525.Az

Beynəlxalq yay məktəbinin iştirakçıları Qubada - Fotoreportaj


 

Beynəlxalq yay məktəbinin iştirakçıları Qubada - <b style="color:red">Fotoreportaj</b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən «Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş» adlı beynəlxalq yay məktəbi iyulun 25-də öz işini Qubada davam etdirib.

Qubada yerli gənclər yay məktəbinin iştirakçılarını yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. 

Qonaqlar Quba icra hakimiyyətinin rəhbərliyi və yerli ictimaiyyətin müşayiəti  ilə əvvəlcə Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra Qubanın Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. BBMM-in layihələr şöbəsinin müdiri Hikmət Babayev yay məktəbinin iştirakçılarını Qubanın yerli ictimaiyyətinin nümayəndələrinə  təqdim edib. H.Babayev çıxışında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilən yay məktəbinin məramı ilə bağlı Quba gənclərinə məlumat verib.

Sonra Mərkəzdə «Azərbaycanda dini icmalar və din siyasəti» mövzusunda tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında ölkəmizdəki dini durum haqqında ətraflı məlumat verilib, slayd nümayiş olunub. 

G.İsmayılov deyib ki, Azərbaycanda tolerantlığın əsas səbəbi ölkəmizin qədim ipək yolunun üzərində yerləşməsidir:

«İpək yolunun üstündə təkcə ticarət malları deyil, müxtəlif ideyalar, fərqli fəlsəfi cərəyanlar, dinlər də səyahət ediblər. Digər bir nüans ondan ibarətdir ki, Qərbdə sufizm kimi tanınan irfan mədəniyyəti Azərbaycanda güclü olub. Sufizmin məqsədi dinindən, dilindən, irqindən asılı olmayaraq kamil insan yetişdirməkdir. Bir sözlə, Azərbaycanda tarixən hakim olmuş dini dünyagörüşü humanizm prinsiplərinə əsaslanır».

G.İsmayılov çıxışında yəhudi və Azərbaycan xalqının 26 əsrlik dostluq tarixindən söz açaraq Qubadakı Qırmızı Qəsəbədə yəhudilərin kompakt şəkildə yaşadığını vurğulayıb. Sədr müavini qonaqlara və yerli gənclərə Azərbaycandakı müxtəlif dinlərə aid abidələr haqqında məlumat verib:

«Azərbaycan dövləti mütəmadi şəkildə müxtəlif dinlərə aid abidələri təmir edir. Ölkəmizdəki bütün dinlərin nümayəndələri öz bayramlarını sərbəst şəkildə, təntənə ilə keçirir. Azərbaycan dünyada yeganə ölkədir ki, burada xristianlar müsəlmanlar üçün iftar süfrəsi açır. Azərbaycanda dini müxtəliflik, vicdan azadlığı ilə bağlı beynəlxalq qanunvericilik, müddəalar tam təmin edilir. Azərbaycan dövləti tarixən formalaşmış tolerantlıq ənənələrini qoruyur, dünyəvi dövlət olduğuna baxmayaraq, dini icmalara və dindarlara qayğı ilə yanaşır, büdcədən onlara yardım ayrılır».

G.İsmayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tələbələrə  məşhur fotoqraf Reza Deqatinin  Azərbaycanın tolerantlıq ənənələrini əks etdirən albom hədiyyə edib.

Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev də yay məktəbinin təşkilindən məmnunluğunu bildirərək mövzu ilə bağlı fikirlərini bölüşüb:

«Ümummilli lider Heydər Əliyev deyib ki, tolerantlıq yüksək mədəniyyətin təzahürüdür. Azərbaycanda bu mədəniyyət elə yüksəkdir ki, burada dünyada analoqu olmayan ilkə imza atılıb: müsəlman dövləti dağ yəhudilərinə gözəl bir sinaqoq tikib hədiyyə edib və fəaliyyəti üçün yardım ayırır. Biz İsrail vətəndaşıyıq, lakin Azərbacan bizim doğma vətənimizdir».

Tədbirdən sonra Qubanın gəncləri-bu rayonun müxtəlif məktəblərindən yüksək balla ali təhsil müəssisəsələrinə daxil olmuş tələbələr yay məktəbinin iştirakçılarını nahara dəvət ediblər. Qarşılıqlı xoş ünsiyyət şəraitində keçən nahardan sonra xarici tələbələr yerli gənclərlə birgə Quba Soyqırımı Memorialı Kompleksində olublar.

Ziyarətdən sonra Quba rayon Gənclər Mərkəzində İsrailin Hayfa Universitetinin doktorantı, beynəlxalq əlaqələr üzrə ekspret Arye Qutun moderatorluğu ilə «Azərbaycanda törədilmiş soyqırım cinayətləri, Qarabağ müharibəsi» mövzusunda dəyirmi masa keçirilib.

A.Qut slaydlar vasitəsilə etdiyi çıxışda 1918-ci ildə erməni terrorçularının Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qubada törətdiyi qırğınlardan, dəhşətli soyqırımı cinayətlərindən söz açıb.

Moderator eləcə də 1988-ci ildən bəri Ermənistanın Azərbaycana qarşı qaldırdığı ərazi iddialarından, torpaqlarımızın işğalından, bir milyonlan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığından söz açıb.

A.Qut deyib ki, hazırda İsraildə yaşadığına baxmayaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özünə borc bilir:

«Holokost qırğınını yaşamış bir xalqın nümayəndəsi olaraq, Azərbaycan xalqının başına gətirilən soyqırım cinayətləri, ermənilərin törətdikləri Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri bütün dünyanın bilməsini istəyirəm».

Yay məktəbinin iştirakçıları M. Yevdayevin bələdçiliyi ilə Qırmızı Qəsəbəyə səfər ediblər, sinaqoqa baş çəkiblər. Bu dəfə xarici qonaqları çay süfrəsinə Qırmızı Qəsəbənin gəncləri dəvət edib və birgə müxtəlif mövzularda maraqlı müzakirələr aparıblar. Yay məktəbinin 5-ci günü «Milli mahnılar axşamı» ilə yekunlaşıb.

Sevinc MÜRVƏTQIZI

 





25.07.2015    çap et  çap et