525.Az

Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib


 

Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib<b style="color:red"></b>

Dünən Ağsu rayon Mərkəzi Kitabxanasında görkəmli şair, maarifçi Seyid Əzim Şirvaninin 180 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, fəal oxucuların, ziyalıların, iştirak etdikləri “dəyirmi masa”da mərkəzi kitabxana sisteminin direktoru Cəbrayıl Bədəlov, əməkdar müəllim Ziyafət Qurbanova, şeir həvəskarları Mətləb Məmmədov, Günel Şıxəliyeva və başqaları ədibin həyat və yaradıcılığından, zəngin irsinin ayrı-ayrı məziyyətlərindən danışıblar.

Qeyd olunub ki, Şamaxıda ruhani ailəsində dünyaya göz açan şair mədrəsədə oxuyub, orta ruhani təhsili alıb. 1869-cu ildə Şamaxıda yeni üsullu məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edib. Köhnə mollaxanalardan fərqli olaraq, S.Ə.Şirvani bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini öyrədib, tarix, coğrafiya, hesab və sair fənlərdən ibtidai bilgilər verib. Görkəmli satirik şair Mirzə Ələkbər Sabir, tanınmış yazıçı və pedaqoq Sultan Məcid Qənizadə məhz həmin məktəbin yetirmələri olublar.

“Dəyirmi masa”da Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən, onun yaradıcılığındakı janr müxtəlifliyindən söz açılıb. Qeyd olunub ki, zəngin ədəbi yaradıcılığa malik olan şairin bədii irsi azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca olan hissənin əsasını qəzəllər təşkil edir. Bu qəzəllərdə həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur.

Tədbirdə kitabxananın fəal oxucularından Əmrah Məmmədov, Eyvaz Bayramov və Elnur Mahmudov şairin qəzəllərindən nümunələr söyləyiblər.

 

 





25.07.2015    çap et  çap et