525.Az

“Böyüklük” hikkəsindən uzaq adam


 

“Böyüklük” hikkəsindən uzaq adam<b style="color:red"></b>

Mən Muxtarla (Muxtar Kazımoğlu-İmanovla) ilk dəfə 1979-cu ildə qarşılaşdım. Bizi mənim  müəllimim və Muxtarın böyük qardaşı Akif müəllim tanış etdi. O vaxt mən Naxçıvan Dövlət Pedaqoji İnstitutunun IV kursunda oxuyurdum.
 
Sonra mən 1982-ci ildə aspiranturaya sənədlərimi vermək üçün Bakıya gedəndə Akif müəllim mənə məsləhət gördü ki, Muxtarla görüşüm. Muxtar o vaxt aspiranturada oxuyurdu. Mən Muxtarla aspirantlar yataqxanasında görüşdüm və ilk imtahanımı da Muxtara verdim. Muxtar mənim biliyimdən razı qaldı və onun məmnunluğu mənim aspiranturaya girmək ümidlərimi artırdı. Aspiranturaya imtahanları pis vermədim. Ancaq sənədlərimi verdiyim XX əsr ədəbiyyatı ixtisası üzrə yerə başqa adamı götürdülər.

İnstitutun direktoru mərhum Əziz müəllim (Əziz Mirəhmədov) mənə bildirdi ki, bizim folklor üzrə bir yerimiz var. Əgər istəyirsənsə, folklor üzrə yerə səni götürə bilərik. Mən fikirləşmək üçün vaxt istəyib direktorun kabinetindən çıxdım. Koridorda Muxtarla qarşılaşdım və vəziyyəti ona danışdım. Muxtar sevinə-sevinə dedi: “Lap yaxşı, mən “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin aspirantıyam, ancaq müdafiə edən kimi mən də “Folklor” şöbəsinə keçəcəyəm”. Beləliklə, mən folklorçu oldum. Muxtar da öz növbəsində necə demişdisə, eləcə də etdi. Yəni müdafiə edəndən sonra “Folklor” şöbəsinə keçdi.

Sözümün canı odur ki, mənim folklorçu olmağım Muxtarın iradəsi ilə baş verdi və 35 ildən yuxarı davam edən dostluğumuzun əsası bu şəkildə qoyuldu. Ancaq məsələ bununla tamamlanmır. Muxtarla tanışlığım məni əsl elm adamlarının əhatəsinə saldı. Söhbət Kamran Əliyevdən, mərhum Vəli Nəbioğludan, mərhum Arif Əmrahoğludan, Arif Rəhimovdan, Arif Acalovdan, Məmmədəli Qıpcaqdan və s. gedir. Bu insanlar  kifayət qədər savadlı adamlar idi. Onlarla tanışlıqdan sonra anladım ki, mən, əyalət institutunu bitirən adam bütün ölçüləri ilə öz səviyyəmi bu adamların səviyyəsinə uyğunlaşdırmalı və hətta çatdırmalıyam. Yeri gəlmişkən deyim ki, bu insanların hər biri ayrı-ayrılıqda  böyük alim ola bilərdilər. Amma onlar “yaxşı alim” adı ilə kifayətlənməli oldular və bunun səbəbi ancaq və ancaq obyektiv amillərlə bağlı idi.  Bununla yanaşı, onların Azərbaycan elmi düşüncəsinin inkişafında rolu danılmazdır.

Bu dostların içərisində Muxtarın ayrıca yeri olub. Muxtar öz istedadı ilə onlardan xüsusi şəkildə seçilmirdi. Bununla bərabər, mən hiss edirdim ki, onların hamısı (həm də təkcə onlar yox) Muxtarın xətrini çox istəyirlər. Sözün doğrusu, mən ayrı-ayrı vaxtlarda bu məsələnin üzərində az baş sındırmamışam. Bununla bərabər, axıra qədər cavab tapdığımı söyləyə bilmərəm.

