525.Az

Hərbi yol qaçılmazdır


 

FƏZAİL AĞAMALI: "İŞĞAL OLUNAN TORPAQLARIN AZAD EDİLMƏSİ YALNIZ MÜHARİBƏDƏN KEÇİR"

Hərbi yol qaçılmazdır<b style="color:red"></b>

ABŞ və Rusiya kimi dünya güclərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivliyini artırdığı bir vaxt əlbəttə ki, Qərb hadisələri kənardan izləyə bilməzdi. Bunun nəticəsidir ki, dünən Bakıya səfər edən Avropa Şurasının sədri Donald Tusk Prezident İlham Əliyevlə görüşdə Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu dilə gətirib. O bildirib ki, problemin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Yəqin ki, vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin hər üçünün məqsədi münaqişənin həlli prosesində öz aktuallığını qorumaq, Azərbaycan və Ermənistan prezidentlərinin labüd görüşünün təşkilini öz üzərinə götürməklə bunu əyani şəkildə nümayiş etdirməkdir. Bu mənada, sanki həmsərd dövlətlər arasında rəqabət gedir. Nəzərə alsaq ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Riqada planlaşdırdığı görüş İlham Əliyevin tədbirə qatılmaqdan imtina etməsi nəticəsində baş tutmayıb və eləcə də artıq Vaşinqtonda və Moskvada növbəti görüşün keçirilməsi istiqamətində işlər aparılır, bu zaman aydın şəkildə birincilərin bu məsələdə sonuncu olduğunu, hətta aktuallığını itirdiyini, Azərbaycan ictimaiyyətində onlara qarşı açıq şəkildə inamsızlığın yarandığını görmək olar. Xüsusilə Qərbin son aylar Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası onların nüfuzunu xeyli dərəcədə aşağı salıb. İndi isə görünən odur ki, Avropa İttifaqı itirdiyi imici bərpa etməyə çalışır. Lakin onların Dağlıq Qarabağ münaqişəsində konkret mövqe ortaya qoyacağını isə qabaqcadan söyləmək çətindir.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadıqlarını düşünür. O qeyd edib ki, iyirmi ildir Azərbaycan ictimaiyyəti bu cür səfərlərin şahidi olur: "Minsk Qrupunun həmsədr dövlətləri - ABŞ, Rusiya və Fransa müxtəlif vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin yüksək səviyyəli görüşlərini təşkil edib və problemin sülh yolu ilə həllinə çalışdığını göstərməyə çalışıblar. Əslində isə bütün bunların hamısı deklorativ xarakter daşıyan cəhdlər olub. Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğaldan əl çəkmək niyyətində olmadığı ortada olsa da, həmsədr dövlətlər təcavüzkar ölkəyə qarşı hər hansı bir sanksiya tətbiq etmək, onu işğal etdiyi torpaqları boşaltmağa vadar etməyi özündə əks etdirən heç bir addım atmayıb, yalnız quru bəyanatlarla kifayətləniblər. Avropa İttifaqı və eləcə də digər beynəlxalq təşkilatlar oxşar davranış nümayiş etdirirlər. Bu da eyni xarakter daşıyan növbəti addımdır. Nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son vaxtlar verdiyi bəyanatlar, nə də Avropa İttifaqı Şurasının prezidentinin Bakıya səfərinin problemin həllinə hər hansı bir şəkildə təsir göstərəcəyinə inanmıram".

F.Ağamalı hesab edir ki, işğal olunan torpaqların azad edilməsi yalnız müharibədən keçir: "Biz əlverişli vaxtda hərbi yolla işğal olunan torpaqlarımızı azad etməliyik. Artıq dünya bunu bilir. Bununla bağlı beynəlxalq təşkilatların müvafiq sənədləri də var. BMT, Avropa Şurası və eləcə də ATƏT-in bu yaxınlarda qəbul etdiyi qətnamədə faktiki olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqları ehtiva olunub. Bu vəziyyətdə biz Ermənistana qarşı hərbi əməliyyatlara başlamalı və torpaqlarımızı müharibə yolu ilə azad etməliyik. Bu cür səfərlər isə faktiki olaraq Ermənistanın maraqlarına xidmət edir".

Ceyhun ABASOV

 





23.07.2015    çap et  çap et