525.Az

Milanlı “La Donna” - Fotoreportaj


 

Milanlı “La Donna” - <b style="color:red">Fotoreportaj</b>

Milan şəhərinin Malpensa hava limanından çıxar-çıxmaz... özümü Türkiyədə hiss edirəm. Bir az qəribə və əndrəbadi fikirdi, deyilmi? Əslində, hər şey çox sadədi. Məsələ burasındadı ki, Azərbaycan heyətini qarşılamağa gələn minibusun sürücüsü türkdü. Elə mehriban salamlaması, bircə dəfə “Xoş gəldiniz” deməsi, yolboyu tərtəmiz türkcəsində şəhərdən, “Expo-2015” sərgisindən, özünün gərgin iş qrafikindən, daha nə bilim nələrdən danışması bəs edir. Bəs edir ki, Milanda olduğunun fərqinə varmayasan... 

...Görünür, ölkələr, şəhərlər, ümumiyyətlə, bütün hər yer sadəcə, insandı. Bəlkə elə bütün yeni getdiyimiz şəhərlərdə ən maraqlı görməli “abidə” də, “eksponat”da odu. O yerin havasının, suyunun, təbiətinin, tarixinin, adət-ənənələrinin yaratdığı, yetişdirdiyi, formalaşdırdığı insan. İtaliya insanını isə indiyə kimi Fellininin, Antonioninin, Tornatorenin, Ekonun, Da Vinçinin, Modelyaninin, Puçininin, Albinioninin, Verdinin,  Pavarottinin və daha neçə-neçə italyan sənətkarın sayəsində oxumuşuq, dinləmişik, izləmişik. Məhz bu adamlara görə İtaliya maraqlıdı, sirlidi, fərqlidi. Ümumilikdə dünya mədəniyyətinin, incəsənətinin, kinosunun, musiqisinin beşiyi olması bir yana, İtaliya həm də ayrı-ayrı kiçik “personajları” ilə düşündürücüdü, dərindi.

... Otelin önündə, sürücümüzün söhbətləriylə, şərhləriylə Türkiyəyə “çevirdiyi” minibusdan enincə hər şey yerini alır. Hə, indi çatdıq Milana... Otel xidmətçilərinin davranışını müşahidə edəndə ilk təəssüratım bu olur ki,  italyanlar heç yerə tələsmirlər. Nə istədiyini tam anlamaq və səni razı salmaq üçün uzun-uzadı müzakirəyə hazırdılar, öz təklif etdiyini də saatlarla (mübaliğəsiz deyirəm!) izah edə bilərlər. Ona görə elə təkcə oteldə yerləşmə xeyli vaxtımızı alır... Dinamik yaşayan, hər işi sürətlə görən bizlər üçün bir az üzücüdü. Ancaq onsuz da əsas tədbirlər, təqdimat sabahdı: Rəşad Məcidin italyanca “O” (“La Donna”) kitabının təqdimatı və şeirlərə yazılmış musiqilərdən, kompozisiyalardan ibarət konsert proqramı. Azərbaycan ədəbiyyatı və ümumiyyətlə, mədəniyyəti üçün son dərəcə əhəmiyyətli, əlamətdar olan bu hadisəni, onun məğzini tam anlatmaq çətindi. Əgər 20-25 il öncə dünya, Avropa bizlər üçün nə qədər mifik, mücərrəd, qeyri-real idisə, indi Azərbaycan şairinin şeirlərinin italyan dilinə çevrilməsi, təqdimatının keçirilməsi o qədər realdı. Hələ ötən il italyan şair-bəstəkar, Milan Universitetinin professoru Davide Qualtieri Məmməd Arazın, Fikrət Qocanın şeirlərini italyancaya çevirmişdi. Milanda Konservatoriyanın konsert salonunda Fikrət müəllimin şeirlərinə həsr olunmuş musiqi, rəqs, rəsm gecəsi keçirilmişdi. Həmçinin Azərbaycan şairlərinin italyancaya çevrilmiş şeirlərindən ibarət antalogiyanın da təqdimatı olmuşdu. Və yəqin ki, elə bu “La Donna” kitabının “təməli” də o vaxt, bir il öncə qoyulub. Cənab Qualtierinin Rəşad Məcidə “Kimsən ey doğulan?” - deyib salam verməsiylə... Fikrət müəllim qəzetimizə müsahibəsində bu məqamı belə şərh eləmişdi:

