525.Az

“KİV-də qadın və uşaq problemləri” mövzusunda dəyirmi masa


 

“KİV-də qadın və uşaq problemləri” mövzusunda dəyirmi masa <b style="color:red"></b> İyulun 28-də Bakıda Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyinə həsr olunmuş “KİV-də qadın və uşaq problemləri” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə baş tutub.

AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Milli Mətbuatının keçdiyi tarixi dövrə nəzər salıb:

“Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə əsasını qoyduğu “Əkinçi” qəzeti həqiqət carçısı olub. Heydər Əliyev müstəqillik dövründə 22 iyulun Milli Mətbuat Günü kimi qeyd olunması haqda sərəncam verdi. Azərbaycanda Mətbuat Şurası fəaliyyət göstərir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu yaradıldı. Azərbaycan dövləti, ölkə başçısı hər zaman mediaya xüsusi diqqət göstərir”.

S. Qəhrəmanova bildirib ki, AQUPDK ilə media arasında əlaqələr möhkəmdir: “Bizim komitə mediaya hər zaman açıqdır. Bizim media ilə aramızda qopmaz bağlar var”.

Komitə sədrinin müavini televiziyalarda məişət zorakılığının qurbanları olan qadınlar haqda xəbərlərin yayımlanmasının yolverilməz olduğunu vurğulayıb:

“Axı o qadının övladları var. Sabah o, cəmiyyət içərisində olacaq”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev Azərbaycanda mediaya dövlət dəstəyi haqqında danışıb:
 
“Bu gün Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı dünyanın heç bir yerində mövcud deyil.

Jurnalistlərə təmənnasız ev verilir. Fürsətdən istifadə edib Milli Mətbuat Günü münasibəti ilə fəxri ad və medal alan həmkarlarımı təbrik edirəm”.

MTRŞ sədrinin müavini qeyd edib ki, gələcəkdə Azərbaycanda uşaq televiziyasının yaranması gündəmdədir:

“Biz gələcəyə nikbin baxırıq. Azərbaycanda mədəniyyət, idman kanalları fəaliyyət göstərir. Gələcəkdə dövlət hesabına uşaq televiziyasının yaradılması mümkündür”.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu mediada ailə müstəvisindəki məsələlərin daha çox neqativ formada təqdim edilməsinə irad bildirib:
 
“Azərbaycanda o qədər gözəl ailələr var ki, axı niyə mətbuat bu ailələri cəmiyyətə təqdim etmir?!”

Sonda AQUPDK ilə sıx əməkdaşlıq edən jurnalistlər təltif olunublar.
 





28.07.2015    çap et  çap et