525.Az

“Qadınlar ailədə nə qədər müstəqildirsə, cəmiyyətdə də bir o qədər müstəqildir”


 

“Qadınlar ailədə nə qədər müstəqildirsə, cəmiyyətdə də bir o qədər müstəqildir”<b style="color:red"></b>

Nigar MƏHƏRRƏM

Bu gün Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər var. Gender bərabərliyi qadınların məişətdə, ictimai-siyasi, iqtisadi və mədəni həyatda kişilərlə bərabər hüquqlara malik olmasını nəzərdə tutur.

“Sən qadınsan get bozbaşını bişir”, “qadın hara … hara” kimi deyimlərin hələ də səslənməsində kimdir günahkar? Cəmiyyət, kişi, yoxsa elə həmişə günahkar hesab etdiyimiz qadın? Hə, sən qadınsan, sənin işin yalnız uşaqlara baxmaq, ev işləri görmək və həyat yoldaşının tətbiq etdiyi “qanunlar”a əməl etməkdən ibarətdi. Qadının hüquq və vəzifələrinin məhdudiyyəti haqda heç bir qanunda yazılmayıb. Görəsən hələ də bu cür düşünən insanlar hansı əsrdə yaşadıqlarının fərqindədirlərmi? 21-ci əsr- insanının düşüncə tərzində böyük inqilabların yarandığı bir dövrdə bu kimi ifadələrin səslənməsi cəmiyyət üçün yaddır.

Gender bərabərsizliyinin yaranmasında qadınların hüquqlarını bilməməsi, yetərincə maariflənməməsi, “Mən qadınam, bunu edə bilmərəm”, “Kənardan baxan nə deyər?” və s bu tip düşüncələri özündə yaşatması böyük rol oynayır. Azərbaycanda xeyli sayda qadın məişət zorakılığına məruz qalır, qanlı baltaların qurbanı olur. Niyə? Nə üçün? Qadınlar bu qədərmi günah işlər görürlər?

Yaradılışdan kişi ilə bərabər hüquqlar qazanan qadının bugünkü cəmiyyətdə rolu daha da artıb. Böyük dramaturq Cəfər Cabbarlının “Sevil” əsəri ilə cəmiyyətimizdə hüquqları tapdalanan qadınlar müəyyən mənada maariflənərək, zəmanəyə və onun çirkin simalarına boyun əyməkdən imtina etdilər. Qadın kimdir? Onun rolu nədən ibarətdir? Ana, həyat yoldaşı, işgüzar xanım, millət vəkili, hüquqlarını bilmədiyinə görə təzyiq və zorakılıqlara məruz qalan zərif məxluq.

Ailənin başçısı kişi olmalı, əsas fikri də o deməlidi. Lakin bu o demək deyil ki, kişilər statuslarından sui-istifadə edərək qadınların söz demək haqlarını əllərindən almalı, “yalnız mən fikrimi deyə bilərəm, qadınsan otur öz yerində” deməlidi. Bir çox hallarda müxtəlif ailələrdə dünyaya göz açan qızlar atasının, qardaşının daha sonra isə həyat yoldaşının himayəsində olur. “Bunu etsəm atam məni öldürər”, “ərim buna icazə verməz”deməklə ən adi addımları belə atmaqda tərəddüd edərək özünü nəzarətsiz təsəvvür edə bilmir. Dünyaya gəlməzdən öncə hüquqları pozulan, ailənin arzuolunmaz üzvi hesab edilən körpə varlıqlar ata və qohumlarının təkidi ilə dünyaya göz aça bilmir. Bu gün də ailədə qız övladı dünyaya gələrkən ataların, elə anaların da üzündən bəzən bir təəssüf oxunur. Nəyə görə, elə anaların da? Çünki dünyaya qız övladı gətirdiyi üçün ilk olaraq onun günü qara olur. Hələ də Azərbaycanda qız övladı dünyaya gətirməyə hazırlaşan qadınlar arasında aborta meyilli olanlar az deyil. Azərbaycanda abortlar qanuni sayılır. Bu gün ölkəmizdə doğulan hər 112 oğlan uşağına 100 qız düşür. 2003-cü ildə abort edənlərin sayı 16 912 idisə, 9 il ərzində abort faktı ən azı 11 min artıb. Azərbaycanda ötən il 27 790 qadın abort etdirib. 2010-cu ildə isı bu rəqəm 26 801 olub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən qeyri- rəsmi statistikaya görə hər il ölkəmizdə100 hamilə qadından 30-u abort etdirir.