“Orada mənə bir epizod da çox gözəl təsir bağışladı. Deməli, Davide Qualtieri Rəşad Məcidlə üz-üzə gələndə onun adını yadına salmamışdan öncə, əlini Rəşad Məcidə uzadıb şeiri ilə ona müraciət etdi: “Kimsən, ey doğulan?” Hər bir yazıçı, şair Allahdan istəyir ki, onun adından əvvəl əsəri gəlsin, əsəri xatırlansın. Bu, çox incə məqamdı”.

 O cür şairanə görüşün məntiqi davamı belə olmalıydı yəqin. Davide Qualtieri Rəşad Məcidi italyancaya çevirməliydi, ingiliscə məktublarının sonunda ona azərbaycanca “qardaşım” yazmalıydı, hələ üstəlik, ona şeir də həsr etməliydi. Bu şeir “Körpü salırıq” adlanır. Burada körpü rəmzi məna daşıyır, mədəniyyətlər arasındakı körpü simvollaşdırılır. Bu mənada İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, xoreoqraf  Mais Nuriyev bu cür “körpü” hesab oluna bilər. Gerçək bir vətənpərvər olan Mais müəllim on beş ildən çoxdur ki, ailəsiylə Milanda yaşayır. Əslində, Davide Qualtieri ilə Azərbaycanı dostlaşdıran da, poeziyamızın italyan dilinə çevrilməsinə vasitəçi olan da odur. Hələ italyan qızlarına bizim milli rəqslərimizi öyrətməsini, xoreoqraf kimi sevilməsini, hörmətini demirəm. Bir sözlə, əslində Mais Nuriyev ailəsi ilə birgə Milanda balaca bir Azərbaycandı. Və bu illər ərzində həyat yoldaşı Nəzakət xanım da, özü də nə dili, nə adətlərimizi, münasibətlərə aid yazılmamış qanunlarımızı unutmayıblar. Bunu onlarla ünsiyyətdə olduğumuz üç gün ərzində dəfələrlə müşahidə etdik. Amma bütün bunlar haqqında bir azdan söz açacağam...

Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, Rəşad Məcid, Vaqif Bəhmənli, Günel Anarqızı, Xalq artisti Fikrət Verdiyev, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşir Verdiyeva, kaman ustası Elşən Mansurov və muğam ifaçısı Sevinc Sarıyeva ilə səfərə, özü də Milana getmək ayrıca mövzudu. Və bu səfərin qeyri-rəsmi məqamlarından da xeyli danışmaq, yazmaq olar. Amma qısa desəm, bu səfərimizdən ən parlaq təəssüratım o oldu ki, nə qədər pafoslu səslənsə də, bu adamları sənətə və Vətənə sevgi birləşdirir. Azərbaycan şeirinin, musiqisinin, muğamının avropalılara necə təsir etdiyini görmək hər birimizə eyni həyəcan, eyni sevinc gətirirdi. Hələ Davidenin “Xocalı” kompozisiyasına hamılıqla kövrəlməyimizi demirəm. Amma indi bütün bunlardan, tədbirlərdən aldığım təəssüratları, heyətimizin ayrı-ayrı üzvlərinin fikirlərini bölüşməzdən öncə “Expo-2015” sərgisinə ziyarətimizdən danışmaq istərdim.  

Expo ziyarəti... 

...Səmimi etiraf etmək lazımdı ki, expoya  ziyarət İsa Həbibbəylinin sayəsində baş tutdu. İsa müəllim elə Milana çatan kimi müxtəlif adamlara, təşkilatçılara zənglər edir, Expoya necə getməyi, Azərbaycan pavilyonunun yerini öyrənir. Nəhayət, lazım olan məlumatı alandan sonra əşyalarımızı oteldə qoyub çıxırıq.

