525.Az

“Siz unudulmamısınız...”


 

MƏTBUAT TARİXİMİZDƏN BƏHS EDƏN DƏYƏRLİ NƏŞR

“Siz unudulmamısınız...”<b style="color:red"></b>

Milli mətbuatımızın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin az bir vaxtda ərsəyə gətirdiyi kitabdan ötən həftə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə xəbərdar olsam da toplu ilə asudəlikdə yaxından tanış oldum. Daha doğrusu, AJM-nin bu günə qədərki fəaliyyəti - təşəbbüsləri, gördüyü işlər barədə böyük təsəvvürüm yarandı. Məramı, məqsədi aydın olan bu kitab-toplunun dolğunluğu təkcə ideyanın yeniliyi ilə deyil, həm də mənəvi-əxlaqi dəyərlərin, cəmiyyət həyatında böyük anlamda yerinin və rolunun görünməsi ilə də maraq doğurdu.

26 noyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ikinci dəfə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində ölkə başçısı sahənin bir çox problemlərinə həssaslıq göstərərək jurnalist təşkilatları rəhbərlərinın təkliflərini də dinləmişdir. Prezident bu sırada AJM-nin də qayğılarına diqqət yetirmiş, az sonra onun səmərəli fəaliyyət göstərməsinə dövlət qayğısı ilə təkan vermişdir. AJM-nin sədri qeyd edir ki, bu qayğının qurumun işində normal, səmərəli fəaliyyət göstərmələrinə böyük təsiri olmuşdur. Bu gün belə bir məsuliyyətlə, can yanğısı ilə görülən işin uğuru, ilk növbədə ideyanın, təşəbbüsün həyata keçməsi münbit şəraitin nəticəsində mümkün olmuşdur. Yəni bunlar ilkin olaraq AJM-in fəaliyyətinə təkan olan qayğının, isti yanaşmanın nəticəsində meydana gəlmişdir. AJM-nin fəaliyyətinə belə bir təkan qeyd olunduğu kimi qüdrətli, güclü əldən, dövlətdən gəldi. Axı, hər bir işin özünü doğrultmasına, uğurlar qazanmasına stimul olacaq bir təkan gərəkdi. Elə “Təkan nöqtəsi”ndən vüsət alaraq sahənin həyatında mühüm əhəmiyyət kəsb edən ciddi fəaliyyət proqramının uğurla həyata keçirilməsi qurumun işgüzarlığını göz önündə canlandırır. “Tarixi görüşün əks-sədası”nda həmin unudulmaz görüşün ətrafında aparılan müzakirələr işıqlandırılıb. Bu əks-sədadan start götürən əməli fəaliyyət də məqsədə açar oldu. Kitabın “Azərbaycan Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edilmişdir” mərasimi ilə açılması  qurumun fəaliyyəti yoluna saçılan bir işıq timsalındadır. Bu, dövlətin milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğının parlaq əksi idi.

 Kitabda bütün mətnləri, fotoları nəzərdən keçirəndə gördüm ki, “Siz unudulmamısınız...” AJM-nin fəaliyyətini bir barometr kimi göstərə bilmişdir. Sözün ziyası hər zaman jurnalistikamızın inkişafına öz təsirini göstərir. Bunun özünə də böyük təkan olan söz azadlığının kəsb etdiyi böyük məna zaman-zaman daha parlaq şəkildə özünü ifadə edir. Əlbəttə, buna ilkin şərait yaradan da 1998-ci ildə ümummilli lider Heydər Əliyevin mətbuatın üzərindən senzuranı götürməsi oldu.

Burda xatırlatmaq istərdim ki, Ahıl Jurnalistlər Məclisinin 5 illik fəaliyyəti dövründə gördüyü işlərin - unudulmaz görüşlərin maraqlı tədbirlərin mənəvi-əxlaqi dəyərlərə söykənməsi milli mətbuatımızın inkişafı prosesinə özünün yeni forma və məzmunda təsirinin göstəricisidir. Görülən işlərin toplu halında sistemləşdirilərək 140 illiyə töhfə kimi hazırlanması, həm də ilk təşəbbüs olduğu üçün də yadda qalır. Təbii ki, fəaliyyətin sonrakı mərhələləri bir-birindən maraqlı ideyaların da gerçəkləşdiyindən xəbər verir. Bu fəaliyyət rəngarəng, məqsədə müvafiq olduğu qədər də böyük həssaslıq, qayğıkeşlik, qədirkeşliklə ifadə olunur. Onu da deməliyik ki, az bir zamanda AJM-nin ölkədə fəaliyyət göstərən mətbuat qurumlarının axınına qoşularaq özünün təşəbbüs və ideyaları ilə sahənin fəaliyyətinə qazandırdığı dəyərlər ürəkaçandır.  Elə kitaba özünəxaslıq verən xüsusiyyətlərdən başlıcası da budur.

