525.Az

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi


 

Çin - qədim sivilizasiya və müasir möcüzələr ölkəsi<b style="color:red"></b>

(Əvvəli ötən cümə sayımızda)

Öz əhəmiyyətinə görə ikinci dənli bitki olan buğda, Çində VI-VII əsrlərdən yayılmağa başlanmışdır. Payızlıq buğda əsasən Böyük Çin düzənliyində yayılmışdır, yazlıq taxıl isə daha çox şimali-şərqi Çində becərilir. Cənubi və mərkəzi rayonların çoxunda buğda payızlıq bitki kimi istifadə olunur. Böyük Çin düzənliyindəki buğda rayonları bəzən yaz şaxtalarından ziyan çəkir. Buğda tarlası üçün erkən və isti yazda şaxta vurması xüsusilə qorxuludur. Yaz quraqlığı ilə üst-üstə düşən şaxta vurması daha böyük təhlükədən xəbər verir. Vaxtında aparılan suvarma və ya şaxta vurmasından sonra yağan yağış adətən bitkinin inkişafını bərpa edir və dəyən ziyanın azalmasına səbəb olur.

Digər dənli bitkilər isə qarğıdalı, qaolyan, darı, arpa və qarabaşaqdır. Qarğıdalı Çində ilk dəfə XVI əsrdə becərilməyə başlamışdır, axı bu bitki Avropaya da Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra gətirilmişdi. Çində onun tez yetişən sortları seleksiya edilmişdir ki, bu da dağ rayonlarında nisbətən qısa vegetasiya müddətində məhsul yetişdirməyə, vegetasiya dövrü uzun olan regionlarda isə ildə iki məhsul və ya iki ildə üç məhsul götürməyə imkan vermişdir. Qarğıdalı çinlilər tərəfindən qida üçün, mal-qara yemi və müxtəlif sənaye sahələri üçün xammal kimi istifadə edilir.

Qaolyan barədə Çin yazılı mənbələrində VI əsrdən rast gəlinir. Bu bitki əvvəlcə cənubi-şərqdə becərilsə də, sonralar Böyük Çin düzənliyində geniş yayılmağa başlamışdır. Bunun səbəbi qaolyanın quraqlığa çox davamlı olması, torpağın münbitliyinə tələbkar olmaması və quraqlıq ərazilər üçün daha mühüm cəhət kimi duza, şorana davamlı olmasıdır. Qaolyan dəni qida kimi və spirtli içkilər üçün xammal kimi istifadə olunur. İri gövdəsi meşəsiz düzənlik rayonlarda yanacaq, tikinti materialı və kağız sənayesi üçün xammal kimi istifadə edilir.

Darı və çumiza (Çin darısı) da qaolyan kimi torpağa tələbkar olmayan bitkidir. Tez yetişən arpa əsasən dağlıq rayonlarda becərilir. Arpanın xüsusi növü olan tsinke Tibetdə başlıca dənli bitki hesab olunur, dəniz səviyyəsindən 4200 metr hündürlüyə qədər olan torpaqlarda becərilir. Həmin yüksəkliklərdə yağıntının miqdarı da çox azdır, hətta səhralarla müqayisə edilə bilər. Çin dünyanın ən çox batat yetişdirən ölkəsidir. Batatın meyvə kökü kraxmal və şəkərlə çox zəngindir. Bu bitkini, demək olar ki, hər yerdə becərirlər.

Çin pambığın, soyanın, araxis və tütünün iri istehsalçısıdır. Əsas pambıq rayonları Huan Ho və Yantszı çaylarının hövzələrində yerləşir. Qədimdən Böyük Çin düzənliyində pambığı suvarmasız becərirdilər. Bu isə havasının dəyişkən olması hesabına çox vaxt pambığın keyfiyyətinə mənfi təsir edirdi. Kəndlilər pambıq əkinlərini quraqlıqdan qorumaq üçün onları quyulardan çəkilən su ilə suvarırdılar, lakin bu, heç də həmişə kömək etmirdi, çünki pambıq bitkisi başqa bitkilərdən, məsələn, payızlıq buğdadan çox su tələb edir.

