ciddi tənqid olunaraq, nəzarətə götürülüb. Dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sahədə fəaliyyət göstərən sahibkarlara ciddi xəbərdarlıq edib. Prezident qeyd edib ki, dərman insanların həyatıdır, onların sağlamlığıdır: “Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar. Başa düşürsünüz nə edirlər? İnsanlar nə etsinlər? Ona resept yazırlar, o da gedir alır. Nəyi alır, hansı keyfiyyətdədir? O, onu qəbul etməlidir, yoxsa yox? O haradan bilsin? Dərd burasındadır. Ona görə, bax, biz bu sosial və mənəvi pozuntuları aradan götürəcəyik”.

Dövlət başçısı əlavə edib ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır: “İnsanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Bu məsələ dərindən öyrənilib. İqtisadiyyat və Sənaye Nazirliyi, digər qurumlar, Səhiyyə Nazirliyi məruzə ediblər və bir neçə aydır ki, bu məsələ ilə ciddi məşğuluq. Hesab edirəm ki, burada həkimlərin də məsuliyyətsizliyi və bəzi hallarda tamahkarlığı özünü göstərir. Lazım olmayan reseptləri yazırlar. Resepti yazır, deyir ki, sən bu dərmanı filan yerdən almalısan. Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır.

Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu, hələ məsələnin az bir hissəsidir. Mən burada bu barədə çox danışmaq istəmirəm. Ancaq bu sahədə çox ciddi pozuntular olub və var. Bu pozuntulara son qoyulmalıdır. Ona görə, indi bütün məsələ təhlil edilib. Artıq bir neçə aydan sonra tətbiq edilməyə başlayacaqdır. Hesab edirəm ki, sentyabr ayından gec olmayaraq bu məsələ artıq yeni müstəviyə qalxmalıdır. Həm şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Qiymətlərin yuxarı səviyyəsi müəyyən ediləcək. Heç kim o səviyyədən baha sata bilməyəcək. Dərmanları satanlar da burada öz gəlirlərini götürəcəklər. Onların da normal gəlir səviyyəsi olmalıdır. Ancaq bu səviyyə 100, 200, 300 faiz olmamalıdır. Heç yerdə belə özbaşınalıq yoxdur. Görülən və görüləcək tədbirlər nəticəsində ilin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir. İstəyirəm Azərbaycan ictimaiyyəti bunu bilsin. Bu məsələ də daim diqqət mərkəzində olacaq”.

Səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi kollegiya iclasında çıxışı zamanı bu məsələlərə toxunaraq bildirib ki, mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır.

Nazir qeyd edib ki, bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır: “Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhali kütləsinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanmış və tətbiq olunacaqdır”.

Nazir həmçinin səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, dərman preparatlarının satışı ilə bağlı bu illər ərzində istehlakçılardan rəhbərlik etdiyi quruma çoxsaylı şikayətlər daxil olub. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin bu barədə çıxışı son dərəcə əhəmiyyətlidir: “Bununla bağlı əhalinin narazılığı və incikliyi var idi. Qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına hesablanan çox əhəmiyyətli tədbirdir. Dərman yeganə istehlak məhsuludur ki, vətəndaşlar bunu öz xoşu ilə almır. Eyni zamanda, əhalidə bununla bağlı seçim hüququ yoxdur: Həkim hansı dərmanı yazır, vətəndaş da o dərmanı almağa məcbur olur. Ölkə rəhbərinin əhəmiyyətli tapşırığından sonra Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyi müəyyən işlər görüb. Bununla bağlı dərman distribüterləri bir neçə dəfə mənimlə də görüşüblər və böyük narahatlıq keçirdiklərini bildiriblər. Narahatlıq ondan ibarətdir ki, ölkə bazarına uzun müddət keyfiyyətsiz dərmanlar daxil ola bilər. Ona görə də Azad İstehlakçılar Birliyi Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzi ilə birlikdə bunun qarşısını almaq üçün işlər aparır”.

E.Hüseynov hesab edir ki, ən böyük problemlərdən biri dərman bazarının müəyyən bir qrupun əlində cəmləşməsidir: “Onlar dərman preparatlarının qiymətini bir-iki il sabit saxlayıb daha sonra bahalaşdıra bilərlər. Ona görə də, təkliflərimizdən biri budur ki, dərman bazarının tam liberallaşması üçün şərait yaradılmalıdır. Dərman biznesi ilə məşğul olan sahibkarların xarici istehsalçılara birbaşa çıxışı üçün zəmin formalaşdırılmalıdır ki, dərman sarıdan ölkədə bolluq olsun və sağlam rəqabət şəraitində qiymətlər aşağı düşsün. Lakin indiki şəraitdə bu cür radikal müdaxilələr zəruridir. Əhali bu prosesləri çox diqqətlə izləyir. Təəssüflər olsun ki, belə bir ərəfədə bir çox apteklər dərman satışından imtina edir, dərman qıtlığı yaradırlar. Dərman biznesi ilə məşğul olan sahibkarların narahatlıqlarından biri onların anbarlarında olan və  köhnə qiymətə alınmış dərmanların ucuz qiymətə satışının onlara külli miqdarda ziyan vuracağı ilə bağlıdır. Lakin yeni hazırlanan qərarda bütün bunlar öz ədalətli həllini tapacaq”.