Expo balaca bir dünyadı əslində. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən, Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələrinsə sadəcə, stendləri nümayiş etdirilir. Əgər Expo balaca bir dünyadısa, bizim pavilyonumuz da kiçik bir Azərbaycandı. İnternet səsvermədə ən çox bəyənilən, eyni zamanda ən çox ziyarətçisi olan pavilyonlardandı. Dördmərtəbəli pavilyonun hər mərtəbəsi haqda xeyli danışmaq olar. Mərtəbələri bir-bir gəzib baxırıq. Girişdə güzgü formasında monitor quraşdırılıb. Eynilə belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında yerləşdirilib. Bu monitorların hər ikisi bir-biri ilə əlaqədədir. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla söhbət edə bilirlər. Həmçinin Bakıdakı monitor qarşısında dayanan adam expo ziyarətçisiylə ünsiyyət qura bilər. 

Birinci mərtəbə “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar var. 2-ci mərtəbədə - “Rənglər simfoniyası”nda ölkəmizin iqlimi, landşaftı və bioloji müxtəlifliyi göstərilir. 3-cü mərtəbə “Dadlar simfoniyası” adlanır. Burada milli mətbəx və orqanik təbii qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. 4-cü mərtəbədə isə restoran fəaliyyət göstərir. Burada milli mətbəx təqdim edilir və gələnlər interaktiv vasitələrlə Azərbaycan milli yeməklərinin hazırlanma üsulu ilə tanış ola bilirlər. Monitorlarda tanınmış musiqiçilərin, jurnalistlərin, müəllimlərin, həkimlərin, hüquqşünasların foto slyadları bir-birini əvəz edir, Azərbaycanın musiqi və kinematoqrafiya inciləri,  ənənələrinə, incəsənətinə aid materiallar, müxtəlif videoçarxlar nümayiş olunur. Əcnəbilərin bütün bunlara necə maraqla tamaşa etməsi, heyrətlə izləməsi insanda qürur hissi doğurur. Bir gün öncə ölkə prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə pavilyonu ziyarət edib. Buranın əməkdaşı Marko prezidentin gəlişi haqda təəssüratlarını bölüşür, telefonuna çəkdiyi həvəskar fotoları bizə göstərir. Marko ötən gündən bayram kimi danışır; Azərbaycan bayrağının qaldırılmasından, Exponun mərkəzində musiqimizin səsləndirilməsindən, ziyarətçilərin pavilyonumuza marağından və s. Daha sonra bizi kiçik avtomobillə başqa bir neçə ölkə pavilyonlarına aparır. Bütün Exponu gəzib baxmaq sadəcə, mümkünsüzdü. Ancaq hər halda Türkiyənin, Rusiyanın, Ərəb Əmirliklərinin fərqli, möhtəşəm pavilyonlarını ötəri də olsa görə bilirik. Azərbaycan pavilyonu isə sərgi bitdikdən sonra Bakının mərkəzində qurulacaq. Və indidən əminliklə söyləmək olar ki, son illərdə sürətlə yeniləşən, müasirləşən Bakının gözəlliklərindən birinə çevriləcək.

Xocalı həqiqəti italyan dilində...   

Davide Qualtieri ilk dəfə Xocalı haqda videolara, fotolara baxandan sonra bu faciəyə şeir həsr edib. Daha sonra musiqi bəstələyib. Bu gün də Cüzeppe Verdi Konservatoriyasının zalında Rəşad Məcidin şeirlərinin təhlilindən, təqdimatından öncə italyan və Azərbaycan musiqiçilərinin birgə çıxışı təşkil edilib, burada əsas vurğu məhz Xocalı faciəsinin üzərinə qoyulub. Davide Azərbaycan və italyan musiqiləri arasındakı oxşarlıqlardan danışır. Və bunu əyani şəkildə göstərmək üçün elə yerindəcə, necə deyərlər, ekspromt şəkildə qədim italyan musiqi alətiylə ifanı və bizim muğamımızı sintez edir. Daha doğrusu Fikrət Verdiyevin, Elşən Mansurovun, Sevinc Sarıyevanın italyanlarla “duet”i alınır. Bu ilk baxışdan izaholunmaz, qəribə sintezi dinlədikcə bir daha başa düşürsən ki, əsl sənətin dili, sərhəddi olmur.

