525.Az

“Moskva-Bakı” Azərbaycan mədəniyyəti gecəsi keçirilib


 

“Moskva-Bakı” Azərbaycan mədəniyyəti gecəsi keçirilib<b style="color:red"></b>

Moskvanın “Avropa” Ticarət-Əyləncə Mərkəzinin böyük zalında “Moskva-Bakı” Azərbaycan mədəniyyəti gecəsi keçirilib. 

525.az-ın məlumatına görə, tədbir Moskva hökuməti regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamenti, Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tərəfindən təşkil olunub. 
Mərkəzin foyesində açılmış sərgidə əsil Bakının mühiti yaradılmış, tanınmış Azərbaycan rəssamlarının əsərləri təqdim edilib. 

Gecəni Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açaraq Moskvanın mərkəzində yerləşən bu əzəmətli salona toplaşanları salamlamış, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. 

Sonra Moskva Hökumətinin regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyux çıxış etmişdir. O, Moskvanın meri Sergey Sobyaninin salamlarını və təbriklərini gecənin iştirakçılarına çatdırmışdır. Y.Artyux demişdir ki, möhkəm dostluğun, əsl sevginin, sədaqətin və mərdliyin nə olduğunu bilən hər kəs Azərbaycanı, Bakını sevir. 

Sonra səfir Polad Bülbüloğlu Rusiya ilə Azərbaycan arasında təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə Rusiyada yaşayan azərbaycanlıların bir qrupuna mükafatlar təqdim edib. 

Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib. Tamaşaçılar Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımovun ifalarını hərarətlə qarşılanıb. 

Bayram gecəsində Moskva hökumətinin rəhbərləri, Rusiyanın tanınmış siyasətçiləri və ictimai xadimləri, Rusiyanın Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin üzvləri iştirak ediblər.

GÜNEL

 





20.12.2012    çap et  çap et