525.Az

Günel Şamilqızının şeirləri


 

Günel Şamilqızının <b style="color:red">şeirləri</b>

Günel Şamilqızı bir neçə ildir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidentinin gənc yazıçılar üçün ayrılmış təqaüdünə layiq görülüb. Müxtəlif mətbuat orqanlarında şeirləri dərc olunub.

Haqqında müxtəlif ədəbiyyat adamlarından həmişə xoş sözlər eşitmişəm. Bu günlərdə isə bu təriflərin sırasına daha bir sanballısı əlavə olundu. Sözə, şeirə, ədəbiyyata güzəştsiz münasibətini bildiyim Ramiz Rövşən də Günelin şeirlərini təriflədi, qadın şairlərinin sırasına yeni, istedadlı bir şairin gəldiyini fərəhlə söylədi. Hələ bu azmış kimi, Günel Şamilqızının misralarından əzbər də söylədi:

Mənim stolumun üç ayağı var,
Üçü də istəmir dördüncü olsun.

Yaxud

Xörəyi nimçədə soyuyan durnam,
Ya ac qal, ya sındır öz dimdiyini.

Ramizin ürəklə, şövqlə dediyi bu misralar Milan səfərində də mənimlə oldu. Səfərdən dönən kimi Güneli axtardım, xahiş etdim ki, həmin misraların yer aldığı və başqa şeirlərini göndərsin, “525”də çap edək.

Beləliklə, oxucularımız da Ramiz Rövşənin ürəkdən təqdir etdiyi yeni xanım şairimizi tanısınlar.

Rəşad MƏCİD

LAL TÜLKÜNÜN MAHNISI

Evimin küncündə toz yoxdu, qonaq,
Mən küncə qısılıb gözlədim səni.
Bu birdir, bu iki, bu üç, bu da dörd,
Ardını saymağa səslədim səni.

Balaca otaqlar qatdı başını,
Bu boyda tələni ev bilib gəzdin.
Malasız divarda daş adamları,
Bilmədən söykənib o qədər əzdin...

Kaş Allah mənə də dil verəydi, dil.
Deyəydim, ay yolçu, adını söylə,
Bilim ki, bir ömür kimi gözlədim?
Kimdir gəlib çıxan bu möcüzəylə?

Deyəydim, ay qərib, yuxuna qurban,
Ayıl, bağrındakı yaranı bağla.
Mən səni ölməyə çağırmamışam,
Yatma, dirəyim ol, evimi saxla.

Ömrümdə bir dəfə tülkü olmazdım,
Sinəmdə sızlayan yalan yeridir.
İndi doğrunu da səssiz deyirəm:
- Bura qanadların sınan yeridir.

Hanı mənim səsim, hanı, İlahi?
Onu səsləməkdən batdı, bilmədim.
Hanı mənim ruzim, hanı, İlahi?
Bu yazıq acından yatdı, bilmədim.

Bu gün qonağıma nə verə bildim,
Sabah ayılmağa nə gücü olsun?
Mənim stolumun üç ayağı var,
Üçü də istəmir dördüncü olsun.

Bəlkə yuxu bildin bu qonaqlığı,
Bəlkə də unutdun nə dediyimi.
Xörəyi nimçədə soyuyan durnam,
Ya ac qal, ya sındır öz dimdiyini.

MƏLİKMƏMMƏDƏ

Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.

Bir div saçlarıma toxunan gündən
Uzanıb, uzanır bu edam, oğlan.
Mən bu div oğlanla tükəndim, bitdim,
Sənə külüm qaldı, ay adam oğlan.

Düşmən Məlikməmməd, dost Məlikməmməd,
Çıxart bu quyudan “sonra”larımı.
Sənin barmağında duz qalıb, oğlan,
Göynədir mənim də yaralarımı.

Alnımda yazılar yaman gündədir,
Bu qara sözləri kim ağardacaq?
Bütün quyuların dərini mənəm,
Məni öz içimdən kim çıxardacaq?

Bu nə pis yuxudur, ayılmaq çətin,
Hər gün diri olmur sağ görünənlər.
Nə olar, qoçların rənginə baxma,
Həmişə ağ olmur ağ görünənlər.

Bu yerin üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.

Sən mənim quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.

QUŞ

Nədi dimdiyindəki?
Mənim ağıllı quşum.
Bu ət sənə haramdır,
Qanadı xallı quşum.

Səni ulduz sandılar,
Əridin, itdin, ay quş.
Göründüyündən gözəl,
Ola bilmədin, ay quş.

Qanadına xal düşür,
Hamı deyir ləkədi.
Dimdiyini açma heç,
Bu dünya bir tikədi.

Axı, sənin ac arzun,
Burda olmaz çin, quşum.
Qarğaya bənzəyərsən,
Mənim göyərçin quşum.

Qış yenə də qar qusur...
Burda qəmlər qədimdir.
Burda qumrular ölüb,
Burda quşlar yetimdir.

Uç get, qanadlı gözəl,
Bu yer tanımır səni.
Tanısa, göy tanıyar,
O da qınamır səni.

Sevdiyin adam hələ
Yeriməyi öyrənir.
Uçmalı dərdlərini
Sürüməyi öyrənir.

Təksən, balacam mənim.
Nə “lar”san, nə də “lər”sən.
Bu adam sənlik deyil,
Zəhərlənib ölərsən.

Nədi dimdiyindəki?
Mənim ağıllı quşum.
Bu ət sənə haramdı,
Qanadı xallı quşum. 

PALTAR

Yad paltarda keçən ömür,
Allah bilir, hara axır.
Bu bədən həminkidirmi?
İçində ruhum darıxır.

Mən alanda təptəzəydi,
Bir-bir qırdım düymələri.
Öz ruhumun paltarına
Özüm vurdum döymələri.

