525.Az

Yavər Rzayevə həsr olunmuş “Könlüm keçir Qarabağdan” sərgisi (FOTOLAR)


 

Yavər Rzayevə həsr olunmuş “Könlüm keçir Qarabağdan” sərgisi <b style="color:red"> (FOTOLAR)</b>

Dünən Xəzər Universiteti Dünya Məktəbində ABŞ-da yaşayan azərbaycanlı memar, rəssam Yavər Rzayevin yaradıcılığına həsr olunan “Könlüm keçir Qarabağdan” adlı sərgi və ədəbi-bədii gecə təşkil olunub.

525.az-ın məlumatına görə, tədbirin əvvəlində Yavər Rzayevin həyat və fəaliyyətinə  həsr olunan sujet tamaşaçılara təqdim olunub.

Görüşdə rəssamın yaxın dostu, jurnalist Şəfəq Mehrəliyeva çıxış edərək onunla bağlı fikirlərini bölüşüb: “2002-ci ildə Vaşinqtonda müxbir kimi fəaliyyət göstərərkən Yavərin sərgisinin açılışında oldum. O zaman Yavər Meksika təəssüratlarından yaranan ideyaları, bu ölkənin mənzərələrini fırçası ilə öz əsərlərində əks etdirməyə çalışmışdı. İlk tanışlığımızda onun Meksika haqda çəkdiyi mənzərələr məndə elə də müsbət təəssürat oyatmamışdı.  “Niyə Azərbaycanın əsrarəngiz yerlərinə yox,  Meksika mədəniyyətinə üstünlük verib?” sualı ətrafında düşünürdüm. Növbəti görüşümüzdə onunla daha yaxından tanış olduqdan  sonra Yavərin yaratdığı hər bir əsərdə azərbaycançılığın öz əksini tapdığını gördüm. O, xalqına, vətəninə bağlı olan rəssamdı. O, hətta Leninin obrazını yaradarkən də azərbaycançılığı unutmayıb. Almaniyada hərbi xidmətdə olarkən onun əsgər yoldaşları “sən Leninin gözündə də azərbaycançılığı əks etdirmisən” deyirdi”.

Daha sonra çıxış edən Yavər Rzayev yaradıcılığı, xarici ölkələrdəki fəaliyyəti haqda məlumat verib: “Mən “Könlüm keçir Qarabağdan” adlı sərgimi açanda da əsas məqsədim Azərbaycan həqiqətlərini tanıtmaqdan ibarət olub. ABŞ-ın 7 şəhərində açılan bu sərgi vasitəsilə Azərbaycanla bağlı heç bir məlumatı olmayan ABŞ vətəndaşları bu haqda bizdən məlumat alıblar”.



Ş.Mehrəliyeva daha sonra Y. Rzayevlə maraqlı diskussiya quraraq rəssamın arzuları haqda danışıb: “İlk tanışlığımızda “Azərbaycanla bağlı hansı arzuların var?” sualını verdikdə sən “ən böyük arzum Qarabağın azad olunması ilə Ağdama qayıdaraq burada quruculuq işləri görməkdi” dedin.  Daha sonra çox böyük rəssam və memar olmaq istədiyini qeyd edərək “istəyirəm ki, mənə hansısa binanın layihəsi üçün müraciət edən şəxslər 6 ay öncədən növbədə gözləsinlər” deməklə çox böyük yaradıcı xadim ola biləcəyini söyləmişdin. Bu gün sən həqiqətən də ABŞ-da istədiyin pilləyə qalxa bilən yaradıcı şəxslərdən birisən”.

Rəssam Ağdamın işğaldan azad olunmasından sonra göz açdığı torpaqda bir sıra quruculuq işləri görəcəyinə də söz verib: “Ağdamı düşmən tapdağından azad etdikdən sonra şəxsən mən burada quruculuq işləri görərək doğma torpağımızı işğaldan öncəki görkəminə qaytarmağa çalışacam”.


Rəssamın həyat və fəaliyyəti haqda danışan millət vəkili, tanınmış yazıçı Aqil Abbas Y.Rzayevin  ölkə xaricində Azərbaycan həqiqətlərini yaymaq, incəsənətini təbliğ etməklə mühüm addımlardan birini atdığını söyləyib: “Sən bizə Azərbaycanda deyil, xaricdə daha çox lazımsan”.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri olan Hamlet İsaxanlı çıxışında ölkəmizi xaricdə tanıdan azərbaycanlıların sayının günü-gündən artdığını vurğulayaraq bugünkü sərginin və görüşün təşkilində Xəzər Universiteti Dünya Məktəbinə təşəkkürünü bildirib: “Sovet dövründə xaricdə yaşayan azərbaycanlıların sayı barmaqla sayılası qədər idi. Bu gün isə Azərbaycan gəncləri dünaynın 4 tərəfində ölkə mədəniyyəti, incəsənəti və  tarixinin təbliği ilə məşğuldu. Artıq bütün dünya bizim səsimizi duya biləcək. Yavərin ölkə xaricində gördüyü işlər bir daha dediklərimizi sübut edir”.

H.İsaxanlı ölkəmizin ən böyük yarası olan Qarabağ haqda danışaraq işğal altında olan torpaqlarımızın bugünkü gənclər tərəfindən xilas ediləcəyinə ümid bəslədiyini qeyd edib.

Tədbirin bədii hissəsində tanınmış müğənnilər və rəqs qurupları çıxış edib.



Qeyd edək ki, bir sıra xarici ölkələrə səfər edən,  6 il Meksikada, 2001-ci ildən etibarən ABŞ-da yaşayan Yavər Rzayev ölkə mədəniyyəti, incəsənəti və tarixinin təbliği istiqamətində mühüm işlər görüb. Y.Rzayev əsərlərində maraqlı ifadə vasitələrindən istifadə edərək Azərbaycanın, o cümlədən də ölkəmizin dilbər guşələrindən biri olan Ağdamın gəzməli-görməli yerlərini öz fırçası ilə əks etdirməyə çalışıb. Yaradıcılığında “Qarabağ” mövzusuna xüsusilə toxunan rəssam 2010-cu ildə ABŞ-da “Könlüm keçir Qarabağdan” adlanan sərgini açıb. Azərbaycan səfirliyi və diosporu ilə yaxın əlaqələr quran rəssam ABŞ-da milli bayramlarımızın yüksək səviyyədə təşkil olunmasında, təbliğində də xüsusi rola malikdi. Qeyd edək ki, Y. Rzayev ABŞ-da tikilən bir sıra proyektlərin də müəllifi hesab edilir.

Nigar MƏHƏRRƏM


 





21.12.2012    çap et  çap et