Bəlkə ona görə ki, Muxtar aşırı dərəcə də səmimi idi və Muxtarın ağzından ürəkdən gəlməyən söz eşitmək mümkün deyildi? Bəlkə Muxtarın ciddiliyi?.. Muxtar bu anlayışın əhatə etdiyi bütün ölçülərlə ciddi adamdır və istər ənənəvi Azərbaycan insanının, istərsə də bir ziyalının qəbul etdiyi mənəvi dəyərlərlə “zarafat” etməz və edilməsinə də dözməz. Bu baxımdan  Muxtar bir xarakter olaraq kifayət qədər ciddi adamdır. Təsadüfi deyil ki, Muxtar yaxın dostlarının yanlış hərəkətini şaxa-şax özünə söyləməkdən çəkinməyib. Bəlkə ona görə ki, Muxtar dostlarının uğurlarına cani-dildən sevinib? Bəlkə ona görə ki, Muxtar dostlarına həmişə sadiq olub? Yeri gəlmişkən, Muxtarın sədaqəti öncədən düşünülmüş, şüurlu yox, fitri bir hadisədir. Sadəcə olaraq bu insan onun dostlarının hansısa pis bir əmələ yol verə bilmələrini ağlına belə gətirmirdi. Bununla birgə bu sözləri sadəcə tərif kimi yox, mənim gözlə gördüklərimin ifadəsi kimi anlamaq lazımdır. Çünki mən dostları haqqında deyilən nahaq sözə Muxtarın necə kəskin reaksiya verməsinin dönə-dönə şahidi olmuşam.

Şübhəsiz ki, Muxtarın populyarlığında sadalanan vəziyyətlərin az rolu olmayıb. Ancaq məncə, burada başqa bir şey də var idi. Muxtar anadan böyük, ağsaqqal doğulan adamlardandır. Bu böyüklüyün xarizmatik cizgiləri Muxtarın simasında açıq-aydın şəkildə oxunmaqdadır. Mən bənzər cizgiləri bir də mərhum Məmmədcəfər müəllimin simasında görmüşəm və nədənsə həmişə Məmmədcəfər müəllimi düşünəndə Muxtar, Muxtarı düşünəndə Məmmədcəfər müəllim yadıma düşüb. Belə düşünərkən Məmmədcəfər müəllimin Muxtara, Muxtarın isə Məmmədcəfər müəllimə xoş münasibətinin nə dərəcədə rol oynadığını söyləyə bilmərəm. Ancaq onu yaxşı bilirəm ki, mən Muxtarı həmişə böyük bilmişəm və bütün elmi fəaliyyətim boyu Muxtarın qayğısını öz üzərimdə hiss etmişəm.

Mənim bildiyimə görə, Muxtar yaradıcılığa şeirlə başlamışdı, amma nədənsə şeir yaradıcılığını davam etdirmədi. Bunun əksinə olaraq, o, demək olar ki, həmişə elmi araşdırmalarla məşğul oldu. Muxtar “namizədlik işini” Azərbaycan nəsrindən, yəni yazılı ədəbiyyatdan yazmışdı. Ancaq o, yazılı ədəbiyyatdan folklora keçdi və “doktorluq işini” folklordan yazdı.

Yazılı ədəbiyyatla məşğul olarkən belə Muxtarın folklora sevgisinin, səmimi münasibətinin canlı şahidiyəm. Elə bu sevgi də onu folklora gətirdi. Ancaq kimin ağlına gələrdi ki, o, nə vaxtsa Folklor İnstitutunun direktoru olacaq.

Mənim tanıdığım qədəri ilə Muxtar nəinki özünü göstərməyi, hətta ortada olmağı, görünməyi sevməyən adamdır. Mən tanıyan Muxtar o adamlardandır ki, onlar başlarını aşağı salaraq işlərini görüb bir qıraqda dayanarlar. Muxtar gurultunu, pafosu sevməz və belə məclislərdə sıxılar, tənhalaşar, qəribləşər. Muxtar yaxşıya yaman, yamana yaxşı deməz. Nahaq sözə etiraz etməsə də, “bəli” deməz. Belə hallarda susar və bu susqunluq etirazdan betər olar. Mən tanıyan Muxtar həmişə məzlumun yanında olar və zalımın qarşısında baş əyməz. Mənim tanıdığım Muxtar xalqçıdı. O, mənsub olduğu xalqın dərdləri və sevinci ilə yaşar. Yeri gəlmişkən xalq hərəkatı dövründə mən Muxtarı hər yerdə xalqla bir yerdə gördüm. Şuşa alınan zaman Muxtarın nə hala düşdüyünü sadəcə görmək lazım idi. Yadımdadır ki, bu hal mərhum Kamal Talıbzadənin nəzərindən qaçmamışdı. Bizə yaxınlaşıb demişdi: “ Bu nə haldı! Özünüzü ələ alın! Belə olmaz!”

Muxtar necə insandırsa, elə də alimdir. O, “böyüklük” hikkəsindən uzaqdır. Bununla yanaşı, o hansı problemdən yazırsa, öncə onu yaxşıca öyrənər, ardınca onu süzgəcdən keçirib dərk edər və yalnız bundan sonra anladıqlarını yazıya köçürər. Elə ona görə də Muxtarın yazıları hər hansı bir kənar təsirdən uzaqdır.

