525.Az

Yaşam fəlsəfəsi


 

İSLAM DÜNYASINDA ELM VƏ TƏHSİL

Yaşam fəlsəfəsi <b style="color:red"></b>

VI YAZI

(Əvvəli ötən şənbə sayımızda) 

Bu yaxınlarda bir neçə təhsil eksperti ilə birgə ADİU-nun rektoru professor Ədalət Muradovun qonağı oldum.

Universitetin əldə etdiyi nailiyyətlərlə, daha doğrusu, liberal dəyərlərin tətbiqi ilə tanış oldum. Bu universitetdə də elmi işlərin dəyərləndirməsində təqribən Türkiyə modelindən istifadə edilir. Belə ki, dəyərli bir elmi məqaləyə universitetin alimi 2000 AZN tərtibində mükafat alır. Aydındır ki, belə əlavə mükafatı ancaq həqiqi elmi fəaliyyətdə olan alimlər ala bilər. Bu isə talantlı alimlərin elmi işini stimullaşdırır və gənclərin elmə gəlməsinə əsas yaradır.

Azərbaycanda 2009-cu ildə prezident fərmanı ilə Elmin İnkişafı Fondu yaradıldı.  Xoş niyyətlə qurulmuş Fond birbaşa öz məqsədinə qulluq etməlidir. Fondun fəlsəfəsi düz istiqamətdə yönəldilməlidir. Pul ideyaya yox, nəticəyə verilməlidir. Məntiqə görə, alimin bazara çıxardığı elmi məhsul mükafatlandırılmalıdır, təcrübədən keçməmiş ideya yox.  Fondun məqsədlərinin biri də mədəniyyətin yüksək səviyyəsi kimi Azərbaycan elmini dünyaya təqdim etmək olmalıdır. Elmi nəticə bəşəri mahiyyət daşımalıdır. Lokal bir problem həll etməklə Azərbaycan elmini şöhrətləndirmək olmaz. Bu nəticələr bəşər elminə Azərbaycanın töhfəsi olmalıdır. A. P. Çexovun elmlə bağlı bir fikrində deyilir: “Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil”. 

Azərbaycanda muzeylər çoxdur. Texniki tərəqqinin dinamikasını göstərən politexnik muzeyi isə yoxdur. Yuxarıda qeyd edildiyi kimi həm Ə. Zevayl, həm Əbd üs-Səlam müsəlman dünyasında texnokratların az olmasından narazıdılar. Gənclərin texniki sahəyə marağını yönəltmək üçün belə muzeylərin əhəmiyyəti böyükdür.

Müdafiə şuraları 

Elmi ad və dərəcələrin verilməsində də islahata ehtiyac var. Bu prosesdə qüsura məsuliyyət daşıyan yoxdur. Mövcud kollektiv məsuliyyətdən (Elmi Şuralarda gizli səsvermədən) fərdi məsuliyyətə keçmək lazımdır. Bu gün bir nəfərin alim adını alması üçün təqribən 25 alimdən (elmi rəhbər, üstəgəl 2 və ya 3 opponent, üstəgəl 20-dən çox Şura üzvü) “həri” almaq lazımdır. Müdafiələrdə elə opponentə rast gəlmək olur ki, o, dissertantı rəhbərdən çox tərifləyir və müdafiədə dövlət tərəfindən, yaxud cəmiyyət tərəfindən çıxış etdiyini unudur. Bu yoldan imtina etmək lazımdır. 25 nəfər Şura üzvünü səhv qərara görə cəzalandırmaq real görünmür. Üç-dörd nəfər adlı-sanlı, hörmətli alimin şəxsi məsuliyyəti altında müdafiələr təşkil edilsə və qərar internetdə yerləşdirilsə, obyektivliyi təmin etmək olar. Saxtakarlığa yol vermiş alimi ictimai və ya inzibatı cəzalandırmaq da mümkündür.