Əzdim, ütüyə gəlmədi,
Sonra kimsə tapdaladı.
Ətəyindən tutdu divlər,
O tüpürdü, bu yaladı.

Düz sol döşümün altından,
Sökülür, çürüyür indi.
Başdan ayağa ləkədi,
Yuya bilmirəm, mən pinti.

Hanı bu paltarın rəngi?
Yazdı, qışdı bomboz qalıb.
Mən tikirəm, o sökülür,
Elə sapım da az qalıb.

Bu yaşda bu qədər yamaq -
Ağırdı, iynəm, ağırdı.
Bu gün də yamaq vururdum,
Bu gün də Allah baxırdı.

HƏVVA SEVGİSİ

Dərd uydur, əzizim, bir az ağlayaq,
Səninlə sevinmək bəs etmir daha.
İndi dünyadan da qovulmaq üçün,
Batmaq istəyirəm yeni günaha.

Milyon illər sonra görüşdük, gülmə
Heç kim yarısını belə gözlətmir.
Hələ də palçıqsan, qurumamısan,
Ən qalın paltar da səni gizlətmir.

Bəşər beşiyində beş günlük yatıb,
Ayılıb bizi də tanımayacaq.
Tanrı bağışlasa, qayıtsaq ora,
İnan, heç kəs bizi qınamayacaq.

Mənə bir qabırğa boşluğundakı
Ağrıdan danışma, o ağrı mənəm!
İndi qucağına bərk-bərk sığınsam...
Can, özün bilirsən, lüzum yox dinəm.

Ağlımda sözləri unutmaq vardı,
Sən mənim dilimi bilənə qədər.
Gəl gedək dünyadan, görək cənnəti,
Bir də söyləmərəm: O almanı dər!

MƏNİ UNUTMAĞA NƏ VAR Kİ, DOSTUM

Mən bir iş bilirəm, hamı bacarır -
Yorğanın altında ağlamaq kimi.
Bu gün böyütdüyün təkliyi sabah,
Torpağın altda da saxlamaq kimi.

Bu gün istiotun vətəni mənəm,
Bu gün işim-peşəm acı salmaqdır.
Bu gün bildim, dostum, ən böyük arzum:
Hamıyla heç kimsiz - tənha qalmaqdır.

Çoxdan susadığım rahatlıq varmış,
Bütün dostlarımı unutmaq kimi.
Sonra təmiz-təmiz yalan danışmaq...
Azad! Öz-özümü aldatmaq kimi.

İnan, qış kimidir elə payız da,
Təklikdə hər fəsil bir cür soyuqdur.
Amma soyuğun da öz ləzzəti var,
Çoxdandır istidən bağrım oyuqdur.

Məni unutmağa nə var ki, dostum,
Daha yaddaşında qala bilmərəm.
Sənin nə vaxtını, nə ürəyini -
Sənin heç nəyini ala bilmərəm.

Mən sizi vaxtından əvvəl görmüşəm,
Gecdir, mənə görə eynək taxmayın.
Şəhərin alnına elan vurmuşam,
Vurmuşam ki: “Heç vaxt mənə baxmayın!”

Beliniz bükülər - boyum qısadır,
Sığmazsız içinə - qəlbim kiçikdir.
Bizdə meyvələri kal dərir külək,
Sınmış budaqların şirəsi çiydir...
Məni unutmağa nə var ki, dostum!

AC

Demə nə var, nə yox,
Necəsən, ay balam?
Baxma mənə sarı,
Acam, anam, acam.

Səndən olan acgöz,
Sənə oxşamadı.
Dili, əli uzun,
Üzü axşamadı...

Nə yedimsə qusdum,
Yaşdı dodaqlarım.
Şəhərdə yad yoxdu,
Hanı doyduqlarım?

Heç vaxt öz yemini,
Dadmadı ki balan.
Yedi öz içini...
Acam, anam, acam.

ADSIZ

Dünən cibim cırılmışdı,
Bu gün ayağım burxuldu.
Onlar adımı səhv dedi,
Onlar gözümdən yıxıldı.

Bir də nələrsə də oldu,
Yadımdan çıxartdım getdi.
Xalıma ürək düşmüşdü,
Qaraldı, qopartdım getdi.

Bir də, bir də olmayacaq,
Yeni əvəzlik kəşf etmək.
“Mən”dən, “onlar”dan qurtulub,
“Siz”i biryolluq ləğv etmək.

Bir də mənim adım yoxdu,
Ad qoyanım lalmış, ağa.
Bir də burdan adsız keçir,
Bütün cığırlar günaha.

Bir də bu yay ərimədi,
Ötən qışın töhfə qarı.
Bir də məndən soruşmayın,
Bu yol gedir kimə sarı?

İKONA

Bütün obalarda qaraçılar var,
Ən köhnə daxmalar bənzəyir rusa,
Mənəsə komalar doğmadı hələ
Bir də evlər - əgər mənim də olsa.

Səni öz evindən mən qovdum o vaxt,
Qayıt, qoy uçulsun bu hasar suçum.
Söküb kandarını köhnə daxmanın,
Sənə qapı boyda pəncərə açım.

Bu koma, bu daxma ev ömrü görüb,
O vaxt özül bilib quyu qazardım.
Səni uduzmağa mən çağırmışdım,
Uduzub özünü, məni qazandın.

İsanın çarmıxı düz bizə baxır,
Nəsimidən qalan qürub sarımı?
Bütün ikonalar daxıl kimidi,
Udub saxlayıblar dualarımı.

Çox güman, bu evdə mən də əşyayam,
Dua qonduraram susqun dillərə.
Xaçlı, bax, ovcumda mismar yeri var,
Bir müsəlman eşqi dolur o yerə.

 





19.07.2015    çap et  çap et