Çində əsas qida piyi mənbəyi kimi çox müxtəlif yağ verən bitkilər yayılmışdır. Onlardan başlıcaları araxis, raps, küncüt, soyadır. Yantszı hövzəsində hər yerdə becərilən raps yeganə yağ verən bitkidir ki, qış vaxtı yetişdirilir. Soya əkini sahələri isə taxıl istehsalını artırmaq vəzifəsi sayəsində xeyli azalmışdır. Ölkədə həm də şəkər çuğunduru ilə yanaşı, şəkərə olan tələbat ancaq Avstraliya və Braziliyadan gətirilən məhsul hesabına ödənilir.

Çay Çin ədəbiyyatında ilk dəfə IV əsrdən xatırlanır, həmin vaxt ondan dərman kimi istifadə edirdilər. VI əsrdən isə çay adi içkiyə çevrildi. Lakin hələ çox vaxt Çin və çoxlu Avropa təbibləri çayı bütün xəstəliklərin dərmanı - panatseya hesab etdiklərindən onu xəstələrə yazırdılar. Çay bitkisi torpağa tələbkar deyildir, qısamüddətli şaxtaya da dözə bilir, lakin çox miqdarda yağıntıya möhtacdır. Onu şərqi dəniz kənarının, Yantszı və Yunnanın hövzələrinin təpəlik yerlərində becərirlər. Çində yaşıl çayın çoxlu sortları mövcuddur. Bəzilərinə xoş iy vermək üçün onlara jasmin ləçəyi qatırlar. Qara və ya çinlilərin onu adlandırdıqları kimi “qırmızı” çay demək olar ki, yalnız ixrac üçündür.

Çinin, Haynan adası da daxil olmaqla, uzaq cənubu ölkədə ən uzun vegetasiya dövrü ilə fərqlənir, burada bitkilər bütün il boyu inkişaf edir. Bütün il ərzində yüksək temperatur və böyük miqdardakı yağıntılar bir sıra qiymətli tropik və subtropik bitkiləri becərməyə imkan verir, onlara heveya, kokos və yağ verən palmalar, kofe ağacı, ananaslar daxildir.

Çində tarixən heyvandarlığın, təsərrüfat üslubu, sürünün tərkibi və yayılma arealına görə iki tipi mövcud olmuşdur. Onlardan birincisi əkinçiliklə sıx bağlıdır və köməkçi xarakter daşıyır. Əsasən çinli əhalisi olan şərqi düzənlik rayonlarda daha çox donuzçuluqla, qoşqu üçün iri buynuzlu qaramal yetişdirməklə, həmçinin quşçuluqla məşğul olurlar. Ərazinin yüksək əkin səviyyəsinə görə və otarmaq üçün sahələr, çəmənlik və otaqlar məhdud olduğundan ev heyvanları bütün il boyu bağlı şəraitdə saxlanılır.

Əsasən qeyri-çinli xalqların (monqolların, tibetlilərin, qazaxların, uyqurların və s.) yaşadığı qərb rayonlarına başqa tip təsərrüfat - ekstensiv köçəri və ya yarımköçəri heyvandarlıq xasdır. Həmin ərazilərdə qoyunçuluq, ət-süd novu olan iribuynuzlu mal-qara yetişdirilməsi və atçılıq yayılmışdır.

Donuzçuluq Çində hələ bizim eradan əvvəl mövcud idi. Donuzların sayına görə Çin dünyada ən qabaqcıl yerlərdən birini tutur. Bu sahə böyük iqtisadi əhəmiyyətə malikdir, donuz əti çinlilər tərəfindən istehlak edilən ət məhsulunun əsas hissəsini təşkil edir, donuz tükü və içalatı isə ixrac maddəsi hesab olunur. Bundan başqa, donuz peyini bitkiçilikdə üzvi gübrə kimi istifadə olunur.

