525.Az

"Münaqişənin həlli prosesində intensivlik müşahidə olunur"


 

ELMAN NƏSİROV: "DANIŞIQLARIN NƏTİCƏ VERMƏDİYİ HALDA DİPLOMATLAR PROSESDƏN KƏNARA ÇƏKİLİR VƏ SÖZ GENERALLARA VERİLİR"

"Münaqişənin həlli prosesində intensivlik müşahidə olunur"<b style="color:red"></b>

"İrəvanda baş tutan müzakirələr zamanı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin əvvəllər səsləndirdiyi tezisləri yenidən dilə gətirməsinin xüsusi bir əhəmiyyəti var. Həmsədr qeyd edib ki, Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğaldan azad olunmalıdır. Amerikalı diplomat məhz "işğal" sözünü işlədib".

Bu sözləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının sədri, politoloq Elman Nəsirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiylə bağlı son günlər aparılan danışıqlar barədə fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, adətən yay vaxtı - parlamentlərin tətilə getdiyi dövr, ümumiyyətlə dünyada siyasi ab-havanın hərarətinin aşağı düşməsi ilə müşayiət olunur: "Lakin indiki yay region və Azərbaycan üçün istisna təşkil edir. Çünki bu ilin iyul ayı ərzində artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində passivlik yox, çox ciddi bir intensivlik müşahidə olunur. Konkret faktlar da bunu təsdiqləyir.

Məsələ ondadır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bir müddət öncə Vaşinqtonda bir araya gələrək münaqişə istiqamətində çox mühüm danışıqlar aparıblar. Bunun ardınca amerikalı həmsədr Ceyms Uorlik Moskvaya səfər edərək orada bir çox dövlət rəsmiləri ilə müzakirələr aparıb və Rusiyanın "Vedomosti" qəzetinə də diqqəti cəlb edən maraqlı açıqlamalar verib. Həmçinin, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada bir araya gəlib.
 
Məlum olub ki, bu danışıqlar hər iki ölkənin prezidentlərinin tapşırığı əsasında baş tutub. Bu müzakirələr zamanı Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin intensivləşdirilməsindən danışıb və buna böyük ehtiyac olduğunu bildirib. Daha sonra həmsədrlərin regiona - İrəvana və daha sonra Bakıya səfəri baş tutub, vacib danışıqlar aparılıb. İrəvanda baş tutan müzakirələr zamanı amerikalı həmsədr qətiyyətli fikirlər səsləndirib. O məcburi köçkünlərin öz yurd-yuvasına qayıtması məsələsinə toxunub.

Daha sonra isə Uorlik beynəlxalq sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi və təhlükəsizlik məsələlərini qaldırıb. Bundan əlavə amerikalı diplomat Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinin və bununla bağlı konkret addımların atılmasının vacib məsələ olduğunu bildirib. Bu fikirlərin arasında ən vacibi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların geri qaytarılması məsələsi ilə bağlı deyilən ifadələrdir ki, amerikalı həmsədr tərəfindən Ermənistanın paytaxtında səsləndirilib. İrəvan səfərini yekunlaşdırdıqdan sonra həmsədrlər Bakıya üz tutub, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçiriblər".

E.Nəsirov qeyd edib ki, həmsədrlər ciddi cəhdlə yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar: "Müəyyən informasiyalar var ki, bu sentyabr ayında BMT baş məclisinin toplantısında baş verə bilər. Başqa versiyaya görə isə bu ilin sonunda ola bilər. Amma bu günləri münaqişənin həlli ilə bağlı proseslər elə bir mərhələdədir ki, heç kim münaqişənin müharibəyə çevrilməyəcəyinə təminat verə bilmir. Azərbaycan da son günlər bütün qoşun növləri üzrə hərbi təlimlər keçirir. Bu bir daha onu göstərir ki, danışıqların heç bir nəticə verməyəcəyi təqdirdə Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarmaq hüququnu özündə saxlayır və hər an bundan istifadə edə bilər. Yəni, danışıqların nəticə vermədiyi halda diplomatlar prosesdən kənara çəkilir və söz generallara verilir. Bu reallıq tarixdə də olub və bunu həmsədrlər də dərk edirlər. Əgər onlar həqiqətən də ciddi bir addım atmasalar, Ermənistanın mövqeyinə təsir göstərməsələr, münaqişə ilə bağlı danışıqlara konstruktivlik gətirməsələr bu deyilənlər baş verə bilər".

Politoloq hesab edir ki, artıq müəyyən təsirlər hiss olunmaqdadır: "Xüsusilə Ermənistanın müdafiə nazirinin müavinin  bugünlərdə ölkəsinin girov götürdüyü iki azərbaycanlını geri qaytarmağa hazır olduğunu bildirməsi onu göstərir ki, artıq Ermənistana olan təzyiqlər müəyyən mənada özünü göstərməkdədir. İndiki halda bu intensivlik münaqişənin həlli ilə bağlı müşahidə olunmaqdadır. Amma çox istəyərdik ki, bu intensivlik kəmiyyət baxımından deyil, keyfiyyət baxımından da özünü göstərsin. Əgər danışıqlar keyfiyyət baxımından özünü göstərərsə, bu artıq regionda yeni situasiyanın yaranması anlamına gələcək. Hesab edirəm ki, belə olan vəziyyətdə bundan həmsədrlər də, Ermənistan da öz dividentini götürəcək - işğalçı ölkə blokadadan çıxacaq və transmilli layihələrə qoşulmaq imkanı əldə edəcək. Habelə, sürətlənmənin keyfiyyət baxımından özünü göstərməsiylə Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq ki, bu da bizim üçün həyati əhəmiyyət kəsb edən həlledici məsələdir. Bu, reallıqdır. Bircə Ermənistanın korrupsiyaya qurşanmış, kriminal hakimiyyətinin vəziyyəti sağlam dəyərləndirməsi taktiki deyil, strateji düşüncələrdən irəli gələn addımlar atmasını gözləmək qalır".

Ceyhun ABASOV

 





24.07.2015    çap et  çap et