AİB sədri əlavə edib ki, dünyada saxta dərman dövriyyəsi mövcuddur: “Bütün dünya ölkələrində 30 faizdən 60 faizə qədər bu kimi hallarla qarşılaşılır. O cümlədən, Azərbaycan da bu bəladan kənarda qalmayıb. Çünki bunu həll etmək mürəkkəb bir məsələdir. Dünya və Azərbaycan biznesmenlərinin bununla bağlı təcrübələri var. Xaricdə müəyyən molekul dərmanlar təklif olunan qiymətlərə görə hazırlanır. Yəni, deyirlər ki, hansı qiymətə almaq istəyirsizsə, biz də ona görə hazırlayaq. Bu yolverilməz haldır. Bunun qarşısı mütləq alınmalıdır. Biz dövlət başçısının verdiyi tapşırıqlara ictimai dəstək verməyə çalışacağıq. İlk növbədə fəaliyyətimizi həkimlərlə dərman distrubüterləri arasında əlaqələrin kəsilməsinə yönəldəcəyik. Çünki dərmanların qiymətlərinin artmasında bu böyük bir amildir. Bu zaman həm əhalinin sağlamlığı böyük risk altında olur, həm də xəstəliklərin sayı artır. Prezidentin ictimai çağırışına biz mütləq dəstək verəcək, bu problemin qarşısını alacağıq”.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, ölkə rəhbəri İlham Əliyev müşavirədə qeyd etdiyi kimi, dərman preparatlarıyla bağlı ən ciddi problemlərdən biri ondan ibarətdir ki, dərman satışı ilə məşğul olan şirkətlər xarici ölkələrdən nisbətən keyfiyyətsiz və xərci aşağı olan dərmanları sifariş edirlər: “Həmin dərmanlar Azərbaycanda daha yüksək qiymətə satılır ki, bu da onlara çəkilən xərc arasında kəskin fərqin yaranmasına, keyfiyyətsiz dərmanların vətəndaşlara təklif edilməsinə gətirib çıxarır”.

Artıq Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsinin həyata keçirilməsinə başlanıldığını deyən ekspert qeyd edib ki, Tarif Şurası yaxın aylarda hər bir dərman üzrə selektiv olaraq qiymətlər müəyyənləşdirəcək: “Müəyyən olunan yeni qiymətlərlə dərmanların satışının təşkil edilməsi həyata keçiriləcək”.
 
Dərmanların qiymətlərinin tənzimlənməsi üçün ilk növbədə elektron bazanın formalaşdırılmasını təklif edən V.Bayramov hesab edir ki, formalaşmış elektron bazaya hər bir dərman üzrə onun xarici ölkədən alınma xərci daxil edilir və həmin məlumatlar istehsalçı ölkənin inflyasiya göstəriciləri və valyuta məzənnəsinə uyğun olaraq hər rübdə ən azı bir dəfə yeniləşdirilir: “Məsələn, hər hansı bir dərmanın istehsal olunduğu ölkədəki qiyməti və onun nəqliyyat və digər xərcləri nəzərə alınmaqla, onun ümumi xərcləri müəyyənləşdirilir və həmin xərcin üzərinə 15 faiz mənfəət norması əlavə edilir və dərmanın qiyməti müəyyənləşdirilir. Belə olan halda apteklərə paylanılan dərman təklif olunan qiymətdən baha satıla bilmir.

Eyni zamanda, nəzərə alsaq ki, bəzi hallarda dərman istehsal edən ölkədə milli valyutanın məzənnəsi aşağı düşür və ya inflyasiya baş verir, o zaman sahibkarların mənfəət normasını saxlaması və dərmanın qiymətinin əlçatan olması üçün rübdə ən azı bir dəfə məhz həmin dərmana çəkilən xərclər öyrənilir, əgər dəyişiklik varsa, rübün sonunda ona uyğun yeni qiymətlər müəyyənləşdirilir. Bu baxımdan elektron bazanın formalaşdırılması və bütün məlumatların oraya yerləşdirilməsinə ehtiyac var ki, həmin baza da həm iş adamları, həm də sıravi vətəndaşlar üçün əlçatan və açıq olmalıdır.
 
Eyni zamanda, biz Türkiyə təcrübəsinə diqqət yetirsək, dərmanların qiymətlərinin aşağı salınmasının ən çox istifadə olunan yollarından biri yerli istehsalın dəstəklənməsidir. Praktiki olaraq Azərbaycanda dərman preparatlarının istehsalının təşkili ilə bağlı həm infrastruktur, həm xammal, həm də maliyyə baxımından imkanlar var. Nəzərə alınmalıdır ki, praktiki olaraq dərman istehsalı üçün tələb olunan texnologiya bahalı deyil və həmin zəruri avadanlıqların Azərbaycana gətirilməsi mümkündür. Əksər dərmanların istehsalı üçün hər cür şəraitə malik olduğumuza görə, dərman istehsalının ölkəmizdə təşkil edilməsi mümkündür ki, bununla da qiymətlər xeyli dərəcədə aşağı düşəcək. Eləcə də rəqabətin güclənməsi, dərman istehsalı ilə məşğul olan şirkətlərin sayının artırılmasına ehtiyac var. Rəqabətin gücləndirilməsi birmənalı şəkildə dərman bazarında qiymətlərə təsir göstərəcək. Çünki qiymətlərin aşağı salınması yollarından biri ədalətli rəqabətin formalaşdırılmasıdır. Bu baxımdan, hal-hazırda dərmanların ölkəyə gətirilməsi ilə məşğul olan şirkətlərin mənfəət norması olduqca yüksəkdir: 100 və bəzi hallarda 100 faizdən daha artıqdır. Nəzərə alsaq ki, beynəlxalq təcrübədə maksimum 10-15 faiz mənfəət norması olur, Azərbaycanda da mənfəət normasının tənzimlənməsi, izafi mənfəətin əldə edilməsinin qarşısının alınması təbii ki, qeyd etdiyim şərtlər daxilində dərman preparatlarının qiymətlərinin aşağı salınması və vətəndaşlar üçün əlçatan olmasına gətirib çıxaracaq”.

Ceyhun ABASOV

 

 





17.07.2015    çap et  çap et