525.Az

“Canlı lətifələr, əhvalatlar, deyimlər”


 

ƏJDƏR OLUN YENİ KİTABI NƏŞR OLUNUB

“Canlı lətifələr, əhvalatlar, deyimlər”<b style="color:red"></b>

Bu günlərdə şair, yazıçı Əjdər Olun “Canlı lətifələr, əhvalatlar, deyimlər” adlı növbəti kitabı işıq üzü görüb.

Kitab “Qanun” nəşriyyatı tərəfindən 2000 tirajla çap olunub. Müəllif, özünün dediyi kimi, zaman-zaman ağızdan-ağıza gəzən, görüşlərdə, məclislərdə, orda-burda qulağı çalan bu canlı lətifələri, olmuş əhvalatları, yiyəsi tanınan deyimləri əlinə düşən kağızlarda qeyd edib. Görkəmli şəxsiyyətlərlə yanaşı sadə insanların da qəhrəmana çevrildiyi kitab şux lətifələr, şən zarafatlar, maraqlı əhvalatlar, yerində verilmiş sərrast cavablar toplusudur.

Müəllif kitaba yazdığı ön sözdə qeyd edir ki, əvvəl-əvvəl yalnız yazıçılarla bağlı əhvalatları qeydə alsa da, sonralar əhatə dairəsini genişləndirərək, sənət adamlarına, siyasətçilərə, dövlət mənsublarına da yer verib və diqqətini bu məsələyə daha çox yönəltdikcə qərara gəlib ki, sadə insanlara da yer ayırmaq lazımdır.

Kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin, mərhum akademik Ziya Bünyadovun, görkəmli rəssam Səttar Bəhlulzadənin, kaman ustası Habil Əliyevin, fantastik əsərlər müəllifi Namiq Abdullayevin, Xalq şairi Xəlil Rza Ulutürkün, eləcə də digər tanınmış şəxslərin deyimlərinə rast gəlmək mümkündür.

Kitab ümumilikdə dörd bölmədən ibarətdir. Birinci bölmə “Siyasətçilər və dövlət adamları” adlanır. Kitabdakı ilk əhvalat Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Bundan başqa bölmədə Stalin, Mircəfər Bağırov, İman Mustafayev, o cümlədən, mərhum prezident Heydər Əliyevlə bağlı müxtəlif maraqlı əhvalat və deyimlər yer alıb.

İkinci bölmə “Yazıçılar və alimlər”dir. Bu bölmədə təxminən 1930-cu illərdən üzübəri yazıçı və şairlərin başına gələn məzəli əhvalatlar, onların verdiyi sərrast cavablar toplanıb. Qeyd edək ki, bölmə həcminə görə digər hissələrdən daha böyükdür.

Üçüncü bölmə “Sənətçilər” adlanır. Müəllif müxtəlif sənət sahələrində öz işinin peşəkarı olan məşhurların həyatında olan duzlu-məzəli anları oxuculara çatdırır. Kitabda dahi Üzeyir Hacıbəyovdan tutmuş müasirlərimizə qədər bir çox sənətçilərin başına gələn maraqlı hadisələrə işıq tutulur.

Dördüncü, sonuncu bölmə “Tanış-bilişlə” adlanır. Bu hissədə müəllifin, dost-tanışlarının başına gələn maraqlı hadisələrə yer verilib.

Xatırladaq ki, Əjdər Ol 30-dan artıq bədii kitabın müəllifidir. Pyesləri Akademik Milli Dram, Dövlət Musiqili və Gənc Tamaşaçılar Teatrlarında uğurla oynanılıb, ssenariləri əsasında bədii filmlər çəkilib.

Cavid QƏDİR

 





25.07.2015    çap et  çap et