BDU-nun Fizika fakültəsinin 26.12.2014-cü il tarixli Müdafiə Şurasının iclasında pedaqoqika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda fizika tədrisi metodikasının inkişafı” mövzusunda müdafiəsi oldu. Müzakirə zamanı Şuranın üzvü kimi mən də çıxış etdim:

“Hörmətli Şura üzvləri. Bizim Elmi Şurada kosmosun ənginliklərindən tutmuş atomun dərinliyə kimi mövzular müzakirə olunub. Bu işlərin nəticələrinə kölgə salmadan demək olar ki, bu işlərin bəşəri elmə xeyri olsa belə, siravi Azərbaycan vətəndaşlarının güzəranına təsiri yox dərəcəsindədir. Azərbaycan xalqı elmimizin nəticələrindən faydalana bilmir. Bu gün müzakirə etdiyimiz elmi işin bizim sıravi vətəndaşlara həm birbaşa, həm də dolayısı ilə xeyri var. Çünki söhbət təhsildən gedir, onun metodikasından (pedaqogikadan) gedir. Təhsil isə əhalimizin az qala yarısını əhatə edir. Demək, bu müzakirə əhalinin təhsil səviyyəsinə təsir edə bilər. Belə mövzular birbaşa milli marağa qulluq etdiyindən biz pedaqogika elminə kömək etməliyik”.

Təhsilşünaslıq 

Fənlərin tədrisi metodikası və pedaqogika (prof. S.Xəlilov bu terminin əvəzinə təhsilşünaslıq terminini işlətməyi təklif edir) dolayısı ilə xalqa xidmət edən elm sahəsidir. Öz milli əhəmiyyətinə görə bu elm sahəsi iqtisadiyyat və hüquq elmləri kimi elmlərlə bir sırada dayanmalıdır. Bu sahənin AMEA-da təmsilçiliyinə ehtiyac böyükdür. Bir tərəfdən bu təmsilçilik akademiyanın təbii üfüqlərini də genişləndirər, digər tərəfdən pedaqoji ictimaiyyət vasitəsi ilə təhsil sistemi ilə birbaşa təmas yaradar və elmi - metodoloji cəhətdən təhsilə rəhbərlik edər. Bu yerdə nəzəri mənbə kimi Heydər Əliyev irsindən də istifadə etmək olar. Ulu öndərin bu məsələ ilə bağlı dəyərli fikri var: “Bizim dövlətin gələcək taleyi gənclərə nəyi və necə öyrətməmizdən asılıdır”. Orta məktəblərdə təhsilin səviyyəsini artırmaq üçün fənləri “necə öyrətmək” probleminin həlli tapılmalıdır.

Göründüyü kimi təhsilşünaslığın (pedaqoji elmlərin) vəziyyəti ölkəmizə qənaətbəxş deyil və diqqət mərkəzinə çəkilməyə böyük ehtiyac vardır. Biz elmi biliklərin (fizikanın, riyaziyyatın, kimyanın, biologiyanın və dig.) metodologiyasını öyrənməklə, bu elmlərin məktəbdə tədrisinin keyfiyyətini yüksəldə bilərik. Bu isə millətə çox vacibdir. Diqqət yetirin, 2014 -cü ildə BDU-nun Fizika fakultəsinə girən tələbələrin orta balı 700-ə qarşı 365 olmuşdur. 365 bal isə 2 ilə 3 bal arasında bir bilik səviyyəsidir. Belə biliklə universitetlərə girən tələbədən, əlbəttə ki, alim hazırlamaq çətindir. Belə olan halda təbii olaraq elmin səviyyəsi aşağı düşəcək.

Gənclər özlərini yaxşı tanıyırlar və onlar özlərini savadlı saydıqda elmin dalınca gedəcəklər. Onlar savadsız alim olmaq istəmirlər. Belə olan halda elmdə “qocalmanın” qarşısı da alınar. Demək, AMEA-da struktur baxımından da islahata ehtiyac var.

Elmi mühit 

Müasir müsəlman dünyasında elmin geri qalmasının bir səbəbi də zəruri elmi mühitin yaradıla bilməməsidir. Elmi-tədqiqat mərkəzləri formaca yaradılır, ancaq onun zəruri daxili məzmunu yaradılmır. Qartallar üçün hava mühiti, akulalar üçün su mühiti nə qədər lazımdırsa, alim üçün də elmi mühit lazımdır. Elmi mühit yaratmaq üçün kompleks tədbirlər görülməlidir. Diskussiya meydanları olmalıdır və müntəzəm seminarlar fəaliyyət göstərməlidir. Alimlərin mobilliyi, beynəlxalq səviyyəli toplantılarda iştirakı təmin edilməlidir. Kitabxana fondu, periodik jurnallar fondu müasir tələblərə cavab verməlidir. Dünyada tanınmış alimlərin mühazirələri, seminarları təşkil edilməlidir. İş yerində də alimlərin məişət problemləri də yüksək səviyyədə təmin olunmalıdır. Elmi tədqiqatın gündəlik xərclərinin çevik həlli təmin edilməlidir.

