525.Az

“Dövlət siyasətində tolerantlıq və multikulturalizm” məsələsi müzakirə edilib


 

TƏLƏBƏLƏR ALMANİYA VƏ AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN MÜQAYİSƏLİ TƏHLİLİ İLƏ TANIŞ OLUBLAR

“Dövlət siyasətində tolerantlıq və multikulturalizm” məsələsi müzakirə edilib<b style="color:red"></b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” adlı beynəlxalq yay məktəbi iyulun 24-də Nabran Təhsil İstirahət Mərkəzində öz işini davam etdirib. Yay məktəbində əvvəlcə qruplar üzrə müsabiqələrə hazırlıq işi aparılıb. 

Hazırlıq iclasından sonra konfrans zalında “Azərbaycanın dövlət siyasətində tolerantlıq  və multikulturalizm” mövzusunda dəyirmi masa təşkil edilib. Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova və BBMM-in icraçı direktoru, professor Azad Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə ətraflı fikir mübadiləsi aparılıb.

A.Məmmədov multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. Professor Azərbaycan multikulturalizminin və ümumilikdə multikulturalizm konsepsiyasının ölkənin, dövlət təhlükəsizliyinin təmin olunmasında rolundan söz açıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cu il 15 may tarixli Fərmanı ilə təsis edilib. Multikulturalizmin həm də öz tarixi kökləri var. Bizim Ümummilli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa edilməsini təmin edib. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edirdi. O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin bizim dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Heydər Əliyev Fondu da bizim multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir və biz öz təcrübəmizi dünya ictimaiyyəti ilə bölüşməyə həmişə hazırıq”. İcraçı direktor çıxışında  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin bu istiqamətdə apardığı işlərdən, böyük xidmətlərindən də danışıb. 

S. Qafarova tələbələri salamlayaraq dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multkulturalizmi, tolerantlığı özünün dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevirdiyini qeyd edib: “Azərbaycanda uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar”.

Millət vəkili həmçinin Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək Ermənistanın işğalçılıq siyasəti haqqında tələbələrə ətraflı məlumat verib. S. Qafarova Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığını bildirib. Millət vəkili Ermənistanın monoetnik ölkələrdən biri olduğunu xatırladaraq həm dövlət, həm xalq olaraq onların tolerantlıq dəyərindən məhrum olduğunu diqqətə çatdırıb. Dəyirmi masada tələbələrin sualları cavablandırılıb.

Günün ikinci yarısında Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Volf “Almaniyada multikulturalizm”, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov “Azərbaycanda multikulturalizm” mövzusunda məruzələrlə çıxış edərək bununla bağlı hər iki ölkədəki vəziyyətin müqayisəli təhlilini aparıb. Klaus Volf çıxışında bildirib ki, Almaniyada da multikulturalizm mövcuddur: “Auqsburq şəhərinin əhalisinin 40 faizi miqrasiya nəticəsində formalaşıb. Auqsburqun uşaq bağçalarındakı uşaqların 60 faizi miqrantların uşaqlarıdır. Almaniyanın digər şəhərlərində də eyni situasiya müşahidə olunur. Mənim üçün mühüm olan odur ki, Azərbaycanda kilsələr, məscidlər, sinaqoqlar həmişə yanbayan olublar və yeniləri də  tikilməkdə davam edir. Almaniyada isə məscidlərin tikilməsi son dövrlərə təsadüf edir. Bizim üçün hazırda vacib olan məqamlardan biri də islam cəmiyyətinə inteqrasiya etməkdir. Məhz bu istiqamətdə biz Azərbaycandan nələrsə öyrənə biləcəyik. Düşünürəm ki, bütün cəmiyyətlər üçün vahid, demokratik bir multikultural modelin olması məqsədəuyğundur”.

Professor Etibar Nəcəfov öz çıxışında Azərbaycanda mövcud olan multikultural tolerant mühit, dövlətimizin ölkəmizdə yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlar yaratması və bütün bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyindən söz açıb. Mövzular yay məktəbi iştirakçılarının böyük marağına səbəb olub.   

Tədbirdən sonra tələbələr müxtəlif növlər üzrə idman yarışları keçiriblər.  Yay məktəbinin dördüncü günü “Öz xalqını təqdim et” musiqili müsabiqə ilə yekunlaşıb.

Sevinc MÜRVƏTQIZI

 





25.07.2015    çap et  çap et