Çox əsrlər ərzində süni seçmə, seleksiya bir sıra qiymətli donuz cinslərinin yetişdirilməsinə səbəb olmuşdur ki, bu cinslər ölkə sərhədlərindən kənarda da geniş yayılır. Quandun donuzlarından İngiltərədə məşhur Yorkşir cinsini meydana gətirmək üçün istifadə olunmuşdur.

Çin torpaqçılığında əsas qoşqu vasitəsi iri buynuzlu mal-qaradır, onu hər yerdə saxlayırlar, lakin ölkənin şimal hissəsində onlar daha çoxdur. Bir qayda olaraq xırda, kiçik boylu, lakin tələbkar olmayan və dözümlü heyvanlar müstəsna olaraq sahələrin becərilməsi və yüklərin daşınması üçün istifadə olunur. Düyüçülük rayonlarında su basmış sahələrin becərilməsi üçün böyük əzələ enerjisi tələb olunduğundan, bu iş camışların köməyi ilə görülür. Şimal rayonlarında çöl işlərində həmçinin qatır və eşşəklərdən istifadə olunur. Qədim zamanlarda Çində heyvandarlığın mühüm sahəsi atçılıq idi. Hətta Çinin ilk imperatoru Tsin Şi Huandinin əcdadlarının yaxşı cins at bəsləməklə məşğul olduqları güman edilir. At yük daşımaq üçün, sonralar isə tarla işlərini görmək üçün istifadə olunurdu.

Çinin şərq hissəsində quşçuluq geniş yayılmışdır. Çin kəndliləri çox sayda qiymətli quş növləri yetişdirmişlər, onlar ölkənin sərhədlərindən kənarda da yaxşı tanınırlar. Ağ Pekin ördəyini və bir yerli toyuq cinsini hələ XIX əsrin ikinci yarısından ABŞ, İngiltərə, Almaniya və Yaponiyada yetişdirməyə başlamışdılar.

Çin Yaponiya və ABŞ-la birlikdə molyuskların və xərçəngəbənzərlərin dünyadakı ovunun böyük hissəsini verir. Balıq və dəniz məhsulları ovuna görə Çin dünyada üçüncü yeri tutur. Dəniz akvakulturasına da böyük diqqət verilir. Çin ərazisini əhatə edən dənizlərdə 1 mindən artıq balıq növü vardır, onlardan ov əhəmiyyətinə yalnız 50-dən az növ malikdir. Dəniz məhsullarının əsas hissəsini Sarı dəniz və Şərqi-Çin dənizi verir. Bir az əvvəllər onlar yer kürəsinin ən məhsuldar dənizləri hesab olunurdu. Şirin sudakı balıqların isə Çində 500-dən çox növü vardır, onlardan yalnız 20-30 növ ov əhəmiyyətinə malikdir. Balıq ovunun 45 hissəsini karp ailəsinə məxsus olanlar təşkil edir. Hələ qədimdən Çində düyü tarlalarında balıq becərilməsi tətbiq edilirdi. Bu balıqlar (əsasən ağ amur və qalınalınlı balıq növləri) demək olar ki, yedizdirilmir, onlar qida axtarışında torpağı yumşaldır və bu yolla hava mübadiləsinə kömək edir, düyünün zərərvericilərini, bəzi növlər isə bitən alaqları yeməklə məhv edirlər.

Çinin rayonlarının çoxunun sakinlərinə uzun keçmişə gedib çıxan süni meşə salmaq ənənələri və adətləri xasdır. Meşə ehtiyatlarının məhdudluğu, həm də torpağın eroziyası və sovrulması, qumların irəliləməsi və ölkənin şimal rayonlarında tez-tez baş verən quraqlıqlar mövcud meşə fondunun qayğı ilə qorunması və müntəzəm olaraq meşə salma işlərini zəruri edir. Xalq bunun vacibliyini olduqca çoxdan anlamışdır. Mərkəzi və cənub rayonlarının kəndliləri qiymətli ağac növlərinin əkilməsi sahəsində böyük təcrübəyə malikdirlər. Kunninqaliya ağacının becərilməsi dağ yerlərində kəndlilərin gəlirinin əhəmiyyətli hissəsini əmələ gətirir, bu ağac çox tez böyüyür, 25-30 ildə artıq kəsilməyə yararlı olur. Onun suya, çürüməyə davamlı olan ağac materialı inşaat və bəzək əşyaları düzəltmək üçün istifadə edilir. Yantszı çayının orta və aşağı axınındakı yerli şam ağacı dəmir yollarının şpallarının hazırlanması üçün, kağız və tikinti materialı kimi istifadə olunur. Yantszıdan cənuba bambuk xüsusən mühüm yer tutur.