Avropa Universitetlərində elmi tədqiqat aparmaq üçün hər cür zəruri şərait və mühit (elmi, iqtisadi, texniki, məişət) yaradılır. Aydındır ki, tədqiqatçı da insandır və onun da gündəlik çay və kofe içmək və ya günorta yeməyi yemək haqqı tanınmalıdır. Bu haqlar Qərb universitetlərində tanınır. Bu ehtiyacları onlar laboratoriyada və ya kafedrada yox, bu məqsədlə ayrılmış və soyuducusu, kofe (çay) dəsti ilə təmin edilmiş ayrıca bir otaqda ödəyirlər. Laboratoriya üzvləri ən azı gündə iki dəfə (12:00 və 15:00) öz fiziki və mənəvi tələbatlarını ödəmək üçün bu otağa yığışırlar. Belə otaq olmayanda da insan öz ehtiyaclarını müxtəlif primitiv yolla ödəyəcək. Ancaq bu qüsur elmin effektivliyinə və keyfiyyətinə təsir edəcək.

Belə şərait dəyərli elmi nəticələr almağa səbəb olur. Finlandiyada üç aylıq elmi ezamiyyətdə olduğum vaxt tanıdığım yox, tanımadığım, elmi işlərinə bələd olmadığım başqa bir professorla - Mauri Luukkala işləməli oldum. Birinci ay professorun işləri, elmi istiqaməti ilə tanış oldum və laboratoriyanın hesabatlarını və professorun məqalələrini öyrəndim. İkinci ay birgə tədqiqatın planlarını müzakirə edib, tədqiqatlar apardım. Üçüncü ay sonuna yaxın nəticələri çap üçün B. Britaniyanın “Elektron Letters” jurnalına göndərdik. Jurnal məqaləni çox qısa müddətdə - 30 gün ərzində çap etdi. İlk müsbət rəyi Nobel mükafatı laureantı Allen Kormaxdan aldıq. Demək, yaradılan elmi mühit və şərait güclü nəticələr almağa imkan verir.    

Son

Dəyərli oxucular!

İslam dünyasının yetişdirdiyi Nobel mükafatçıları Ə. Səlam və  Ə. Zevaylın, həmçinin  digər alim və mütəfəkkir insanların elmlə bağlı düşüncələrini təhlil edərək, ümumiləşmə aparıb müəyyən fikirlər söyləmək mümkündür. Bir cümləlik nəticə bundan ibarətdir ki, müasir müsəlman dünyasında elm ( həm də təhsil) dərk edilməmiş həqiqətdir. Bu coğrafiyanın bir parçası kimi bu fikir bizə də aiddir və Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədə ixtisaslı kadrların çatışmazlığı, sanballı elmi əsərlərin yazılmadığı barədə fikri ilə həmahəngdir.

İslam coğrafiyasında elmdə tarixi geriliyin səbəblərinə aşağıdakıları aid etmək olar:

Elmdə geriliyin əsas səbəbi təhsilin geriliyidir. Məlumdur ki, elm təhsilin içərisindən göyərir. Elm zəifdir, ona görə ki, təhsil zəifdir. Müsəlman dünyasında həm universitetlərin sayı lazım olandan azdır, həm də gənclərinin çox az hissəsi ali təhsillə əhatə olunub. Dəqiq elmləri, fundamental elmləri, texniki elmləri öyrənən gənclərin sayı humanitar sahəni öyrənənlərdən çox azdır. Göteye görə, təhsili düzəltməkdən ötrü nəvədən yox, nənədən başlamaq lazımdır. Qərbdə təhsilə “xəzinəsi özündə” olan bir şey kimi baxırlar.

Şərqdə təhsilin bugünkü durumu çox mürəkkəbdir. Hamının istifadə etdiyi “təhsil suyuna” bir damcı zərərli maye qatılıb, indi həmin mayeni oradan təmizləmək üçün bütün ölkə çalışır. Damcı suya qısa zaman ərzində salınıb, amma onu təmizləmək üçün on illərlə vaxt, laboratoriya və bu işi bilən mütəxəssislərə ehtiyac var.