Dünya Səhiyyə Təşkilatının hesabatına görə ölkədə qadınların sağlam həyat illəri kişilərlə müqayisədə xeyli az olduğu üçün ölkəmiz 135 ölkə arasında 132-ci yerdədi. Hesabatda doğulan oğlanların qızlardan çox olması faktına görə Azərbaycan dünyada 2-cidir.Azərbaycan və Ermənistanda hər doğulan 100 qıza 112 oğlan düşür.

Azərbaycan Respublikası (AR) prezidenti 2000-ci il martın 6-da «Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» fərman verib. “Gender (kişi və qadın) bərabərliyinin təminatı haqqında” Azərbaycan Respublikası qanunu 2006-cı ildə qüvvəyə minib. Qanunun qəbulundan 6 il keçsə də bu sahədə həllini tapmayan problemlər müşahidə olunur. Rayon və kəndlərimizdə qadınların hüquqlarının daha çox pozulması diqqət çəkir.

Qadın hüquqlarını tələb etməlidir. Bəs, hüquqlarını tələb edərkən qətlə yetirildikdə necə? Qanlı baltalar, bıçaqlar onlara söz demək haqqını vermir. Bu zaman neyləməli, problemin kökünü nədə axtarmalıyıq? “Dəmiri isti-isti döyərlər” deyiblər. Ailə həyatı qurduqdan sonra bu kimi problemləri həll etmək mümkünsüzdü. Deməli, biz ailə həyatı qurmazdan öncə qarşımızdakı şəxsi tanımalı, onun xasiyyətinə bələd olmalıyıq. Daha sonra lazımı addımı atmalıyıq. Lakin gənclərin bir-birini öncədən tanımasına mane olan milli mentalitetimiz, əsrlərdən bəri yazılmamış “qanunlar” gələcək faciələrin yaranmasına səbəb olur. “Əlində üzük olmadan oğlanla görüşə bilməzsən”, “Qonşulardan ayıbdır, səni başqası ilə görən nə deyər” və ya elə qonşuların dili ilə desək “filankəsin qızı gəzəyindir. O dəfə bir oğlanla gördüm. Əlində üzük- zad da yoxdur” ifadələri sabah qurulan ailələrin başlıca faciəsinə çevrilir. Niyə bir çox valideynlər bu kimi deyimlərin arxasında hansı müsibətlərin gizləndiyindən xəbərsizdi? Nədən bir-birini tanımayan gənclərin ailə həyatı qurmasına razılıq verərkən “təki qızımızın adı təmiz olsun” deməklə bu cür düşünülməmiş addımlar atırlar. Bəs, sevgi? Sevgisiz, yalnız valideynlərin məsləhəti ilə qurulan ailənin üzvləri sabah “xasiyyətimiz tutuşmadı” deyərək ayrıldıqda namusu düşünən valideyn bu vəziyyətdə hansı çıxış yolunu axtaracaq?

Gender bərabərliyinin pozulmasının səbəblərindən biri də valideynlərin bir-biri ilə rəftarıdır ki, bu da uşağın psixologiyasına mənfi təsir edir. Gələcək ailəmizi hansı təməllər əsasında qurmağımızda ailədə gördüklərimizin böyük rolu var. Kişi azyaşlı övladının gözü önündə həyat yoldaşını döyürsə, onun hüquqlarını tapdalayırsa o zaman onun övladı da gələcəkdə öz ailəsini atasının “qanunları” əsasında idarə edəcək. Bəs, bu cür ailədə tərbiyə alan qız uşaqlarının aqibəti necə olacaq? Onlar da gələcəkdə özlərinin oxşar aqibətlə rastlaşacağını, bütün kişilərin atası kimi olacağını düşünərək öncədən bu vəziyyətə boyun əyməli olurlar.