Təbii ki, kitabda 5 yaşlı AJM-nin fəaliyyəti - stukturu, məramı, fəaliyyət obyektləri haqqında məlumat verilməsi, görülən işlərin təqdim olunması, mətbuatda işıqlandırılması, bütün bunları ictimaiyyətə açıqlamaq fikrindən qaynaqlanmışdır. Yəni ahıl jurnalistlərin taleyini, cəmiyyət həyatındakı çalışmalarını diqqətdə saxlayan AJM öz işini məhz bu prinsiplər əsasında qurur. Bunun da tarixilik baxımından yaşarlığı, gənc nəslə ötürülməsi mənəvi-əxlaqi dəyərlərə bağlılığın ən gözəl nümunəsidir. Bu gün bu genişəhatəli fəaliyyətin topluda öz əksini tapması bizi razı salır.

“Siz unudulmamısınız...”ın özü yeni ideya istiqamətində görülən işlərin bir növ hesabatı kimi də qəbul ediləndir. Kitabın mətnlər, fotolarla müşayiət olunan ideya məzmunu 8 bölmədə özünəxas adlar altında əks olunub. “Təkan nöqtəsi”ndən başlanğıc alan əsər, “Tarixi görüşlərin əks-sədası”nı, “5 yaşlı... AJM”in özünün strukturunu, fəaliyyət proqramını həmkarları qarşısında açıqlayarkən “Görülən işlər yadigardır” fikrini quruca sözlə yox, tarixilik, mənəvi-əxlaqi meyarlar baxımından mətnlərin müşayiət etdiyi fotolarla təqdim edir; onun bu işgüzarlığa öz münasibətini bildirən söz-fikir adamlarının “AJM haqqında rəylər”ini, ardınca jurnalistikamızın patriarxları olan insanlar haqqında peşəkarlıqla yazılmış məqalələrini, ictimai xarakterli yaradıcılıq nümunələrini unudulmamaqdan yana “Yaddaşlardan-yaddaşlara” ötürməsi, görülən işləri, mühüm əhəmiyyət kəsb edən tədbirləri “Foto-kameranın gözü ilə” hafizəmizə naxışlaması, orta və yuxarı yaşlı nəslin jurnalistlərini “Tanışlıq” məqsədilə ictimaiyyətə təqdim etməsı - kitabın ideya yükü məhz bu bölmələrdə ifadə olunmuşdur. Toplunun əsas qayəsini ifadə edən fikirləri cəmiyyətə bir çağırış kimi də qəbul etmək olar. Yəni bu fəaliyyətin əhatə etdiyi sahələr elə ictimai həyatımızın özündə böyük marağa, rezonansa səbəb olur. “Ən əsası isə yaşlı jurnalistlərimizi “hərəkətə gətirmək”, vaxtaşırı tədbirlərə qoşmaqla ictimaiyyətə yaxınlaşdırmaq... bir sözlə, milli jurnalistikamızın inkişafı üçün faydalı ola biləcək “ahıl+cavan” tandeminə nail olmağın yollarını axtarmaq” (Y.Kərimov) təbii ki, hər bir insanı duyğulandıran, onlarda xoş hisslər doğuran bir məsələdir. Bu addımların daşıdığı məna, məqsəd aydındır: Kitab bəyan edir ki, dünyasını dəyişənlər, qocalıqda ömür sürənlər, səhhətində yaranan problemlərə görə ictimai həyatdan ayrılanlar, tədbirlərə qoşula bilməyənlər, bu gün yaradıcılıqlarına rəğmən gənclik şövqü ilə göz önündə olanlar - mətbuatın təəssübkeşləri, Siz unudulmamısınız, heç vaxt da unudulmayacaqsınız. Azərbaycan mətbuatındakı cəsarətli çalışmalarınız sizi hər zaman xatırladacaqdır. 

Düşünürəm ki, bu məqamda “Siz unudulmamısınız...” kitabının araya-ərsəyə gətirilməsində zəhməti keçən, əziyyətini çəkən insanların - jurnalistikamızın yükünü daşıyan peşəkarların adlarını səsləndirmək yerinə düşər. Kitabın məsləhətçisi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, tərtibçi müəlliflər: Əməkdar jurnalistlər Yusif Kərimov, Tahir Aydınoğlu, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə, foto-müsabiqələr laureatı Rafiq Salmanovdur. İnanırıq ki, kitabla tanış olan hər kəs də bu insanların birgə və səmərəli, fəaliyyətlərindən, hər birinin özünəxas işgüzarlığından razı qalacaqdır.