Müsəlman cəmiyyətlərində yüngül həyat tərzini sevənlər (oxuyanlar, oynayanlar və bunun kimiləri) itmirlər, ancaq iti başların, zəkalı gənclərin  çoxu ya orta təhsil  pilləsində (səhv ixtisas seçimi səbəbindən), ya da ali məktəbdən sonra (işsizlik səbəbindən) itirlər. İslam dünyasında elmi və təhsil mühiti talantlı gənclərin arzu etdiyi səviyyədə deyil. İstedadlı  gənclərə sahib çıxa bilmirik, bu səbəbdən də onlar Qərbə üz tuturlar və Qərb dövlətlərinin inkişafına xidmət edirlər.

İslam ölkələrində həm orta, həm də ali təhsil müəssisələrinin  keyfiyyət göstəriciləri zəifdir. Dünyanın 100 seçmə universiteti sırasında bir müsəlman universiteti yoxdur. Təhsilin keyfiyyəti artdıqca elmə, alimə sosial tələbat artar, elm inkişaf edər. Nəticədə təhsil və elm dərk edilmiş həqiqətə çevrilər. Keyfiyyətli təhsil milləti birləşdirmə xassəsinə malikdir və cəmiyyəti bütövləşdirir. Dünyanın heç bir yerində Avropa Birliyi qədər böyük birlik yoxdur. Keyfiyyətli təhsil toplumu yorulmaz edir, toplumun həyat eşqini artırır. Yeri gəlmişkən, türk dövlətlərinin də birliyi keyfiyyətli təhsildən keçir. Keyfiyyətli təhsil ilə bu birliyi 20 ilə yaratmaq mümkündür. Əks halda türk birliyi üçün yüzillərlə vaxt lazımdır.

Keyfiyyətsiz təhsil, milli birliyə də zərbə vurur. Karyera yüksəlişi zamanı “çatmayan biliyi” hansısa həmyerlinin verdiyi “təkan” ödəyir. Bu isə gəncləri qeyri-müstəqil edir və yerliçiliyə meyl artır.

Qarabağ probleminin həlli də keyfiyyətli təhsildən keçir. Bu işdə Təhsil Nazirliyinin məsuliyyəti təqribən Müdafiə Nazirliyinin məsuliyyəti qədərdir. Keyfiyyətli təhsilə nail olmaq üçün pedaqogika elmi (təhsilşünaslıq) diqqət mərkəzinə çəkilməlidir. Təhsilin nəzəri və fəlsəfi əsaslarını mənimsəmədən təhsildə keyfiyyəti qaldırmaq çətindir.

Təhsildə geriliyin səbəblərindən biri də sistemin strukturu ilə bağlıdır. Təhsil sistemi parçalanmış vəziyyətdədir. Bağçalar bir quruma tabedir, qiymətləndirməni başqa qurum aparır, təhsil müəssisə rəhbərlərinin təyinatı Təhsil Nazirliyindən az asılıdır və sairə. Beləliklə, təhsil sistemi sadə sistem halından mürəkkəb sistem halına gətirilib. Mürəkkəb sistemlərdə problemin həlli “mürəkkəb sistemlərin nəzəriyyəsi” vasitəsi ilə həll edilir.

İstənilən mürəkkəb sistemi idarə etmək müşkül məsələdir, çünki sistemin hər bir struktur hissəsinin öz maraqları var. Bu maraqlar işi normal qurmağa imkan vermir. Hesab etmək olar ki, təhsil mürəkkəb sistem halından sadə sistem halına qaytarılsa, bir çox problemləri həll etmək olar.

Elm və təhsilin idarə edilməsinin hüquqi bazası zəifdir. Bu sahənin rəhbərlərinin seçimi ilə bağlı normalar yumşaqdır, ciddi deyil. Elmin idarə edilməsində dünyanın qəbul etdiyi ən məqbul yol demokratik yoldur. Necə ki, durna qatarının başçısını durnalar özləri seçirlər. Əgər həmin durna inzibatı yolla təyin edilsəydi, yəqin ki, durnalar mənzilə çata bilməzdilər. Elm və təhsil qurumları dünya şöhrətli alimlər yox, sıradan alimlər tərəfindən idarə ediləndə belələri şəxsi mənafeni ictimai mənafedən üstün tuturlar, bu səbəbdən də düzgün qərarlar qəbul edə bilmirlər. Bürokratiyanın da köməkliyi ilə bu alimlər talantlı alimləri sıxışdırırlar.