“Çıxış Yolu» Psixoloji Yardım Mərkəzinin rəhbəri, psixoloq Ramil Nəcəfli toxunduğumuz bu məsələyə münasibətini bildirib: “Anasına qarşı atasının zorakılıq etdiyini görən oğlan böyüdükcə qəddarlaşa bilər. O, bəzən ailə qurarkən öz xanımına atası kimi münasibət göstərir, bəzən isə bu kimi hallara dözməyərək atasına qəsd edə bilər. Bu cür ailələrdə böyüyən qız uşaqları üçün gələcəkdə böyük problemlər, sosial fobiyalar yarana bilər”.

R.Nəcəfli ali təhsilli qızların ailə həyatı qurduqdan sonra işləyə bilməməsinin də gender bərabərliyini pozan amillərdən biri olduğunu deyib: “Bir çox ailələrdə qadınların vəzifəyə sahib olma, mövqe tutmalarında problemlər var. Ailədə kişi daha çox söz sahibidi. Bu normal haldı. Söz sahibi olmaq, ailəni idarə etmək heç də qadın hüquqlarının tapdalanması deyil”.

Ölkəmizdə gender bərabərliyinin durumu haqda mütəxəssis rəyi almaq üçün Gender məsələləri üzrə ekspert Faina Hanifəyevaya müraciət etdik. Faina xanım bu sahədə boşluqların olduğunu qeyd edib: “Bu istiqamətdə müəyyən qanunlar qəbul olunsa da faktiki olaraq bunlara əməl edilmir. Qanunların pozulmasının əsas səbəbi bizim bu məsələyə fərdi yanaşmamızdan irəli gəlir”.

Ekspert gender bərabərliyinin pozulmasında qadınların ailədə hüquqlarının tapdalanmasının da önəm daşıdığını deyib: “BMT-nin“İnsan inkişafı indeksi” hesabatında ölkəmizdə qadınların 69 faizinin ailədə söz haqqı olmaması vurğulanır. Qadınlar ailədə nə qədər müstəqildirsə, cəmiyyətdə də o qədər müstəqildir”.

F.Hanifəyeva qadın hüquqlarının pozulmasında iqtisadi asılılığın böyük rola malik olmasını qeyd edərək bir neçə ildə ölkədə gender bərabərliyinin durumunda ciddi dəyişikliklərin olmayacağını güman edir.

Bu gün Azərbaycanda ictimai-siyasi vəzifələrdə qadınların rolu artmaqdadı. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən əldə etdiyimiz statistik rəqəmlər bizə bu fikri söyləməyə əsas verir. Parlament sədrinin 3 müavinindən biri, 125 deputatından 19-u (15,2% -i), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, TQDK sədri, üç nazir müavini, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabinetinin sədr müavini, Naxçıvan MR-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili, İnsan Hüquqları üzrə müvəkkil, Ali məhkəmədə işçilərin 15 faizi, ümumi məhkəmələrdə isə 9 faizi, Konstitusiya Məhkəməsinin sədr müavini və bir hakim, 4137 nəfər (26,5%) bələdiyyə üzvü, 302 nəfər (17,7%) bələdiyyə sədri, AMEA-nın , Dövlət Neft Şirkətinin vitse prezidenti, AR-in 85 rayon üzrə 35 İH müavini qadındı. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin tərəqqisi üçün gördüyü işlər göz önündədi.

Bununla yanaşı apardığımız araşdırmalar, istinad etdiyimiz materiallar ölkədə gender bərabərliyi sahəsində müəyyən boşluğun olduğunu göstərir və bu istiqamətdə müsbət addımların atılmasının zəruriliyi haqda fikir söyləməyə əsas verir.


Yazı “CEDAW ƏMƏLDƏ”  adlı layihənin müsabiqəsi üçün hazırlanmışdır

 





20.12.2012    çap et  çap et