Sənaye

ÇXR respublikasının mövcudluğunun 65 ili ərzində ölkənin sənayesi nəinki xeyli inkişaf etmişdir, son 30 ildə isə bu vaxtilə geridə qalmış diyar əsl sənaye nəhənginə çevrilmişdir. Keçən əsrin 80-ci illərinin başlanğıcına ağır sənaye məhsullarının istehsalının dəyəri 1949-cu illə müqayisədə 90 dəfə, yüngül sənayeninki isə 20 dəfə artmışdı. 2014-cü ilin göstəricilərini ÇXR-nin ilk illərinin göstəriciləri ilə müqayisə etməyə isə, onlar əslində müqayisəedilməz olduğundan ehtiyac da yoxdur.

Çinin yanacaq balansının əsasını daş kömür təşkil edir, onun payına istehlak edilən enerji resurslarının əhəmiyyətli hissəsi düşür. Əhəmiyyətinə görə ikinci enerji mənbəyi neftdir. Ölkə neftə olan ehtiyacının 23-nə qədərini öz istehsalı hesabına ödəyir. Lakin Çinin bir paradoksal xüsusiyyəti də ondan ibarətdir ki, neft idxalı, ölkənin öz yataqlarında istifadə ediləndən ucuz başa gəlir. Bəzi neft məhsulları istehsalının dəyəri idxal edilənlərdən 50% yüksəkdir. Ancaq burada digər enerji növlərinə də böyük diqqət verilir. 2010-cu ildə Çin güclü külək generatorlarının qoyulmasına görə ABŞ-ı ötüb, dünya liderinə çevrildi.

Çində öz əsaslı tikintisinə gedən sement istehsalı da ABŞ-dan dəfələrlə irəlidədir. Çin həm də ABŞ-ı əvəz edərək, tikilmiş və tikilməkdə olan göydələn binaların sayına görə birinci yerə keçmişdir. Çanşa şəhərində hündürlüyü 838 m. olan, 220 mərtəbəli “Səma şəhəri” adlanan göydələn inşa edilir ki, bu da Dubaydakı “Bürc əl-Xəlifə”ni də ötüb keçəcəkdir.

ÇXR olduqca sürətli templə texnologiya sferasını inkişaf etdirir və qeydə alınmış patentlərin miqdarına görə ABŞ-ı xeyli qabaqlayır. Səmaaltı ölkəsində istehsal edilən mallar faktiki olaraq dünya bazarını doldurmuşdur.

Çin iqtisadiyyatının uğuru onun islahatlara və innovasiyalara istiqamətlənməsidir, onlar bütövlükdə dünya iqtisadiyyatının yenidən qurulması üçün də zəruridir. Çin bürokratiyası bazar iqtisadiyyatının bir hissəsidir, çünki bu, iş adamlarının fəaliyyətini xeyli asanlaşdırır.

ÇXR-in iqtisadiyyatı son üç onillikdə daim və sürətlə artır, ona heç bir dünya böhranı da təsir göstərə bilmir. XXI əsrin başlanğıcında Çin sənaye məhsulunun istehsalına görə, həm də kosmik tədqiqatlara və nüvə silahına malik olan dövlət kimi dünyanın fövqəldövlətinə çevrilmişdir.

Çin öz təhsil sistemini inkişaf etdirmək qayğısına qalır, xaricdə (xüsusən ABŞ-da və Yaponiyada) çoxlu tələbələr oxutdurur, texnologiya idxalına hər cür həvəs göstərir.

(Ardı var)

 





27.07.2015    çap et  çap et