525.Az

Misir Mərdanov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb


 

Misir Mərdanov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
525.az-ın məlumatına görə, görüş zamanı M. Mərdanov Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib və qarşılıqlı münasibətlərdə təhsillə bağlı layihələrin mühüm yer tutduğunu bildirib.
Nazir Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Tempus, Erasmus-Mundus, TAİEX proqramları və Tvininq layihəsi üzrə təhsil sahəsində görülmüş işlər barədə məlumat verib. Azərbaycanın Avropa təhsil məkanına–Boloniya prosesinə qoşulduğunu vurğulayan nazir Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası baxımından mühüm addımlar atıldığını söyləyib.

F. Lefort isə Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyasını qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından yüksək dəyərləndirib. Ölkələr arasındakı əməkdaşlığın genişlənməsində təhsil sahəsinin müstəsna rolunu önə çəkən F.Lefort həll olunmamış münaqişələrdən əziyyət çəkən Cənubi Qafqazda sülh və sabitliyin təşəkkül tapması üçün təhsil əlaqələrinə önəm verməyin mümkünlüyü məsələsinə toxunub. Daha sonra görüşdə Azərbaycanla Avropa İttifaqının birgə reallaşdırdığı təhsil layihələrinin uğurları və qarşıda duran vəzifələr müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SEVİNC

 





17.09.2012    çap et  çap et