525.Az

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş”


 

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: <b style="color:red">öyrən, araşdır, paylaş” </b>

“Multikulturalizmin alternativi yoxdur” 

Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb. Multikulturalizm həm də Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi çoxdan öz təsdiqini tapıb. Prezident İlham Əliyevin bununla bağlı səsləndirdiyi dəyərli fikir təkcə ölkə mətbuatında deyil, dünyanın xəbər gündəmində də marağa səbəb olub. Prezident belə deyib: “Multikulturalizmin alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir”.

Ötən ilin may ayında Prezidentin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)  yaradılması ilə bağlı imzaladığı Sərəncam da bu fikrin əyani sübutudur. Mərkəz yarandığı vaxtdan etibarən böyük layihələr həyata keçirir . BBMM-in əsas nailiyyətlərindən biri  Azərbaycan multikulturalizmi fənninin həm ölkədə, həm də xaricdə  tədrisidir. Bu ilin yaz semestrindən başlayaraq İtaliya, Rusiya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində, eləcə də ölkəmizin 7 ali təhsil müəssisəsində  Azərbaycan multikulturalizmi fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Həmin fənnin tədrisi zamanı xüsusi fərqlənən tələbələr üçün 21 iyul-1 avqust tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi təşkil olunub.

BBMM-in Himayəçilik Şurasının sədri,  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə reallaşan yay məktəbi xarici universitetlərin tələbələrinin semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri biliklərin ölkəmizi əyani şəkildə görməklə tamamlanması məqsədi daşıyır. Adıçəkilən xarici ölkə universitetlərindən  50, yerli ali təhsil ocaqlarından 20 tələbənin, Almaniya, İsrail, Rusiya və Azərbaycandan olan mütəxəssislərin iştirakı ilə keçirilən yay məktəbi Bakıda start götürüb və  hazırda ölkəmizin səfalı guşələrindən olan Nabran Təhsil İstirahət Mərkəzində, eləcə də Quba, Qusar, Xaçmaz şəhərlərində davam etdirilir.  

“Azərbaycana olan marağı məhəbbətə çevirmək...”

Yay məktəbinin ilk günlərindən tədbirlərə qatılan mətbuat nümayəndəsi olaraq, xarici ölkələrdən gəlmiş tələbələrin tədbirlərə aktiv şəkildə, böyük coşqu və həvəslə qatıldığının şahidi oldum. Tələbələrin Azərbaycana olan marağı, ölkəmizə bəslədikləri rəğbət hissi açıq-aydın hiss olunur.

İyulun 22-də yay məktəbinin iştirakçıları Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan Multikulturalizmi kafedrasında olublar. Qonaqlar həmçinin BSU-nun muzeyi, tədris-mədəniyyət mərkəzləri, zəngin kitabxanası ilə tanış olmaq imkanı əldə ediblər. Həmin gün BBMM-də beynəlxalq  yay məktəbinin rəsmi açılış mərasimi olub.  Mərasimdə BBMM-in icraçı direktoru, professor Azad Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov,  BSU-nun rektoru Asif Hacıyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnunluqlarını  bildiriblər, yay məktəbinin təşkili, məramı ilə bağlı fikirlərini bölüşüblər.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin aparıcı məsləhətçisi Anna Bayramovanın moderatorluğu ilə keçən açılış mərasimində yay məktəbinin proqramının müzakirəsi aparılıb, təklif və qeydlər dinlənilib. Qonaqların şərəfinə verilən ziyafətdən sonra Xəzər sahilində gəzinti təşkil edilib.

İyulun 23-də qonaqlar  Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdən sonra Dövlət müşaviri,akademik Kamal Abdullayev yay məktəbinin iştirakçıları ilə görüşüb. Akademik qeyd edib ki, xarici tələbələrdə Azərbaycana olan marağın məhəbbətə çevriləcəyinə əmindir: “Ölkəmizə gələn gənclərin əksəriyyəti bizim onlara təklif etdiyimiz Azərbaycan multikulturalizmi fənnini öz universitetlərində bir semestr boyu öyrənmiş tələbələrdir. Müəllimlərin və universitet rəhbərlərinin dediklərinə görə, fənnin tədrisi uğurla başa çatıb. Azərbaycan universitetlərindən də yay məktəbinə qatılan tələbələrimiz var. İnanıram ki, bu tələbələrin ünsiyyəti gələcəkdə onlara həm təhsildə, həm də karyera qurmaqda yardımçı olacaq. Sizin Azərbaycanı nəzəri şəkildə öyrənməyiniz ölkəmizi öz gözlərinizlə görməyinizlə tamamlanacaq. Bu, məni çox sevindirir. Bu yay məktəbi çərçivəsində hər görüşünüzdə, hər mühazirənizdə, hər bir insanla ünsiyyətiniz zamanı  Prezidentimizin də qeyd etdiyi kimi multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu görəcəksiniz”.