Açığı, mən bu kitabı heç də tərtibçilərin toplusu yox, həmmüəlliflərin zəhməti kimi qarşıladım. Yüksək peşəkarlığa, təcrübəyə malik olan bu jurnalistlərin hər birinin müəlliflik hüququnu tərtibçi zəhmətindən öndə qəbul etdim. Yəni onlar bu işə hədsiz sevgiylə yanaşmaqla, böyük bir zaman tarixində çətinliklərdən, təqiblərdən, enişli-yoxuşlu yollardan, 140 illik bir zamandan keçib gələn Azərbaycan mətbuatı tarixinin yeni bir səhifəsini yazmış oldular. Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri kimi, kitabın yaradıcılıq yükü, ideya istiqaməti, məsuliyyəti böyük həcmdə heç şübhəsiz, Yusif Kərimovun  üzərinə düşüb. Onun “Yaddaşlardan-yaddaşlara” bölməsində yer alan çoxlu sayda məqalələri, tədbilərdə sözü, fikri ilə görünməsi, bütün materialları sərf-nəzər etməsi kitabın müəlliflərindən birincisi olduğunu göstərir. Y.Kərimov mətbuat fəaliyyəti bir məktəb olan, jurnalistikamızın yükünü şərəflə daşıyan və bu sırada bir çox keyfiyyətlərə maik olan peşəkarların həyat yoluna yaxından bələd olub, çoxları ilə bir kollektivdə çalışıb. Bu tanışlıq, həmin insanların mənəvi keyfiyyətlərinə yaxınlıq müəllifi müxtəlif vaxtlarda  onlar haqqında sadəcə, söz deməyə sövq etməyib, həm də yaradıcılıqlarını, fəaliyyət prinsiplərini tarixiləşdirməyi özünün vətəndaşlıq borcu bilmişdir. Gələcək həmkarlarının bu peşəkarların təcrübəsindən bəhrələnməsindən ötrü belə dəyərli yazıları topluya daxil etmişdir. “O, məktəb idi, biz məktəbli”, dediyi, uzun illər bir yerdə çalışdığı Nəsir İmanquliyev, mətbuat tarixinin tədqiqatçılarından Nəriman Zeynalov, mətbuatda səmərəli fəaliyyəti “Şöhrət” ordeni ilə qiymətləndirilmiş Şamil Şahməmmədov, az ömürlü həyat yaşayan istedadlı jurnalist Qubad Süleymanov, Şamil Xurşud, Şəddad Cəfərov... haqqında yazıların AJM-nin ilk təşəbbüsünün bəhrəsi olan bu kitab-topluda yeri məqsədəmüvafiqdir. Həm də nəzərə almalıyıq ki, onların haqqında ilk yazılar da Y.Kərimovun qələmindən pərvazlanıb.

AJM-nin sədr müavini, mətbuat tariximizə milli oyanış dövrünün “Səhər”ini bəxş edən Məzahir Süleymanzadənin bütün tədbirlərdə sözü, ictimai fikirləri ilə jurnalistikamıza xidmətinin əksi olan zəhməti, eləcə də  adı çəkilən qurumun icraçı katibi Tahir Aydınoğlunun bir çox müəllif yazılarının, AJM-nin keçirdiyi tədbirlərlərdən hazırladığı və mətbuatda işıqlandırdığı mətnlərin topluda yer alması onların hər üçünün kitabda müəlliflik haqqını ortaya qoyur.

Topluda tanınmış imza sahiblərindən Əlövsət Bəşirov, Şakir Yaqubov, Qulu Məhərrəmli, Əlpənah Bayramov, Flora Sadıqlı, Dilarə Vəkilova, Taleh Həmid, İlyas Adıgözəlov... kimi qələm sahiblərinin mətbu yazıları maraqlı olduğu qədər də ibrətamiz həyat detalları ilə zəngindir.

AJM-nin gördüyü işlərin həcmi, növləri, adları, çeşidi o qədər zəngindir ki... Vaxtaşırı ictimai mövzularda keçirilən seminarlar, “Dəyirmi masa”larda  cəmiyyət üçün aktual olan bir çox mövzularda (“Ənənə və müasirlik”, “Qarabağ həqiqətlərinin mətbuatda işıqlandırılması”...) aparılan müzakirələr də maarifçiliyin yeni ənənələr, dəyərlər zəminində inkişafını göstərir. Bütün bunlar görülən işlərin  yaddaşlarda közərən xatirələrini canlandırır.