Musiqi səslənərkən səhnədə italiyalı rəssam xanım Alessandra Vahid tablolar işləyir. Muğam üçlüyünün ifası zamanı rəssam xanımın rəngləri xüsusi maraqlı gəlir mənə. Günəş çıxması zamanı səmanın rənglərini xatırladır. Bəlkə doğrudan da elə muğamımız bu rəngdədi... İtalyan tamaşaçılar musiqimizdən təsirlənirlər. Amma daha təsirli olan “Xocalı” kompozisiyasıdı. Davide Qualtieri öz yazdığı şeiri son dərəcə təsirli səslə oxuyur, Sevinc xanım ağrılı muğam parçaları səsləndirir, Fikrət Verdiyev tarda, Elşən Mansurov kamançada adamın ürəyini titrədən ifalar edirlər, italyan opera müğənnisi klassik parçalar oxuyur, rəqqasə qızla oğlan yerdə sürünür, müharibənin bütün ağrısını göstərməyə çalışırlar, rəssam xanım kətana vurduğu al-əlvan rəngləri qaralayır. Hamımız şokdayıq, elə bil Xocalını gözümüzün önünə gətiriblər... Birdən! Sanki hardansa uzaqdan Üzeyir Hacıbəylinin “Arazbarı”sı gəlir... Azərbaycan heyəti təəccüblənirik, bir-birimizə baxırıq, hardan gəlir bu musiqi?! Sevinc xanım pıçıltıyla “mənim telefonumdu” - deyir. Telefonunun zəngi imiş... Bax, məhz bu məqamda “yanlış da bir naxışdı!” - məsəli necə yerinə düşür...

Rəşad Məcid şeirləri italyan dilində...   

Davide Qualtierinin “Körpü salırıq” şeirini oxuyanda onun bu fərqli sənət yanaşmasını anlamaq üçün əsas açarı tapdım. Yaşadığı həyat, öz yazdığı kimi, hərbi xidmət, körpü salmaq, insanlara təmənnasız xidmət etmək onu “doydurub”... Bu adam real qaydalarla, yer qanunlarıyla yaşamır. Ona görə də sənətə yanaşmasında da qəribə bir nizamsızlıq, sistemsizlik var. Amma bu, ilk baxışdan belədi. Dərinində, alt qatında ağrı duran bu sintez sənətin açarını, vacib detalını tuta bilsən, hər şey aydın olur. Əslində, aydın olması lazım da deyil, bəlkə. Başlıca məqam sənətin ruha təsiridi, içini silkələməsidir ki, iki gün ardıcıl Rəşad Məcid Davide Qualtieri birliyi bunu tamaşaçılara yaşatdı.