Yay məktəbindən öncə keçirilən hazırlıq iclaslarında K. Abdullayevin bununla bağlı hər bir məsələyə necə diqqətlə, həssaslıqla yanaşması, bütün məqamları detallarınacan müzakirəyə çıxarması, demokratik təkliflərə açıq olmaqla yanaşı  həm də milli təəssübkeşlik hissini unutmadan verdiyi tapşırıq və tövsiyələr  beynəlxalq əhəmiyyətli bu tədbirin uğuruna öncədən zəmanət verirdi. Yay məktəbinin iştirakçıları ilə görüşdə Dövlət müşavirinin maraqlı və dəyərli fikirləri  xarici tələbələrin alqışları ilə müşayiət olunurdu.

“Beynəlxalq yay məktəbi intellektual koleydeskop kimi ən müxtəlif modifikasiyalar verə bilər” 

Dövlət müşaviri yay məktəbinin iştirakçıları arasında dostluğun bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək. Azərbaycanlı tələbələrə demək istəyirəm ki, onlar burada özlərini ev sahibi kimi aparmalıdırlar. Öz həmkarları, tələbə dostları ilə gələcək ünsiyyət xətlərini müəyyənləşdirməlidirlər. Bundan təkcə Azərbaycan yox, İtaliya, Litva, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya və ümumiyyətlə, burada iştirak edən bütün tələbələr qazanacaqlar, mənəvi-intellektual xeyir götürəcəklər. Beynəlxalq yay məktəbi intellektual koleydeskop kimi ən müxtəlif modifikasiyalar verə bilər. Siz ilk qaranquşlarsınız. Gələcəkdə biz artıq yay məktəblərini sizin arzularınıza uyğun şəkildə qurmağa çalışacağıq”.

Görüşdən sonra beynəlxalq yay məktəbinin iştirakçıları Nabran Təhsil İstirahət Mərkəzinə yola düşüblər.

Avqustun 1-dək keçirilməsi nəzərdə tutulan yay məktəbinin maraqlı və zəngin proqramı var. Burada tələbələr “Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm”, “Azərbaycanda törədilmiş soyqırım cinayətləri, Qarabağ müharibəsi”, “Avropada multikulturalizm siyasətinin problemləri” mövzusunda diskussiya və dəyirmi masalarda iştirak etmək, “Alman və Azərbaycan multikulturalizminin təhlili”, “Azərbaycanda dini icmalar və din siyasəti”, “Azərbaycanda gənclər siyasəti və idman”, “Müqayisəli multikulturalizm”, “Qafqaz Albaniyasının tarixi” mövzusunda yerli və xarici mütəxəssislərin mühazirələrini dinləmək, Quba, Qusar, Xaçmaz və Qırmızı Qəsəbədə yerli gənclərlə tanış olub dostlaşmaq imkanı əldə edəcəklər. Proqramda tədrislə yanaşı, çoxsaylı əyləncələr-müxtəlif növlər üzrə idman yarışları, “Öz xalqını təqdim et”, “Milli mahnılar” axşamı, mahnı və rəqs müsabiqələri nəzərdə tutulub. Müsabiqələrdə fərqlənənləri mükafatlar gözləyir. Sonda iştirakçı tələbələrə  sertifikat və hədiyyələr təqdim olunacaq.

lll

Deyilənlərə, yazılanlara və görü(l)nənlərə sözardı:  Dövlət müşaviri Kamal Abdullayevin yay məktəbinin iştirakçıları ilə görüşdə səsləndirdiyi dəyərli fikirlər içərisində bir cümlə yaddaşlara həkk olunmaqla yanaşı, həm də onun təşəbbüskarı, təşkilatçısı olduğu hər şeyə- dediklərinə və həyata keçirdiklərinə mənəvi möhür rolunu oynadı: “Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin”. Dünyanın bir neçə aparıcı ölkəsinin nüfuzlu universitetlərindən gəlib beynəlxalq yay məktəbində iştirak edən müəllim və tələbə kontingentinin simasında gələcəkdə Azərbaycanın çoxsaylı lobbisi, dostu və tərəfdaşı yaranacaq. Bütün bunlar bütövlükdə Azərbaycan multikulturalizminin və bunu aparıcı siyasətinə çevirən dövlətimizin uğuru və nailiyyətidir.

Sevinc MÜRVƏTQIZI

 





25.07.2015    çap et  çap et