525.Az

Beynəlxalq yay məktəbinin iştirakçıları Qusarda və Xaçmazda - Fotoreportaj


 

Beynəlxalq yay məktəbinin iştirakçıları Qusarda və Xaçmazda - <b style="color:red">Fotoreportaj</b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən «Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş» adlı beynəlxalq yay məktəbi iyulun 26-də öz işini Qusarda davam etdirib.

Qusarda onlara yerli gənclər də qoşulublar. Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edən nümayəndə heyəti Şahdağ Turizm Kompleksinə ekskursiya ediblər. Nahardan sonra «Şahdağ» otelində «Azərbaycanda gənclər siyasəti və idman» mövzusunda mühazirə dinlənilib. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin aparıcı məsləhətçisi Anna Bayramova Azərbaycan dövlətinin gənclər siyasəti haqqında tələbələrə ətraflı məlumat verib. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin məsləhətçisi Sərraf Hüseynov bildirib ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi qayğı və diqqətdən yararlanaraq mühüm vəzifələrdə təmsil olunurlar: «Dövlətin qəbul etdiyi təhsil proqramları çərçivəsində Azərbaycan gəncləri dünyanın ən yaxşı universitetlərində təhsil alırlar.

Xaricə təhsil almaq üçün göndərilən minlərlə gənc təbii ki, Azərbaycanın öz gələcəyinə qoyduğu sərmayədir. Bundan əlavə, Azərbaycanda demək olar ki, bütün sahələrdə gənclər öz sözlərini deməkdədirlər. Azərbaycan gəncləri elm, təhsil, idman, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində mühüm nailiyyətlərə imza atıblar. İdmançılarımızın uğurlarını xüsusi qeyd etmək lazımdır. Dünyada keçirilən ən mötəbər idman yarışlarından Azərbaycan idmançıları həmişə medalla qayıdırlar. Biz onlarla fəxr edirik». Eurovision-2011 mahnı müsabiqəsinin qalibi, Bakı Slavyan Universitetinin məzunu Eldar Qasımovun yay məktəbinin iştirakçıları ilə yaddaqalan görüşü baş tutub.

Tanınmış müğənninin çıxışı və canlı ifası tələbələr tərəfindən alqışlarla qarşılanıb. Nabran Təhsil İstirahət Mərkəzinin akt zalında Rusiyanın Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Nesterov «Müqayisəli multikulturalizm» mövzusunda mühazirə oxuyub. A.Nesterov mühazirəsində Azərbaycan multikulturalizmini fərqləndirən nüansları açıqlayıb. Professor qeyd edib ki, Azərbaycanda mövcud olan multikulturalizm və siyasi multikulturalizm anlayışı əslində mədəni plüralizmdir. Alim vurğulayıb ki, müasir Avropada multikulturalizm birbaşa miqrasiya məsələləri ilə bağlıdır. A. Nesterov deyib ki, tolerantlıq yalnız qarşılıqlı olanda mümkündür, əgər bir tərəf tolerant olub, digər tərəf olmayanda onu zəif kimi qəbul edirlər. Yay məktəbinin 6-cı günü rusiyalı iştirakçıların bədii-musiqili təqdimatı ilə başa çatıb. İyulun 27-də yay məktəbinin iştirakıları Xaçmaz rayonuna səfər ediblər.

Xaçmazda Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra tələbələr rayondakı Şəxsiyyətlər parkında və Tarix-diyarşünaslıq muzeyində olublar. Tarix elmləri doktoru Həcər Verdiyeva «Qafqaz Albaniyasının tarixi» mövzusunda mühazirə oxuyub. H.Verdiyeva Alban dövləti ərazisində yaşayan çoxsaylı tayfalar haqqında məlumat verib:

« Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar, amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar, anariaklar, leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olublar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülüb, III-IV əsrlərdən başlayaraq şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlayıb. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi». Xaçmazdakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində «Avropada multikulturalizm siyasətinin problemləri» mövzusunda AMEA-nın fəlsəfə və hüquq institutunun direktoru, professor İlham Məmmədzadə, BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımzadənin moderatorluğu ilə diskussiya təşkil edilib. N. Qasımzadə qeyd edib ki, multikultural ölkə bu dəyəri təkcə özündə deyil, dünyanın başqa ölkələrində də tətbiq etməyi bacarmalıdır.

Avropada multikulturalizmin tarixinə ekskurs edən N. Qasımzadə bildiirib ki, Avropada multikulturalizmi şərtləndirən əsas amil miqrasiya prosesləridir:

«Azərbaycan multikulturalizm modelinin Avropadakından fərqi budur ki, ölkəmizdə multikulturalizm kənardangəlmə anrlayış deyil, bu, tarixən, əsrlər boyu formalaşmış dəyər, xalqımızın həyat tərzidir».

Müzakirədə tələbələrin sualları cavablandırılıb. Tədbirdən sonra Xaçmaz gəncləri yay məktəbinin iştirakçılarını çay süfrəsinə dəvət ediblər. Nabran Təhsil İstrahət Mərkəzinin akt zalında BSU-nun dosenti Lyudmila Talıbovanın təqdimatında Azərbaycan filmi -«O olmasın, bu olsun» nümayiş etdirilib. Yay məktəbinin 7-ci günü xarici tələbələrin rəqs müsabiqəsi ilə yekunlaşıb

Sevinc MÜRVƏTQIZI

 





27.07.2015    çap et  çap et