“Görülən işlər yadigardır” bölməsində yaşlılara, səhhətində yaranmış problemlərə görə ictimai həyatdan uzaqlaşan insanlara - jurnalistikamızın inkişafında əməyi olan veteranlara qayğısı, AJM-nin bu istiqamətdə də söz sahiblərinə humanistcəsinə yanaşmasının, qədirdanlığının nümunəsi kimi bizi duyğulandırır. Həyatda olmayan jurnalistlərindən Qubad Süleymanovun, Sona Bağırovanın, Ağababa Rzayevin, Nəriman Zeynalovun, Rəfail Nağıyevin, Məmmədəli Nasirin anım günlərinin qeyd olunması, xatirələrdə həmişəyaşarlığın, unudulmazlığın göstəricisi kimi dəyərləndirilməlidir. Elə “Foto-kameranın gözü ilə” yaddaşa köçürülən tədbirlər də görülən işlərin fonunda bizə AJM-nin işgüzar fəaliyyətini təqdim edir. Onlar hansı mövzulara toxunmayıblar! Azərbaycan mətbuatına yeni dəyərlər qazandıran, çoxlu sayda unudulmaz görüşlər, tədbirlər... Belə ardıcıl, işgüzar fəaliyyət prosesində şəhid jurnalistlərin məzarlarının üstünə tər çiçəklər qoyulması, ruhlarına dualar oxunması, sinninin ixtiyar çağlarında ictimai həyatdan ayrı düşənlərin mənzillərində ziyarət edilməsi, xəstələrə AJM-nin büdcəsindən ayrılan vəsaitlə köməklik göstərilməsi, yubiley tədbirləri, jurnalistlərin kitablarının təqdimatı... Bunlar “siz unudulmamısınız, heç zaman diqqətdən kənarda deyilsiniz”, fikrinin əməli təcəssümüdür.

Mən yazı boyu kitabın özəlliklərini önə çəkmək istədim. Amma o detalları ayıra, seçə bilmədim. Bəlkə də bu sahədə onun nəşrinin ilk təşəbbüs olması, AJM-nin özünün az bir vaxtda bu qədər həcmdə əhəmiyyəli olan işləri həyata keçirməsi, çoxçeşidli fəaliyyət missiyası haqq verir deyək ki, kitab bütünlükdə yeniliklərlə əhatə olunduğundan nəşrin  özü başdan-başa özəlliklər məcmusudur.

Təbii ki, zənginliklə dolu olan kitabı nəşrə hazırlamaq: mətnləri araşdırmaq, toplamaq, fotolarla işləmək və sonda yeni baxışla sərf-nəzər etmək 140 illik yubiley qarşısında kitabı ərsəyə gətirmək, onu əlamətdar günə çatdırmaq - bu qədər qayğı hansısa bölmədə bir boşluğun olmasını da istisna etmir. Qeyd etdiyimiz kimi, qısa bir zamanda ölkədə fəaliyyət göstərmiş və hazırda çalışan mətbuat nümayəndələrinin bu kitabda bütövlükdə əhatə olunmaması gərgin iş rejiminin ucbatından olduğu üçün “Tanışlıq”ın bir qədər natamam təsir bağışlamasını böyük qüsur saymağa da haqqımız yoxdur. Həm də ona görə ki, əvvəldə adını çəkdiyimiz tədbirdə KİVDF-in icraçı direktoru V.Səfərli, MŞ-nın sədri A.Amaşov və AJM-nın sədri Y.Kərimov çıxışlarında bildirdilər ki, yaxın zamanlarda bütün jurnalistlər haqqında ətraflı məlumatlar bir ensiklopedik kitabda nəşr olunacaqdır. Bir sözlə, “Tanışlıq” özünü tamlığı ilə doğruldacaqdır.

...Mən bu kitabda işıq gördüm. Münəvvər insanların zəhmətinə, sözünə, əməli fəaliyyətinə qədirdanlıq ziyasının saçıldığına şahid oldum. Həmin anlarda düşündüm ki, bəzən biz sadəcə xoşumuza gələn çox kitablara asanca abidə adını veririk. Əslində isə ədəbiyyatın, mədəniyyətin və mətbuatın keçib-gəldiyi yola nəzər salan, klassik ənənələrə söykənərək bu sahəyə yeni dəyərlər qazandıra bilən kitablara salnamə, abidə demək yerinə düşər. Elə “Siz unudulmamısınız...” kitabı yuxarıda qeyd etdiyimiz keyfiyyətləri, mükəmməlliyi ifadə etdiyindən, eləcə də milli mətbuatımızın yaranmasının 140 illik yubileyinə dəyərli töhfə olduğundan onu mətbuat tariximizin yeni ənənələrlə inkişafı yolunda yaradılmış söz-əməl abidəsi adlandırmaq doğru olar.

 

 





27.07.2015    çap et  çap et