525.Az

Müəllif Hüquqları Agentliyi “Gecələr” mahnısı ilə bağlı açıqlama yayıb


 

Müəllif Hüquqları Agentliyi “Gecələr” mahnısı ilə bağlı açıqlama yayıb<b style="color:red"></b>

Bir neçə gün bundan əvvəl Azərbaycanın mərhum bəstəkarı Bəhram Nəsibovun qızı Güldəstə Nəsibovanın atasının bəstəsi olan “Gecələr” mahnısının əməkdar artist Könül Xasıyeva tərəfindən Şahid Əbdülkərimovun adı altında təqdim etməsi ilə bağlı Müəllif Hüquqları Agentliyinə müraciəti cavablandırılıb.

 Agentlikdən göndərilən məlumatda bildirilir ki, xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə “Gecələr” adlı iki mahnı bəstələnib. Mahnılardan birinin sözləri “Göydə yanır aypara, İşıq düşür yollara” misraları ilə başlayır. Şeir B. Vahabzadənin müxtəlif illərdə çapdan buraxılmış kitablarında “Qəlbi dolu gecələr” adı ilə verilib. Mahnının musiqisini mərhum bəstəkar Şəmsi Kərimov bəstələyib. 10 may 1967-ci ildə Müəllif Hüquqları Agentliyində uçota alınmış mahnının sözlərinin də daxil edildiyi not yazısının surəti (orijinalı müəllifin vərəsəsindədir) Agentliyin arxivində saxlanılır.
 
Şairin sözlərinə yazılmış “Gecələr” adlı digər mahnı isə “Tellərini dolayır boynuma ay gecələr, Mənim sirdaşımsınız, gecələr, ay gecələr” misraları ilə başlayır. Mahnının əsl adı “Gecələr, ay gecələr”dir. Qeyd edilən mahnının musiqisinin B. Vahabzadənin ”Seçilmiş əsərləri”nin 1-ci cildində “Nəğmələr” adlı bölmədə verilmiş bəstəkar Şahid Abdulkərimova məxsus olduğu yazılıb (B. Vahabzadə. Seçilmiş əsərləri. I cild. Səh. 311).

Müəllif Hüquqları Agentliyinin hazırladığı sənəddə bildirilir ki, mərhum bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibov 4 fevral 2004-cü il tarixdə Agentliyə müraciət edərək atasının musiqi bəstələdiyi mahnıların, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı “Gecələr” mahnısının qeydiyyatdan keçirilməsini xahiş edib: “Lakin “Gecələr” də daxil olmaqla mahnıların notları və mətnləri təqdim edilməyib. Bu səbəbdən də yalnız mötəbər təşkilat olan Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təsdiq edilərək Agentliyə göndərilmiş bəstəkarın əsrlərinin Siyahısı qeydiyyata alınıb və bu barədə B. Nəsibovun vərəslərinə şəhadətnamə verilib. (Bəstəkarlar İttifaqı tərəfindən 04 mart 2004-cü il tarixli 5/40 nömrəli məktubla Agentliyə təqdim edilmiş həmin siyahıda adı 6-cı sırada qeyd edilən “Gecələr” mahnısının sözlərinin B. Vahabzadənin hansı şeiri olduğu barədə məlumat verilməyib). “Tellərini dolayır boynuma ay gecələr, Mənim sirdaşımsınız, gecələr, ay gecələr” misraları ilə başlayan “Gecələr” mahnısı əvvəllər müğənni Rəhilə Həsənova tərəfindən ifa olunub. Amma son vaxtlarda əməkdar artist Könül Xasıyevanın ifasında daha çox populyarlıq qazanıb və müğənni mahnıya 2012-ci ildə klip də çəkdirib. Klipdə isə mahnının musiqi müəllifi kimi mərhum bəstəkar Şahid Əbdülkərimovun adı göstərilib. Bu ilin iyul ayında K. Xasıyeva Agentliyə sorğu ilə müraciət edərək xalq şairi B. Vahabzadənin “Tellərini dolayır boynuma ay gecələr, Mənim sirdaşımsınız, gecələr, ay gecələr” misraları ilə başlayan məşhur “Gecələr” mahnısının bəstəkarının adının dəqiqləşdirilməsini xahiş edib. Həmin vaxt Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, tanınmış incəsənət xadimlərinin rəyləri öyrənilib, arxiv sənədlərindən və digər yazılı mənbələrdən məlumatlar toplanıb.
 
Mahnının musiqisinin məhrum bəstəkar Şahid Əbdülkərimova məxsus olması barədə B. Vahabzadənin 2004-cü ildə çapdan buraxılmış ”Seçilmiş əsərlər”inin 1-ci cildində 311-ci səhifəsində verilmiş məlumat da əsas götürülməklə mahnının musiqisinin mərhum bəstəkar Şahid Əbdülkərimova məxsus olduğu barədə K. Xasıyevaya cavab məktubu göndərilib. Müğənni K. Xasıyevanın ifasında mahnıya çəkilmiş klip dekabrın 18-də İctimai Televiziyanın “Yeni gün” səhər musiqi informasiya proqramında nümayiş etdirildikdən sonra isə bəstəkar B. Nəsibovun qızı Güldəstə Nəsibova Müəllif Hüquqları Agentliyinə müraciət edərək K. Xasıyevanın klip çəkdirdiyi “Gecələr” mahnısının musiqisinin atasına məxsus olduğunu bildirərək, məsələyə aydınlıq gətirilməsini xahiş edib. G. Nəsibovanın müraciəti ilə əlaqədar Agentlik tərəfindən araşdırmalara başlanılıb. Bəhram Nəsibovun Agentliyin arxivində saxlanılan mahnılarının uçotu ilə əlaqədar şəxsi işində saxlanılan və müəllifin özünün sağlığında imzaladığı məlumatlarda “Gecələr” mahnısının adı göstərilmədiyi müəyyən edilib. Həmçinin müəllifin şəxsi işində adları göstərilən mahnılardan bir neçəsinin adı Bəstəkarlar İttifaqı tərəfindən təsdiqlənmiş Siyahıya daxil edilməyib”.
 
Agentlikdən bildirilib ki, məsələ ilə əlaqədar xalq artisti Əlibaba Məmmədovla da əlaqə saxlanılıb. Əlibaba Məmmədov isə birmənalı şəkildə qeyd edilən “Gecələr” mahnısının musiqisinin bəstəkar Şahid Əbdülkərimova məxsus olduğunu bildirib: “Göründüyü kimi, Bəhram Nəsibovun göstərilən mahnıya müəllifliyi ilə bağlı yazılı mənbələrdə, əldə edilmiş məlumatlarda və sənədlərdə bəzi ziddiyyətli məqamlar mövcuddur. Buna görə də Agentlik tərəfindən araşdırma davam etdirilir. Nəticələrə uyğun olaraq müvafiq qərar qəbul olunacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 





20.12.2012    çap et  çap et