Bu baxımdan Muxtar kənar təsir altına düşməyən az-az alimlərdən biridir. Bu həm də onunla bağlıdır ki, Muxtar “kitabdan materiala” yolu ilə getmir. Onun yazdıqları ancaq araşdırılan materialın ona diktə etdiklərindən ibarətdir. Onun yazdığı “Xalq gülüşünün poetikası” adlı əsəri məhz bu düşüncə tipinin məhsuludur. Bu əsərdə zahirən sadə, mahiyyət etibarilə dərin bir problem araşdırılır. Müəllif xalq gülüşünün mahiyyətini təkcə folklor çərçivəsində deyil, bütövlükdə xalq mədəniyyəti müstəvisində üzə çıxardır. Bu zaman xalq mədəniyyətinin müxtəlif sahələrində özünü göstərən gülüş vahid hadisənin təzahür şəkilləri kimi izah olunur. Problemə folklor müstəvisindən yanaşma da elə bunu tələb edir və folklorçu məsələnin mahiyyətini “fərqliliklərin oxşarlığı” yolu ilə üzə çıxarır. Folklor belədir. O, “müəyyən mənada özü-özünün kontekstidir”. Yəni variantlar, fərqliliklər diqqətlə öyrənildikdə semantika özü-özlüyündə üzə çıxır. Beləliklə, müəllif araşdırma boyu xalq gülüşünün qanunauyğunluqlarını üzə çıxarır və bizi orta əsrlərin gülüş fəlsəfəsinin mahiyyətinə doğru aparır. Bununla yanaşı, o, bu araşdırmada xalq gülüşünün semantikasını üzə çıxartmaq üçün yeni ölçülər müəyyənləşdirir. “Mərd və namərd”, “doğru və yalan”, “ağıllı və axmaq” prinsipləri ilə xalq gülüşünün mahiyyətini üzə çıxartmaq Muxtarın məsələyə özünəməxsus şəkildə yanaşdığını göstərir. Bununla yanaşı, “kələkbazlığın komizmi”, “dəlisovluğun komizmi” və hətta “qorxaqlığın komizmi” kimi ifadələri müəllif xalq gülüşünün formulları kimi təqdim edir.

Araşdırmada istər arxaik, istərsə də müasir gülüşün semantikası öyrənilir və beləliklə, xalq gülüşünün dolğun mənzərəsi yaradılır. Onu da deyim ki, Muxtarın bu araşdırması fundamental xarakter daşıyır və yeni-yeni törəmə mövzuların ortaya çıxmasına şərait yaradır. Təsadüfi deyil ki, Muxtarın “obrazın ikiləşməsi” problemi ilə bağlı araşdırması, əslində, onun “Xalq gülüşünün poetikası” əsərinin törəməsidir.

Araşdırmanı oxuduqca Muxtarın dilinin səlisliyindən, təbiiliyindən zövq alırsan. Bu, adətən, o halda mümkün olur ki, araşdırılan problem kifayət qədər aydın şəkildə dərk olunsun. Onu da deyim ki, təkcə bu araşdırmada deyil, Muxtarın bütün yazılarında dil, deyilən xüsusiyyətləri ilə seçilir və müəyyən mənada adamda qibtə hissi oyadır.

Bütün həmkarları kimi, Muxtar da arxayın vəziyyətdə elmlə məşğul olmayıb. Ömür boyu bir parça çörək qazanmaq üçün əlləşib, vuruşub. Amma nə olursa olsun, elm adamı həmişə elmin xiffətini eləyir və iki daşın arasında olmuş olsa da, ürəyinin yanğısını söndürmək istəyir. Elm adamları üçün həzz elə onların elmlə məşğul olduğu vaxtlardır. Demək istəyirəm ki, Muxtarın bütün yazıları məhz bu şəkildə - macal tapmaq üsulu ilə əmələ gəlib.

60 yaş alim ömrünün ən parlaq dövrüdür. Heç şübhəsiz ki, Muxtar (Muxtar Kazımoğlu-İmanov) “macal tapıb” yeni-yeni araşdırmaları ilə bizi sevindirəcək.

Ömrün uzun, 60 yaşın mübarək olsun, qardaş.

Əfzələddin ƏSGƏR
Filologiya üzrə fəlsəfə doktoru

 





19.07.2015    çap et  çap et