Davide dilimizin melodikliyindən danışır, bir neçə misra söyləyir. Dinlədikcə özümüzə kənardan, yad gözlə baxmağın vacibliyini bir daha anlayıram. Eyni zamanda müasir dünya üçün keçmişə, ənənələrə sadiqliyin qüsur hesab olunduğu zamanda Davide bunu bizlərin üstünlüyü kimi şərh edir. Minillik muğamımızı, yaşı bilinməyən dilimizi qorumuşuqsa, böyük işdi. Həm də ən müxtəlif dillərin, mədəniyyətlərin təzyiqinə baxmayaraq. Görünür, artıq Avropa da müasir “atılıb-düşmə janrlarından” bezib, yorulub. Ona görə bizim poeziyamızdakı, bu dəfə Rəşad Məcidin şeirlərindəki dərinlikdən, hüzündən, ağrıdan bu qədər təsirlənirdilər. Sevinc Sarıyeva Rəşad müəllimin şeirlərindən oxuyur, daha sonra Davide şeirlərin italyanca versiyasını səsləndirir, bunlara yazdığı musiqini royalda ifa edir, gənc rəqqasə ilə oğlan emosional rəqs edirlər. Çox güman ki, peşəkarlardan ötrü bu kompozisiyalar daha aydındı, anlaşıqlıdı. Amma istənilən halda sadə tamaşaçını, dinləyicini də təsirləndirir. Davide hər cəhətdən istedadlı adamdı. Sadəcə şeirləri necə oxumasından tutmuş bəstələri, mahnılar oxuması, musiqiləri sintezinə kimi hər bir işində istedad, peşəkarlıq duyulur. Və Rəşad Məcid istedadının, poeziyasının belə fərqli təqdimatı son dərəcə fərqli, mistik təsir bağışlayır. Akademik İsa Həbibbəyli çıxış edərək Rəşad Məcidin poeziyasından, tədbirin önəmindən söz açır:

“Dünyanın incəsənət ölkəsi olan İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı təkcə şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının böyük uğurudur. Əminəm ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər. Rəşad Məcid bir ədəbi şəxsiyyət olaraq hər cəhətdən yaradıcı, orijinallığı və genişliyi ilə fərqli görünən professional bir Azərbaycan ziyalısıdır. Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, milli düşüncəsi, açıq yaradıcı təfəkkürü Rəşad Məcidin simasında ümumiləşir. Fikrimcə bu görüş və təqdimatına yığışdığımız kitab İtaliya Azərbaycan ədəbi əlaqələrinin inkişaf tarixində ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə ənənə halını alsın və ədəbi-mədəni əlaqələrimiz genişlənsin”. İsa müəllimin çıxışındakı mühüm məqam Rəşad Məcidin şeirlərinin təqdimatını “Expo-2015” sərgisində Azərbaycan pavilyonunun tərkibi kimi şərh etməsi oldu: “Dünən biz Expodakı Azərbaycan pavilyonunu ziyarət etdik, italyanların və başqa ölkələrdən  gələn ziyarətçilərin marağını gördük. Bir gün öncə prezident cənab İlham Əliyev ölkənin birinci xanımı ilə bərabər ziyarət edib sərgini. Sərgi əməkdaşlarının dünənki görüşə aid təəssüratlarını dinlədikcə qürur hissi keçirirdik. Bu gün də eyni dərəcədə fəxarət hissi duyuruq. Və məncə, Rəşad Məcid şeirlərinin, kitabının təqdimatı elə Expodakı Azərbaycan təqdimatının tərkibi, davamıdı. Müstəqillik dövrü Azərbaycan poeziyasının böyük hadisəsidir”.

Anar müəllim isə öz çıxışında mədəniyyətin ən müxtəlif xalqları birləşdirdiyini vurğuladı: “Siyasət xalqları ayırır, mədəniyyət isə əksinə, onları birləşdirir. Tarix boyu siyasətçilər millətləri ayırmağa, mədəniyyət xadimləri yaxınlaşdırmağa, birləşdirməyə çalışıblar. Bu gün biz mədəniyyətlərin uzlaşmasını gördük. Və məlum oldu ki, bizim muğamla qədim italyan musiqisi bir-biriylə uyuşur, sintez təşkil edir. Ən maraqlısı isə müxtəlif sənət növlərinin - rəssamlığın, şeirin, musiqinin sintezi idi. Mən senyor Davide Qualtieriyə həm bu günki tədbirin təşkilinə, həm də şairlərimizin, bu dəfə Rəşad Məcidin şeirlərinin tərcüməsinə, çapına görə təşəkkürümü bildirirəm”. Çıxışının sonunda isə Anar müəllim italyanları xeyli təəccübləndirdi. “Çıxışımın davamını italyanca edəcəyəm...” - deyəndə hamı maraqla gözləyirdi. Sən demə, Anar müəllim italyan dilindəki məşhur sözlərdən maraqlı bir sonluq da düşünübmüş: “Qratsia, bellissimo, feliçita, bella donna, viva poeziya, viva İtaliya...”

