525.Az

Zırrama - (Belə-belə işlər)


 

Zırrama - <b style="color:red">(Belə-belə işlər)</b>

Mirzə Cəlilin bu adda bir hekayəsi var. Oxuyanlar bilir, oxumayanlar üçünsə deyim ki, söhbət bir həmşəridən gedir. O, günlərlə küçələrdə dayanır və tanış-bilişin qabağını kəsib, o tay-bu taydan xəbər verir. Həmişə də eyni sözləri təkrarlayır: filankəsi poçt müdiri qoyublar, bəhmənkəsi işdən çıxarıblar, ruslar yaponlara müharibə elan eləyib, filankəsin oğlu naxoşlayıb və s. və i.

Biçarə Mirzə Cəlil də həmişə evdən çıxmazdan əvvəl pəncərədən çölə baxıb, yola göz gəzdirirmiş görsün ki, həmin “zırrama” ordadı, ya yox...

Bu yaxınlarda mən onun xələfinə rast gəldim. Dostlar təklif elədilər ki, dəniz ətrafındakı bağa yığışaq. “Koroğlu” metrosunda taksiyə mindim. Böyrümdə oturan müştərilərdən biri çal saqqal, arıq və bəyaz sifət bir kişiydi. Nəsə üzü mənə tanış gəldi, amma xatırlaya bilmədim. Taksi yerindən tərpənən kimi, böyrümdəki başladı, nə başladı. Əvvəlcə uzaqdan gəldi: “Yunanıstan defolt olub, Almaniya kansleri ona dişlərini qıcayıb, İranın məsələsi BMT-də həll olundu, neftin başını açıb buraxacaq, Tunis də neft hasilatını artırır, dünya bazarında petrolun qiyməti düşəcək, dollar bahalaşacaq, indi hamı ingilis pulu alır, yollar təzədən söküləcək, gələn il Formula-1 yarışları olacaq, aeroport yolunda keçidləri təmir edirlər, filankəs partiyadan istefa verdi, Putin Ukraynaya ultimatum verib, Qarabağ danışıqları dalana dirənib, müharibə olacaq, Saakaşvili Ukraynanın prezidenti olmağa hazırlaşır...”

Çal saqqal kişi dil qəfəsə qoymurdu. Belə başa düşdüm ki, bu adamın işi-peşəsi qəzetləri oxumaq, televizora baxmaqdı, bir az da Haqverdiyevin marallarına oxşayır...

Aha! Bu yerdə barmağımı dişlədim. Bu, “Təbriz” ləqəbi ilə şeirlər yazan Vidadi adlı zatdır. Onunla Moskvada tanış olmuşduq, yataqxanamıza tez-tez gələrdi. Bir-iki dəfə dəlixanada yatmışdı. Qalaq-qalaq qəzet oxuyardı. Dəlilik pensiyasını qəzet-kitaba xərcləyərdi. Yediyi “mundirli”, yəni soyutma kartof, içdiyi adi krant suyu idi. Siyasi söhbətlər eləməyi xoşlayardı. Hətta siyasi şeirlər də yazardı. İki misrası yadımdadı: “Na pole rastyot burak, v Kremle sidit durak...” Özü də “maniya presledovaniye” xəstəliyinə tutulmuşdu, Ona elə gəlirdi ki, ke-qe-be agentləri onu daim izləyir...

Mən uzaq keçmişdəki tanışımı xatırlayırdım. O bəstəboy idi, böyrümdə ki, arıq, hoqqar. Görünür, hər dövrün öz zırraması olur. Başqa sərnişinlər də  öz işlərindəydilər. Tam sakitçilik idi, yalnız saqqallı sərnişin hüdüləyib tökürdü. Birdən o dayandı, bir sağa, bir sola, bir irəli, bir də geriyə baxdı və dedi: “Nədi, bəlkə sizi də mənə güdükçü qoyublar, hamınız mısıb durmusunuz, izləyirsiniz məni? Sonra üzünü sürücüyə tutub, “burda saxla görüm” dedi. Sürücü məsələni anladı və irişə-irişə bunları dedi: “Alik” dayı, sən onlara fikir vermə, bisavad adamdılar, sənin kimi oxuyan deyillər ha”. “Bisavad” sözünü işlədərkən bizə bir göz də basdı, yəni fikir verməyin, sözdü də deyirəm.

İncəvardan yolumuz başa çatdı, hərə bir tərəfə üz tutdu...

Geri qayıdan baş onu yenə də taksi dayanacağında gördüm, kimisə çənəsinin altına salmışdı: “Yunanıstan defolt oldu, Merkel ona dişlərini qıcartdı, Putin ultimatum verdi, neft ucuzlaşdı... müharibə qaçılmazdı...”

Yavaşca böyürdən sivişib getdim.

Mirzə Cəlili xatırladım və öz-özümə “Zırrama ki, zırrama” deyə pıçıldadım...

21 iyul 2015

 





27.07.2015    çap et  çap et