Müasir müsəlman cəmiyyətlərində elmin maliyyələşməsi, əvvəla, yetərincə deyil. İkincisi də, maliyyələşmə prinsipləri elədir ki, ondan elmdən çox kvazielm bəhrələnir. Çox təəssüf ki, son 400 ildə İslam dünyası yaşamı təmin etmək üçün iqtisadiyyatda ticarət yolunu, Qərb dünyası isə sənaye  yolunu seçib. Sənaye yolunda uğur keyfiyyətli təhsildən, texnologiyadan, elmdən keçir. Dəqiq qanunçuluq və idarəetmə tələb edir. Qərb ölkələrində siyasət və iqtisadiyyat bir-birinə kömək edərək sənaye nəhəngləri yaranmasına (“Bell Telefon Lab”, “General Electric Company”, “İBM”, “Philips” “Ford” və “Mersedes” kimi avtomobil firmaları və s.) nail olmuşlar. Belə sənaye nəhəngləri həm də elmi qidalandırır, stimullaşdırır, böyük alimlər ordusu saxlayır. Qeyd etmək kifayətdir ki, elektronika sahəsində Nobel mükafatı alan alimlərin bir çoxu - L. Esaki (“İBM”, 1973), G.Bednorz (“İBM”, 1987), A.Müller (“İBM”, 1987), V.Brattain (“Bell Telefon Lab”, 1956), İvar Giaever (“General Electric Company”, 1973), Jack S.Kilby (“Texas İnstruments”, 2000) özəl şirkətləri təmsil edir. Postsovet məkanında elm belə şirkətlərin himayəsindən məhrumdur.

Yaşamaq üçün iqtisadiyyatın ticarət yolunu seçən İslam dünyasında həm təhsilə, həm də elmə zərurət olmadığından bunlar diqqətdən kənarda qalır. Bu səbəbdən də  inqilabların birinin möcüzəsi maşını, təyyarəni, gəmini (və bunun kimi) hərəkətə gətirən mühərrikin, ikincinin möcüzəsi isə kompüterin ixtirasıdır. Ticarət üçün keyfiyyətli təhsil, dəyərli  alimlər, reytinqli universitetlər tələb olunmur. Ticarət üçün  mobil telefonla kalkulyator kifayət edir.

Ticarətin yaratdığı düşüncə tərzi və psixologiya, sənaye istehsalının yaratdığından çox fərqlidir. Qərbdə belə bir deyim var: “Sənayeçilər kasıb yaşarlar, ancaq varlı ölərlər. Tacirlər isə əksinə, varlı yaşarlar, ancaq kasıb ölərlər”. Ticarətçilər qanunların yanından keçməyə, yüngül həyat tərzinə meyillidirlər. Hansısa  gözəllik yarışmasına milyonlar xərcləyər, ancaq ölkə universitetlərinin birinə müasir laboratoriya almağa və talantlı bir vətən övladının təhsil xərcini ödəməyə əli gəlməz.

Bütün inkişaf etmiş ölkələr tam ali təhsilə keçdiyi indiki zamanda TQDK gəncləri test balları əsasında ali məktəblərə yerləşdirir. TEST biliyi qiymətləndirmək üçün yaxşı vasitədir və bunun əleyhinə heç kim getməz. TEST-in ciddi qüsuru yoxdur, qüsur inzibati yerləşdirmədədir. İxtisas seçimində olan qüsurlar həm cəmiyyətin, həm də elmin inkişafına zərbə vurur.

Məlum konsepsiyaya görə, həyatın mənası və məqsədi nəsli artırmaq və xoşbəxt yaşamaqdır. Xoşbəxt  yaşamaq -sevdiyin, xoşun gələn işlə məşğul olmaq deməkdir. İnzibatı yolla gəncləri ali məktəblərə yerləşdirərkən onların çoxu zorən səhv ixtisaslara düşürlər. Bu səbəbdən də ali məktəblərdə bilik öyrənməyə həvəs göstərmirlər, vaxt keçirirlər, dərsdə mürgüləyirlər. Düzgün seçim gənclərin  gələcək taleyinə təsir edən əsas faktordur. İnsan ürəyincə olan, xoşu gələn işlə məşğul olanda yorulmaz və özünü xoşbəxt hiss edər. Əks halda tənbəl, passiv bir kütlə yetişər. Bu baxımdan universitetlər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır. 

Bu gün dünya elm səhnəsində yerimizi, koordinatlarımızı düzgün müəyyənləşdirməliyik ki, biz hardayıq?  Bunun üçün ilk növbədə səhvlərimizi qəbul etməliyik. Səhvin qəbulu isə problemin həllinin yarısıdır.

 





19.07.2015    çap et  çap et