525.Az

Qusarda inşası başa çatan ilk fərdi ev şəhid ailəsinin istifadəsinə verilib


 

Qusarda inşası başa çatan ilk fərdi ev şəhid ailəsinin istifadəsinə verilib<b style="color:red"></b> “2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanan 5 731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsini nəzərdə tutan sərəncamın icrası işləri çərçivəsində 52 rayonda 375 fərdi evin inşası da həyata keçirilib ki, onlardan inşası artıq başa çatan ilk fərdi evi bu gün Qusar rayonunda şəhid ailəsinin istifadəsinə veririk”.
 
“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun Həsənqala kəndində tikilən fərdi yaşayış evinin şəhid ailəsi Hacıyeva Səlimə Şah qızına təqdim olunması zamanı bildirib.
 
S.Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrin istifadəsinə verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzilli yaşayış binası tikilir: “Qeyd olunan insanlar üçün hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır”.
 
Nazir hazırda Qusar rayonunda daha üç fərdi evin tikildiyini diqqətə çatdırıb və bildirib ki, bu evlərin yüksək keyfiyyətli tikinti materiallarından və müasir tələblərə uyğun səviyyədə inşa olunmasına xüsusi diqqət yetirilir. Bu evlərdə ailələrin normal səviyyədə, rahat yaşaması üçün bütün lazımi şərait yaradılıb.
 
“Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18 784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər, Azərbaycan prezidentinin aylıq təqaüdləri ilə təmin olunurlar ki, onların 12 289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği dövlət başçısının fərmanına əsasən 50%-ə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də prezidentin aylıq təqaüdü ödənilir ki, həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb. Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları haqqında” Qanunla isə əmək pensiyası təyin edilən şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85%-i məbləğində əlavə hesablanır”, - deyə S.Müslümov bildirib.
 





28.07.2015    çap et  çap et