Palazzo Marinoda iki Davide...  

Milan Bələdiyyəsinin binasında Palazzo Marino konfrans zalında keçirilən təqdimatda son dərəcə fərqli “ansanbl” - Davide Qualtieri, Rəşad Məcid, Fikrət Verdiyev, Sevinc Sarıyeva, Elşən Mansurov sənətlərinin sintezi hər kəsi heyrətləndirmişdi. İtalyan tamaşaçıların marağı bizlərin qüruruna qarışmışdı. Rəşad Məcid şeirlərini öz dilimizdə oxuyur, Davide italyanca... İtalyan musiqiçiləri öz musiqilərini ifa edirlər, bizim trio muğam... Və bütün bunlar gözümüzün qabağında bütöv bir əsərə çevrilir.

Milan şəhər bələdiyyəsinin milli şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət məsələləri üzrə şöbəsinin müdiri Cüzeppe Landonio şeirlərlə bağlı təəssüratlarını bölüşürlər. Çıxışlardan dilimizə, mədəniyyətimizə maraq duyulur.

Və daha bir maraqlı məqam sonda baş verir. Bayaqdan bəri şeirləriylə hər kəsi təsirləndirən Rəşad Məcid həmişəki şux, orijinal, iti yumorlu Rəşad Məcidə çevrilir. Gətirdiyi hədiyyələri təşkilatçılara təqdim edir. Cüzeppe Landonioya Azərbaycan xalçası, digər iştirakçılara müxtəlif suvenirlər bağışlayır. Anar müəllim müxtəlif sənətçilərə Yazıçılar Birliyi adından təşəkkürnamələr təqdim edir, Vaqif Bəhmənli öz italyan həmkarlarına Mədəniyyət Nazirliyi, İsa Həbibbəyli Akademiya adından kitablar bağışlayırlar. Daha sonra Rəşad Məcid Davide Qualtierinin şəkli əks olunmuş xalçanı bəstəkara təqdim edir. Zalın reaksiyası son dərəcə maraqlıdı. Bununla daha bir sənətimizi - xalçaçılığı italyanlara nümayiş etdirmiş oluruq. Rəşad Məcid  özünəməxsus zarafatıyla - Sizin Davide yaxşıdı, ya bizim? - deyir... Amma bütün konsertdən, kompozisiyalardan çıxan əsas qənaət budu ki, burada “bizim-sizin” məsələsi qalmayıb. Dillərimiz, musiqilərimiz, rəqslərimiz qarışıb bir-birinə. Mais müəllimin italyan rəqqasə tələbələrinin “Tərəkəmə”ni, “İnnabı”nı o cür duyaraq, içdən oynaması buna bariz nümunədir...  

Duomo... La Skala...

Milan İtaliyanın başqa şəhərləriylə müqayisədə daha müasir şəhərdi. Roma kimi qədim, Venesiya kimi qeyri-adi, mistik deyil. Bura daha çox iqtisadi şəhərdi. Zamanın olsa dünyanın ən gözəl brend mağazalarını gəzib faydalı, həm də sərfəli alış-veriş edə bilərsən. Amma hər iki tərəfində mağazalar sıralanmış küçəylə irəliləyib meydana çıxanda birdən-birə gözün qamaşacaq. Möhtəşəmlikdən az qala nəfəsin kəsiləcək... Duomo kilsəsinin nəhəngliyi, gözəlliyi sadəcə, heyrətamizdir. Burda yalnız susmaq və düşünmək olar. Dünyada məşhur olan La Skala teatrı da Milanda yerləşir. Qarşısında isə Da Vinçinin öz tələbələri ilə bərabər heykəli qoyulub. Bütün bunlar Milanı həm tarixi, həm də müasir şəhər kimi qavramaq üçün səbəbdi.

 





27.07.2015    çap et  çap et